Son vaxtlar "Açıq Cəmiyyət Partiyası"nın ciddi böhran içərisində olması ilə bağlı məlumatlar yayılmaqdadır. Partiya funksionerlərindən Ceyhun Əkbərov, Samir Göyüşov, Ramilə Hümbətova "Səs"ə verdikləri açıqlamasında bildiriblər ki, bir ilə yaxın müddətdə partiyanın mərkəzi strukturlarının toplanmaması "ACP"-nin siyasi partiya kimi fəaliyyətini arxa plana keçirib. Partiyanın fəaliyyətsizliyi ilə bağlı deyilənlərin tam doğru olduğunu deyən funksionerlər razılaşmır. Funksionerlərin sözlərinə görə, ölkədə ciddi siyasi proseslər baş vermədiyindən "ACP"-nin mərkəzi strukturlarının toplantısı keçirilmir.
Qarşıdakı bələdiyyə seçkilərinə hazırlıq məsələsinə toxunan "ACP" liderinin müşaviri Z.Dünyamalıyeva ACP-nin seçkiyə hazır olmadığını bildirib: "Bu gün bu passivliyi ört-basdır edən partiyanın sədr müavini Nizami Məmmədovun fikirləri tamam yanılışdır. O bildirir ki, guya ölkədə hələ ki, seçki keçirilmir. Görünür, N.Məmmədov bələdiyyə seçkilərinin bu il keçiriləcəyindən xəbərsizdir. Bir də seçki başlayanda hazırlaşmaq lazım gəlir? Elə bədbəxtçiliyimiz də, bundadır ki, iş-işdən keçəndən sonra əl-əyağa düşürük".
Partiya funksionerlərindən C.Əkbərov, S.Göyüşov, R.Hümbətova da radikal düşərgənin, o cümlədən, "ACP"-nin də seçki ərəfəsi siyasi gündəmdə qalmaq üçün mitinqlər, piketlər keçirmək və müəyyən bəyanatlar verməklə məşğul olduqlarını dedilər. Nəticəsi isə, biabırçı uğursuzluq olub: "Bu cür səviyyədə fəaliyyət göstərmək anormallıqdır. Radikallar beynəlxalq aləmdə qəbul edilən sivil qaydalara riayət etsələr, daha yaxşı olar. Qaldı ki, bir ilə yaxın müddətdə hər hansı bir partiyanın mərkəzi strukturlarının toplanmaması ciddi siyasi fəaliyyətlə məşğul olan partiya üçün normal hal deyil. Bir də, Akif Şahbazovun ilk gündən partiya sədri olmasını funksionerlərin çoxu qəbul etmir. Bu gün A.Şahbazov siyasətdə deyil, kənddə, belə demək mümkünsə, heyvanlara "sədrlik" edir. Elə buna görədir ki, partiyada bir anormallıq yaranıb".