Müxalifət düşərgəsində diqqətçəkən olaylardan biri də, özünü "klassiklər" adlandıran tərəfdə baş verir. AXC-nin parçalanmasından sonra özlərinə bu cür ad vermiş köhə cəbhəçilər, indi də özləri bir-birinə qənim kəsiliblər. Uzun zaman "Klassik Azərbaycan Xalq Cəbhəsi" nəzdində fəaliyyət göstərən "Demokratiya Uğrunda İttifaq" indi partiya üçün başağrısına çevrilib.
Artıq bir çox prinsipləri yerinə yetirə bilməyən "KAXCP" sədri Mirmahmud Fəttayev təşkilatdan çıxmaqla, ağrımaz başını ağrıtmaq istəmədiyini bildirməyə çalışır. Digər bir tərəfdən isə, "Azadlıq" partiyasının sədri bu günə qədər M.Fəttayevlə can deyib, can eşidən Əhməd Oruc da dilə gəlməli olub. Məhz qeyri-ciddi problemlər üstündə tərəflər arasında başlanmış olan münaqişə, indi daha kəskin bir şəkil alıb.
Ümumilikdə isə, nəinki "KAXCP" və onun ətrafında baş verənlər, hətta müxalifət düşərgəsində olanların böyük əksəriyyəti qeyri-ciddi münasibətlər üstündə qalmaqallar davam edir. Çünki bu düşərgədə bir ağıllı adam tapılmır ki, onları bir istiqamətə yönəltsin. Kimin-kimdən xoşu gəlmədi onu lənətləyir və ona qırşı ən ağılasığmaz ittihamlar səsləndirir. Sağlam düşüncə və münasibət olan yerdə belə bir situasiyanın baş verməsi isə mümkün olan məsələ deyil. Sadə bir təhlil və kiçik bir araşdırma müxalifətin hansı tipdə olduğunu, burada kimlərin məskən saldığına əyani misaldır. Yuxarıda müəyyən mənada nəzər saldığımız "KAXCP" və ona bitişik olan qurumlar da eyni ilə bu tipdən olanlardandır. Ümümilikdə isə, bütün bunların hamısı bir bezin qırağıdır. Ona görə də, istənilən bir tərzdə onların dediyi sözün heç bir məntiqi əsası və mənası yoxdur. Elə M.Fəttayevin də özü də bir qədər "ağayana" göstərməyə çalışsa da, əsil reallıq tamam başqa şeylərdən xəbər verir.
Onların keçmiş sələfi olan AXCP parçalandıqdan sonra KAXCP, AXCP (i), BAXCP, Böyük Quruluş, "Aydınlar" partiyaları yarandı. Sonra isə miras üstündə dava başlandı. Kimisi özünü AXC-nin və onun lideri olmuş Əbülfəz Elçibəyə sadiq, kimisi isə onun ən yaxşı davamçısı kimi canfəşanlıq etməyə çalışsa da, sonda heç kəs bundan fayda görmədi. Ayının min oyunu bir armudun başında olduğu kimi, cəbhəçilər də "armud"dan ötəri bir-biri ilə qanlı bıçaq düşmən oldular. İndi isə köhnə cəbhədən yranmış partiyaların heç biri, digərini nə qəbul edir, nə də ki, onun mövcudluğuna inanır. Məhz belə bir prinsipiallıq isə sonda onların özlərinin axırına çıxmalı oldu.