PDF Oxu

Müxalifət

  • 7

Etibar Məmmədov acı taleyi ilə barışır

Etibar Məmmədov acı taleyi ilə barışır
Müxalifət düşərgəsində hökm sürən pərakəndəlik və dağınıqlıq bütün sahələrdə özünü göstərməkdədir. O mənada ki, əgər bir partiyada funksionerlərarası çarpışmalar hökm sürürsə, digərin də aşağılarla yuxarılar arasında baş verən qarşıdurmaların acı nəticəsi olaraq kütləvi qopmalar nəzəri cəlb edir. Partiyalar arasında gedən çəkişmələri də buraya əlavə etsək, düşərgə daxilində durumun son dərəcə kritik olduğunu söyləmək olar. Vəziyyətdən çıxmaq, ən azı daxili didişmələri dondurmaq istəkləri isə hələ ki, mümkünsüz görünür.
Çünki vuruşan tərəflər aralarında olan körpüləri tamamilə yandırıblar. Məhz bu və digər amillərə görə də, bəzi partiya sədrləri siyasətdən gedərək, üzləşdikləri acı taleləri ilə barışmaq niyyətlərini ortaya qoyurlar. Misal kimi "ACP" lideri Rəsul Quliyevin və AMİP lideri Etibar Məmmədovun son vaxtlar sərgilədikləri mövqelərini göstərmək olar. Artıq bəlli olduğu kimi, R.Quliyev "ACP" ilə əlaqələrini tamamilə kəsib. Hətta R.Quliyev saytlardan birinə verdiyi açıqlamasında "ACP" tipli partiya yaratmasından peşmançılıq keçirdiyini söyləyib. Fikrini də, onunla əsaslandırıb ki, "ACP"-nin Bakı rəhbərliyinə maddi və mənəvi dəstək göstərməsinə baxmayaraq, nəticəsini görməyib. Əksinə, onun imicinə ciddi ziyanlar gətirilib.
R.Quliyev bundan sonra siyasətdə qalmağın əhəmiyyətsiz olduğunu da dilə gətirib. Məhz bu bəyanatdan sonra Akif Şahbazov "ACP" ilə əlaqələrini kəsib Biləsuvara gedərək təsərrüfat işləri ilə məşğul olmağa başlamışdır. Artıq açıqlanan məlumatlara görə, "ACP" fəaliyyətini dayandırıb. Eyni proseslərin AMİP daxilində də yaşandığı müşahidə edilir. Düzdür, AMİP lideri Etibar Məmmədov vəziyyəti qisməndə olsa düzəltmək üçün partiyadan istefa vermiş Nazim İmanov, İlqar Məmmədov və digərləri ilə əməkdaşlıq əlaqələri qurmağa çalışır. Ancaq siyasətdən bezən keçmiş milli istiqlalçılar E.Məmmədovun təklifini rədd ediblər. Bu da ruh düşkünlüyündə olan E.Məmmədovun vəziyyətinin daha da ağırlaşmasına səbəb olub. Məlumata görə, kritik durumda olan E.Məmmədov siyasətdən getməklə problemlərini həll etməyə çalışır. Bu barədə məlumatlı mənbəmizin dediyinə görə, E.Məmmədov AMİP Mərkəzi Şurasının iclasını çağıraraq, partiyanın buraxılmasına zərurət yarandığını söyləyib. Ancaq partiya funksionerlərindən Fuad Muxtarov, Əli Orucov, Əli Ələkbərov və digərləri AMİP-in qurultayının keçirilməsi ilə bu və digər məsələlərə aydınlıq gətirilməsinin vacib olduğunu qeyd ediblər. Uzun müzakirələrdən sonra, sonuncuların təklifi nəzərə alınıb.

Digər xəbərlər