Radikalların birlik ideyası fiaskoya uğrayır
İctimai rəydə müxalifət partiyaları və onların sədrləri perspektivsiz, ancaq bir-biri ilə dartışan qüvvələr kimi tanınır. Məhz buna görə də, cəmiyyət müxalifəti qəbul etmir. Bütün hallarda, o cümlədən, taleyüklü tədbirlərdən onlara "yox" deyirlər.
Hazırkı siyasi situasiya dönəmində də müxalifət düşərgəsində on il bundan əvvəlki proseslər yaşanmaqdadır. Baxmayaraq ki, bəzi müxalifət texnoloqları, xüsusilə də, Pənah Hüseynov, Eldar Namazov kimi, üzdəniraq siyasətçilər əsası qoyulan və davam etməkdə olan müxalifətdaxili durumu dəyişməyə çalışırlar. Ən maraqlısı da odur ki, E.Namazov, P.Hüseynov məşhur korrupsioner və rüşvətxorlar kimi tanınan eks-səhiyyə naziri Əli İnsanovla, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin emissarları ilə bu gün də görüşlər keçirməyi, AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov və "ACP" lideri Rəsul Quliyevlə söhbətlər aparmağı, qarşıdan gələn bələdiyyə seçkilərinə kimi müxalifətin yeni formatını - "beşlər" ideyasını reallaşdırmağa çalışırlar. Sual oluna bilər ki, "beşlər"in eyni formatda birləşəcəyi təqdirdə, E.Namazovla və P.Hüseynova vasitəçilik etməklə təlxəklik etmək nəyə lazım? Onlar ki, formalaşacaq hər hansı bir qurumda təmsil olunmayacaqlar?
Sözsüz ki, sualın cavablandırılması üçün araşdırmalar aparılsa, bəlli olar ki, bu təlxəklərin özəl maraqları var. Birincisi, düşərgə daxilində qazandıqları texnoloq imiclərini bir qədər də genişləndirmək, ikincisi, hər biri kənardakı bosundan ən azı sağ ol və nəhayət, üçüncüsü, məşhur rüşvətxor və korrupsionerlərdən zəhmət haqlarını almaq.
Verilən informasiyalarda da maraqlı tərəflərin P.Hüseynova və E.Namazova "malades"lər göndərdikləri bildirilir. Söz yox ki, təşəkkürlərlə yanaşı, P.Hüseynov və E.Namazov onlara düşəcək qonorarlarını da alıblar. Amma bir şeyi vurğulamaq lazımdır ki, "beşlər"in eyni qazana əl uzatması və bu qazandan qidalanmaları mümkün deyil. Ən azı, ona görə ki, eks-nazirlər R.Quliyevə, İ.Qəmbərov və Ə.Kərimova yuxarıdan aşağı baxırlar. Belə olan halda Ə.İnsanovun və yaxud F.Əliyevin daim yuxarıdan aşağı baxdıqları Ə.Kərimov, R.Quliyev və İ.Qəmbərovla eyni blokda birləşəcəkləri inandırıcı görünmür. Politoloq Zərdüşt Əlizadə də bu birliyin mümükünsüz olduğunu bildirdi: "Məcburiyyət sözgedən qüvvələri birləşdirsə də, bu birlik, sadəcə, söz üzərində mövcud olacaq. Korrupsionerlərlə radikalların birləşməsi çətin prosesdir. Bəlkə də, mümkün olmayan məsələdir. Çünki "beşlər"in hər birinin özlərinin bir-birinə güzəştə getməsi mümkün olmayan iddiaları var".
Z.Əlizadə onu da qeyd etdi ki, müxalifətin dil qəhrəmanları həmişə birlikdən, bir olmaqdan danışıblar: "Müxaliflər heç zaman danışdıqlarını reallıqlara çevirməyiblər. Bu da onların verdikləri sözün üstündə dura bilmədiklərini göstərir. Onlar böyük təcrübəyə malik hay-küyçülərdir".