Əli Kərimovu “Ümid” partiyasının qərargahında hansı sürpriz gözləyib?
Xəbər verildiyi kimi, dünən müxalifət partiyalarının əksəriyyəti "Ümid" partiyasının qərargahına toplaşıblar. Region və beynəlxalq arenadakı vəziyyət müxalif yetkililərinin müzakirə mövzusu olub. Partiyaların qarşıdan gələn bələdiyyə seçkilərində iştirakı məsələsi də gündəlikdə müzakirəyə çıxarılıb. Bütün bunlar isə adi qarşılanan və onsuz da müxalifətçilərin bir araya yığışaraq ancaq bir-birinin "ətini" yeməsindən başqa bir məsələ deyil. Sadəcə olaraq, burada maraq doğuran məqam ondan ibarətdir ki, həmin toplantıya qatılan şəxslərin arasında bir zamanlar İqbal Ağazadə ilə qanlı düşmən olanlardır. Nə oldu ki, onlar bu düşmənçiliyi bir quru toplantıya görə sona çatdırdılar?
Məsələnin də əsil mahiyyəti, məhz elə bundan ibarətdir. Çünki vaxtilə, istər həmin toplantıya qatılan "Azadlıq" bloku, Müsavat partiyası, istərsə də, AXCP (i) heç vaxt "Ümid" partiyasına bir qurum kimi yanaşmayıblar. Dildə müəyyən fikirlər söyləsələr də, onlar bu quruma oyuncaq bir fiqur kimi münasibət bəsləyiblər. Elə hiddət doğuran məqamların da, bir bundan ibarətdir. Zaman-zaman bir-birinin ayağının altını qazanlar, indi birdən-birə "dost" olublar. Digər bir məqam isə ondan ibarətdir ki, başqaları bir kənara qalsın AXCP (i) sədri Əli Kərimovla az qala qanlı bıçaq ola biləcək həddə qədər gəlib çatmış olan İ.Ağazadə, indi ona əl uzadıb öpüşüb. Çünki situasiya bunu tələb edir.
Situasiya demişkən, bir qədər bu şəxslərin keçmiş münasibətlərinə nəzər salsaq, onların arasında bir çox mübahisəli prinsiplərin olduğunu müşahidə etmək olar. Birincisi, vaxtilə "Vətəndaş Birliyi Partiyası"nda olan İ.Ağazadə "Ümid" partiyasını təsis etdirdikdən sonra, Ə.Kərimovla maraqlarını qorumaq xatirinə münaqişə etməli oldu. Sonradan bəlli oldu ki, Ə.Kərimov "Ümid" partiyasını 2002-ci ildə tamamilə sıradan çıxarmaq üçün, ilk növbədə, qurumu iki yerə parçalamaq istəyində olub. Lakin proseslərin heç də onun arzuladığı bir formada getməməsi ucbatından Ə.Kərimov bu iddiasından müəyyən vaxt geri çəkilməli oldu. Məhz bu səbəbdən də, onun daxili işlərinə qarışdığına görə, Ə.Kərimova öz yerini göstərməyə çalışan İ.Ağazadə indiyə qədər mövcud olmuş düşmənçiliyin əsasını qoymuş oldu. İndi isə Ə.Kərimovun əlini-qolunu sallayaraq "Ümid" partiyasına pənah gətirməsi, özlüyündə AXCP (i) sədrinin bütün imkanlarının itirilməsindən xəbər verir. Digər ikrah doğuracaq məqam isə ondan ibarətdir ki, Ə.Kərimovla İ.Ağazadə belə bir şəraitdə necə göz-gözə baxaraq, danışacaqlar?
"Ümid" partiyasında toplaşan digər müxalifətçilərə gəldikdə isə, onların özləri də heç vaxt İ.Ağazadəni bir siyasətçi və partiya başqanı kimi görmək istəməyiblər. Ona görə də, buradakı danışıqların nə dərəcədə effektiv olacağı və hansı şərtlərlə yekunlaşacağını söyləmək çox çətindir.