PDF Oxu

Müxalifət

  • 16

“DUİ” müxalifət düşərgəsində təşəbbüsü ələ almaq istəyir

“DUİ” müxalifət düşərgəsində təşəbbüsü ələ almaq istəyir
Siyasi arenada diqqətçəkən məqamlardan biri də müxalifət partiya sədrlərinin aralarında olan düşmənçiliyə son qoyaraq, dostluq, müttəfiqlik münasibətləri qurmağı təklif etmələridir. Demək olar ki, müxtəlif cinahlarda bir olmaq, birlikdə fəaliyyət göstərmək niyyəti ilə ideyalar səslənməkdədir.
Əgər Müsavat başqanı İsa Qəmbərov 1998-ci ildə fəaliyyətdə olmuş "SİDSUH"-un yenidən bərpa edilməsini təklif edirsə, AXCP (i) sədri Əli Kərimov "Demkonqres" formatında qurumun yaradılmasının vacibliyini dilə gətirir. "DUİ"-də təmsil olunan partiyalar, xüsusilə, "KAXCP" sədri Mirmahmud Fəttayev müxalifətin ümumi konfransının keçirilməsini təklif edir. Hətta M.Fəttayev konfransda Dağlıq Qarabağla bağlı müzakirələrin aparılmasını və təkliflər irəli sürülməsinin vacibliyini qeyd edir.
Qeyd etmək yerinə düşər ki, İ.Qəmbərovun, Ə.Kərimovun və digərlərinin təklifləri bəzi partiya sədrləri tərəfindən qətiyyətlə rədd edilirsə, M.Fəttayevin təklifi ilə bağlı konkret mövqe ortaya qoymurlar. Müəyyən hallarda, demək olar ki, M.Fəttayevin təklifinə müsbət yanaşanlar da olur. Belə ki, ADP sədri Sərdar Cəlaloğlu, "ANİF" prezidenti Eldar Namazov, AMİP lideri Etibar Məmmədov və "Ədalət" partiyasının sədri İlyas İsmayılov M.Fəttayevin gerçəkləşdirmək istədiyi tədbirdə iştirak edə biləcəklərini vurğulayırlar. "Azadlıq" blokunda təmsil olunan partiyalar və Müsavat, eləcə də, "ACP" M.Fəttayevin təklifini yersiz və mənasız hesab edirlər.
"Səs"in müxbiri ilə söhbətində AXCP (i)-nin sədr müavini Fuad Mustafayev iştirakçısı olmadıqları tədbirlərə qatılmağı əhəmiyyətsiz hesab etdiklərini bildirib. Onu da qeyd edib ki, şəxsi maraqların müdafiəsinə hesablanan konfranslara qatılmağı, AXCP (i) ümümiyyətlə, siyasi fəaliyyət prinsiplərinə yad hesab edir: "Referendumqabağı M.Fəttayev "Respublikaçı" və "Respublika və Qarabağ Uğrunda Vətəndaş Hərəkatı" ilə əməkdaşlıq etməkdə imtina etdi. İndi isə, müxalifətin ümumi konrfansının keçirilməsi ideyası ilə çıxış edir. Bu cür yanaşma bizlər tərəfindən başa düşülən deyil".
Müsavatın Ali Məclisinin sədri Sülhəddin Əkbər də M.Fəttayevin keçirmək istədiyi müxalifətin ümumi konfransına qatılmaq niyyətində olmadıqlarını söyləyib. Fikrini də onunla əsaslandırıb ki, Müsavat başqanı İ.Qəmbərov hələ 2007-ci ildə bir daha M.Fəttayevlə əməkdaşlıq əlaqələri qurmamaq barədə qərar qəbul edib.
Bir sözlə, proseslərin inkişafına əsaslanaraq, demək olar ki, M.Fəttayevin həyata keçirmək istədiyi ideya düşərgənin fərqli nöqtəsində hərlənən əqidə yoldaşları tərəfindən rədd edilməkdədir. Bu isə, toplantının baş tutmayacağını deməyə əsas verir. Baxmayaraq ki, M.Fəttayev aprelin 24-də müxalifətin geniş toplantısının keçiriləcəyini və burada bütün müxalifət partiyalarının təmsil olunacağını qeyd edib. Hətta "KAXCP" sədri bir qədər də uzağa gedərək, tədbirdə Milli Məclisdən, Xarici İşlər Nazirliyindən, eləcə də, hakim partiyanın təmsilçilərinin iştirak edəcəklərini bildirib. Ancaq "Səs"ə daxil olan məlumata görə, sözügedən dövlət qurumlarından, tədbirdə iştirak edənlər olmayacaq.

Digər xəbərlər