“Aydınlar” partiyası BAXCP ilə birləşir
Müxalifət cəbhəsində diqqətçəkən proseslər bir-birini sıralamaqdadır. Uzun zamandan bəri ancaq daxili konfliktlərin hesabına gündəmdə qalmağa çalışan müxalifət düşərgəsi, indi daha kəskin bir durumla üz-üzə qalıb. Artıq heç bir partiya və təşkilat sərdi ümumi müxalifətin mənzərəsinə müsbət təsir göstərəcək bir addım atmaq iqtidarında deyil və yaxud belə bir addım atmaq istəmir. Çünki düşərgə daxilində istənilən bir formada istənilən bir şəxsin önə çıxaraq söz deməsinin özü böyük hiddətlə qarşılanır. Əsas məsələ isə ondan ibarətdir ki, müxalifət düşərgəsində cərəyan edən proseslərin qeyri-normal bir məcrada davam etməsidir.
İndi daha krtik bir həddə çatan müxalifət daxili ziddiyyətlər şəxsi prinsiplər üzərində qurulduğundan, onun həlli olduqca qeyri-mümkün görünür. Bu mənada cəmiyyətin daha normal partiyalar ehtiyacını nəzərə almaq üçün bəzi cəhdlər də, hələlik, özünü döğrultmur. Çünki hər kəs burada öz marağını daha çox önə çəkir. Məhz bu mənada da müxalifət düşərgəsində 16 ildən artıqdır ki, heç kim, heç kimin sözünü eşitmir. Belə olan yerdə isə istənilən bir formada demokratiyadan və cəmiyyətə nümunə olmaqdan söz açmaq, sadəcə olaraq, korun kora kor deməsi kimi bir şeydir. Hazırkı Azərbaycan cəmiyyəti özünü müxalifət adlandıran məhfumun layiqli qiymətini verərək onu tarixin acı səhifəsinə göndərib. Ona görə də, müxalifət düşərgəsində özünü daha aktiv göstərmək istəyən 5-3 şəxs nəsə demək istəyirsə də onun da avazı məlumdur. Prosesdən çıxış metodu isə hələ də müəyyən dairələr tərəfindən düşünülməkdədir.
Müxalifətin normal istiqamətə yönəlməsində maraqlı olan şəxslər də az deyildir. Bunların sırasında isə yenicə özü üçün partiya yaradıb dinclik tapmış Qulamhüseyn Əliyevi nümunə kimi göstərmək olar. Uzun müddət Əli Kərimovun partiyası olan AXCP (i)-də ali məclisin sədrlik postunda oturmuş bu bəy sonradan beynində çoxdan dolaşdırdığı ideyanı kerçəkləşdirmək üçün hər kəsi təəcübləndirən bir addım atdı. Ə.Kərimovla uzun müddət idi ki, yola getməyən Q.Əliyev nəticədə onu atmaqla özünə yeni partiya yaradaraq, yeni bir nümunə göstərməyin vaxtının çatdığını digər məsləkdaşlarına da nümayiş etdirdi.
Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, son 10 gündə dolaşan söz-söhbətlərə aydınlıq gətirildi. Məlum oldu ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası yenicə təsis edilmiş "Aydınlar" partiyası ilə birləşir. Hətta uzun zamandan bəri hər iki partiya sədri Qüdrət Həsənquliyevlə Q.Əliyev bu barədə çoxsaylı müzakirələr də aparıblar. Ümumi müxalifət partiyası yaratmaq eşqi ilə can atan bu şəxslərin ideyası isə, hələlik, müəyyən mərhələlərdə müzakirə predimetinə çevrilib. İndi daha əhəmiyyət kəsb edən məsələ isə ondan ibarətdir ki, "Aydınlar" partiyası ilə BAXCP-nin birləşməsi köhnə müxalifət tərəfindən də adi formada qarşılanmayıb. Artıq düşərgə daxilində gizlin bir çaxnaşmaya səbəb olan bu addım daha çox cəbhəçilər tərəfindən təəcüblə qarşılanıb. Çünki hazırda müstəqil fəaliyyət göstərən hər iki partiya vaxtilə AXC-nin tərkibində olmuş şəxslər tərəfindən yaradılıb.