Gürcüstanda kütləvi mitinqlər davam edir
Artıq bir neçə gündür ki, region ölkəsi olan Gürcüstanda baş verən mitinqlər bütün ölkə ərazisində əks-sədaya səbəb olmuşdur. Bu günlərdə başda Nino Burcanadze olmaqla müxalifətin prezident Mixail Saakaşvilinin istefası tələbləri ölkənin təhlükəsizliyi üçün böyük təhlükə yaradan məsələlərdir.
Əlbəttə, belə bir hakimiyyət böhranının yaşanmasına əsas səbəb kimi dünyada hökm sürən qlobal maliyyə böhranı göstərilir. Çünki hazırda Gürcüstanın əsas etirazçı qüvvələri, böhran nəticəsində öz iş yerlərindən çıxarılmış sadə insanlardır. Lakin digər bir tərəfdən, Mixail Saakaşvilinin hakimiyyətə gəldiyi dövrdən yeritdiyi siyasətin də bir o qədər uğurlu olmadığını qeyd etmək olar. "Narıncı inqilab"dan sonra hakimiyyətə gəlməklə ölkədə yüksək inkişafa nail olunacağını söz verən M.Saakaşvili, indi özü də yaranan bu vəziyyətdən çaşqın qalıb. Hətta onun hökumətdə təmsil olunmaq üçün öz ətrafına yığdığı adamları da ona qarşı iddialarla çıxış edir, Başda Nino Burcanadze olmaqla istefa verməsini tələb edirlər. Deməli, Gürcüstanda yaranan vəziyyətdə təkcə qlobal maliyyə böhranı deyil, eyni zamanda, Mixail Saakaşvilinin yeritdiyi uğursuz siyasət də əhəmiyyətli rola malikdir.
M.Saakaşvilinin apardığı səhv və nəticəsiz siyasətə digər bir nümunə kimi ötən il Cənubi Osetiyada baş verənləri də göstərmək olar. Onun avantüraya qapılaraq bu əraziyə qoşun yeritməsi ilə etdiyi səhv, bütün Gürcüstan üçün ağır nəticələr verdi. Rusiyanın gürcü ordularından qat-qat güclü olan ordusu qarşısında aciz qalacağı bilindiyi halda, belə bir addım atılmış və çox böyük tənqid hədəfinə çevrilmişdi. İndiyə kimi də gürcü xalqı bunlardan əziyyət çəkir. Rusiya hökumətinin əli ilə Gürcüstanda müxalifətin ayağa qalxmasını iddia edənlər də az deyil. Bu gün Gürcüstan müxalifətinin Rusiya tərəfindən maliyyələşməsi və silahlandırılması artıq hamıya məlumdur. Görünür, Rusiya burada da özünün artıq məhv olmuş mövqelərini bərpa etmək üçün müxalifətdən istifadə etmək istəyir.
"Bütün daxili və xarici təhdidlərə cavab vermək üçün bizə birlik lazımdır" deyə çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə müxalifətini mitinqləri dayandırmağa və danışıqlar masası arxasına keçməyə çağırıb. O, yeni qaz kəmərinin açılışını etdiyi Axaltsixi şəhərində yerli sakinlərlə görüşdə belə bir bəyanatla çıxış edib: "Biz xalqımızın problemlərinin həlli üçün danışıqlar masası arxasında oturmalıyıq".
Bununla belə Gürcüstan prezidenti bildirib ki, bu gün evdə oturanların sayı aksiyalarda iştirak edənlərdən çoxdur və onların da çətinlikləri var.
Parlamentin sədri David Bakradze də prezidentin sözlərini təsdiq edərək, ölkədə vəziyyəti yaxşılaşdırmaq üçün yeganə yolun dialoq olduğunu bildirmişdir. Digər bir tərəfdən "ABŞ Gürcüstanın strateji tərəfdaşı olaraq qalır" - deyə bəyanat verən Gürcüstan parlamentinin spikeri David Bakradze, Gürcüstanın xarici işlər nazirinin ABŞ dövlət departamentinin rəhbəri ilə görüşündən sonra bu qənaətə gəlib. Onun sözlərinə əsasən, Vaşadze-Klinton görüşü ilə son zamanlar fəal şəkildə ABŞ-Gürcüstan münasibətlərinin zəiflədiyini yayan skeptik və bədxahlara aşkar xəbərdarlıq ünvanlandı. Spikerin sözlərinə əsasən, Gürcüstan siyasi dəstəkdən əlavə ABŞ-dan maliyyə yardımı da alıb.
Buradan belə bir qənaətə gəlmək olar ki, Gürcüstan ABŞ-dan aldığı yardımdan ölkədə müxalifətin zəiflədilməsi istiqamətində istifadə edə bilər. Belə bir məqamda D.Bakradzenin bu bəyanatı yayması, bəlkə də, elə müxalifəti öz mövqelərindən çəkindirmək məqsədi daşıyır. Aprelin 17-də Metyu Brayzanın Gürcüstana gözlənilən səfəri də ABŞ-ın ölkədə gedən proseslərdən narahatçılıq keçirməsinin bir daha əyani sübutudur.
Müxalifət isə hələ də öz mövqeyindəni çəkinmir və prezidentin iqamətgahı qarşısında çadırlar qurmaqla M. Saakaşvilinin istefa verməyincə öz mövqelərini tərk etməyəcəklərini bildirirlər. Avropa və Avratlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Georgi Baramidze müxalifətə Tbilisinin 40 km-liyində rus tanklarının dayandığını xatırladaraq prezidentin istefası barədə dialoqun olmayacağını bildirib.