Ölkəmizdə xalqın nifrətini qazanmış xeyli müxalifət partiyası var və bu partiyaların müxtəlif "ideyalara" xidmət etdiklərini hər kəs yaxşı bilir. Neçə illərdir hakimiyyətə gəlməyə can atan, lakin xalqın dəstəyini qazanmadıqlarına görə, bu istəklərinə nail ola bilməyən radikal "bəylər" siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşdi.
Hər zaman xalq, dövlətçilik əleyhinə olan müxalif qüvvələr aprelin 10-da mitinq keçirmək iştahasına düşüblər. Təbii ki, "bəylər"in bu mitinqi də alınmayacaq. Məsələyə münasibət bildirən "Vəhdət" Partiyasının sədri Tahir Kərimli radikalların planlaşdırdığı mitinqinin də baş tutmayacağı qənaətindədir: "Azərbaycanda müxalifət konturu qurtarmış telefona bənzəyir. Belə olan halda onlar necə mitinq keçirəcək? Onsuz da hər şeyə obyektiv qiymət verən xalqımız hər zaman radikallara əhəmiyyət verməyib. Şübhəsiz ki, gələcəkdə də belə olacaq. Azərbaycan xalqının dəstəklədiyi, inandığı bir şəxsiyyət var, o da ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev cənablarıdır."
Müxalifət qüvvələrinin blok və ya hərəkat ətrafında birləşmələrinə toxunan partiya sədri bunun qeyri real olduğunu bildirdi:" Əvvəla, dövlət də istəyir ki, demokratik prinsiplərə əsaslanan, normal fəaliyyət göstərən müxalifət olsun. Digər tərəfdən müxalifət partiyaları nə vaxtdan öz daxillərində bir olublar ki, digər partiyalarla bir blok ətrafında birləşsinlər?
Onların yaratdığı blokların, birliklərin ömrü 2 - 3 günlükdür. Ümumiyyətlə, müxalifət daxilində vəziyyət müsbət səmtdə inkişaf etmir. Özünü "ana müxalifət" adlandıran Müsavatda vəziyyət daha da mürəkkəbdir. Eləcə də digər müxalifət partiyalarında da vəziyyət gərgindir. AXCP (i)-də vəziyyət "ürəkaçan" deyil. Belə olduğu tədqirdə, bu partiyalar necə bir blokda birləşsin? Yenə deyirəm, onların bir blok ətrafında birləşəcəyi inandırıcı deyil."
Tahir Kərimli radikalların elektroratını itirdiyini bildirərək, qeyd etdi ki, müxalifət heç bir zaman uğur qazanmayıb və bundan sonra da belə olacaq.
Bəzi müxalifət partiyaları bu il ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində blok şəklində iştirak edəcəyini bildirib. Vəhdət Partiyasının sədri T. Kərimli vurğuladı ki, bunun heç bir mənası yoxdur və bu, heç bir effekt verməyəcək: "Müxalifət istər tək, istərsə də blok şəklində seçkilərə qatılmayacaqlarından asılı olmayaraq, məğlub olacaq. Çünki 15 ildir ölkəmizdə keçirilən bütün seçkilərdə müxalifət rüsvaycasına məğlub olub. Bunun bir səbəbi var. Bu da ondan ibarətdir ki, xalq müxalifətə inanmır. Bu inamsızlığın nəticəsində radikallar bütün seçkiləri uduzurlar. Düşünürəm ki, gələcək illərdə də müxalifət ölkədə keçirilən seçkilərdə uğur qazana bilməyəcək".
Beləliklə, müxalifətin acınacaqlı vəziyyəti hər kəsə məlumdur. Artıq Azərbaycan müxalifəti iflic olub. Təbii ki, öz çirkin əməllərinin nəticəsində. Necə deyərlər, hər kəs yaxşı və ya pis formada öz əməlinin bəhrəsini görür. Ancaq radikalların vəziyyəti isə yaxşı deyil.