Müsavat partiyası bölünür
Uzun müddətdir ki, Müsavat partiyası daxilində baş qaldırmış etiraz dalğası, nəhayət, özünün kulminasiya nöqtəsinə çatıb. Partiyada söz sahibləri ilə icraçılar arasında davamlı şəkildə uzanan münaqişənin sonluğu artıq acı nəticə vermək üzrədir.
Belə ki, Müsavat daxilində yaranan ziddiyyətlərin fərqli və qeyr-fərqli bir məcrada davam etməsində maraqlı qüvvələrin olduğu bildirilir. Çünki başqanlıq kürsüsündən bərk yapışmış İsa Qəmbərov bunun şirinliyini heç kəslə paylaşmaq istəmir. Ona görə də, qurum daxilində yaranmış münaqişəyə daha birisi də əlavə olunur ki, bu da partiyanın bölünməsini bilavasitə şərtləndirən amillərdən hesab olunur. Nəzərdən qaçmayan bir məsələ də ondan ibarətdir ki, Müsavat yetgililəri arasında da o qədər də səmimi olmayan münasibətlər indi daha kəskin bir şəkil alıb.
Partiyanın mövcud qaydalarla idarə olunmasına qarşı çıxanlar bu metodun onlar üçün heç bir uğur gətirmədiyini iddia etsələr də, başqan tərəfdarları bunlara qarşı çıxmaqla, Müsavat daxilində dərin münaqişə ocağının yaranmasına rəvac vermiş olub. Odur ki, partiyanı 20 ilə yaxındır başqan kimi idarə etməkdən usanmaq istəməyən İ.Qəmbərov, kimsəni özünün yerində oturtmaq niyyətində olmadığını artıq bir neçə dəfə qəti şəkildə bildirib. Buna etiraz edənlər və başda "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu olmaqla "yoldaş" Qəmbərovun getməsini istəyirlər. Onlar iddia edirlər ki, demokratik qaydalarla heç də uyğunlaşmayan İ.Qəmbərovun mənimsədiyi başqanlıq kürsüsü indi daha gənc kadrların əlində olmalıdır. Heç bir vəchlə buna getməyin mümkün olmadığını bildirən İsa "bəy" isə, hələlik, ona qarşı çıxanlara bir o qədər də əhəmiyyət vermək niyyətində olmasa da, prosesin gedişi göstərir ki, indi buradakı vəziyyət heç də asan yoluna qoyulan duruma oxşamır. Nədənsə bu cür problemləri daha çox öz istəyinə uyğun formada həll etməyə alüdə olmuş başqan, indi çox narahat görünür. Amma onun belə bir dərin narahatçılıq keçirməsində bir neçə səbəb olduğu da artıq məlumdur. Müsavatdaxili mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, İ.Qəmbərov martın 18-də ölkədə keçirilmiş Referendum Aktının böyük ictimai fəallıqla başa çatmasından sonra artıq cəmiyyətdə ona və onun kimilərinə inamın qalmadığının bir daha təsdiqini tapdığı qənaətindədir. Çünki İ.Qəmbərov təşviqat dövründə ayrılmış televiziya efir müddətində də özünü növbəti dəfə biabır etdiyinin fərqindədir. Artıq etdiyi hərəkətləri anlamaqda özündə cəsarət tapan başqan, uzun müddət gizlənməklə müəyyən mənada proseslərin üzərindən vaxt udmağa çalışır. Amma onun bu metodu növbəti dəfə öz etibarlılığını itirmək təhlükəsi ilə üzləşib. Daha çox başqanlıq kürsüsünü itirməklə özünü birdəfəlik acı tale ilə barışmağa öyrəşmək ona heç də ucuz başa gəlmir. Bir tərəfdən keçmiş dost-tanışların ona qarşı çıxması, digər tərəfdən əlbir olduğu şəxslərin ondan üz çevirməsi İ.Qəmbərovu yaman günə qoyub.
Bu münaqişədə əks tərəf kimi çıxış edən R.Arifoğlu isə İ.Qəmbərovala yaxın münasibətdə olduqlarını və "dostluq" əlaqələrinin olmasını etiraf etsə də, iş məsələsində ona güzəştə getmək niyyətinin kəskin olduğunu bildirib. O, qeyd edib ki, cəmiyyət artıq eyni insanların 20 ilə qədər olan zaman çərçivəsində dediyi sözləri çox eşidib. Ona görə də, artıq meydana yeni simaların gəlməyinin tamam zamanı yetişdiyini vurğulayan baş redaktor, nəyin bahasına olur-olsun, partiyada normal durum yaradacaqlarını bildirib.