Referendum müxalifətin parçalanmasını dərinləşdirdi
Martın 18-də keçiriləcək referenduma cəmiyyətin bütün təbəqələri arasında böyük maraq və diqqət mövcuddur. Araşdırmalar, eləcə də aparılan rəy sorğuları göstərir ki, əhali Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendumda fəallıq nümayiş etdirəcək və 29 maddənin hamısına birmənalı dəstək verəcək.
Diqqətçəkən məqam isə ondan ibarətdir ki, xaricdən maddi və mənəvi dəstək alan radikallar ictimai rəydə referenduma dəstək ciddi narahatlıq doğurur. Müsavat, AXCP (i), ALP, ADP və bu kimi digər toplumlar referendumu pozmaq üçün mümkün vasitə və üsullardan istifadə edirlər. Hətta fevralın 18-dən bu günə qədər radikallar 3 dəfə aksiyalar keçirməyə səylər göstəriblər. Ancaq ictimaiyyətin onlara birmənalı "yox" cavabı aksiyanın iflasa uğramasına gətirib çıxarır. Bununla ruhdan düşmək istəməyən ünsürlər pozucu fəaliyyətlərini bölgələrdə həyata keçirməyə çalışıblar. Sabirabad, Saatlı, Balakən, İsmayıllı rayonlarında terrorçulara xas olan fəaliyyət növünü ortaya qoyaraq, aktiv rayon ictimaiyyət nümayəndələrini hədələməyə, onların fiziki məhvini həyata keçirəcəkərini bildirməyə başlayıblar. Düzdür, bu cür əməl sahibləri hüquq-mühafizə orqanları tərəfindən aşkarlanaraq, cəzalandırılıblar. Amma verilən informasiyalara görə, hələ də tör-töküntüdən ibarət olan ünsürlər bəd əməllərini davam etdirməkdədirlər.
Qeyd etmək yerinə düşər ki, konstruktiv mövqeli bəzi müxalifət yetkililələri ifrat radikalizm nümayiş etdirməyin əleyhinə çıxışlar edirlər. Buna misal kimi "KAXCP" Ali Məclisinin sədri Zəlimxan Məmmədlinin, AXCP (i) sədr müavini Fuad Mustafayevin, ADP sədr müavini Taliyyət Əliyevin və Müsavatın seçki qərargahının katibi Gülağa Aslanlının "Biz ölkədə ictimai-siyasi sabitliyin pozulmasının əleyhinəyik, bu yolu tutanlara qarşı çıxacağıq" deyə bildirmələrini göstərmək olar.
Dünən aldığımız məlumata görə, "ANİF" prezidenti Eldar Namazov "Respublikaçı" və " Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı"nın pozucu yol tutmasını qəti şəkildə pisləyib. E.Namazov sözügedən təşviqat qruplarının yaradıcılarından olmasına baxmayaraq, qurumların fəaliyyətlərindən narazı qaldığını bildirib. E.Namazov, vəziyyətin bu cür davam edəcəyi təqdirdə, "Azadlıq" siyasi blokundan və "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" təşviqat qrupundan istefa verəcəyini söyləyib. Əlavə olaraq, onu da bildirib ki, artıq təşviqat qruplarının fəaliyyətlərindən narazı qalması ilə bağlı narahatlığını Əli Kərimovun və İsa Qəmbərovun nəzərinə çatdırıb: "Təşviqat qruplarının toplantılarına qatılmamağımın səbəbi də Ə.Kərimovun, İ.Qəmbərovun və Lalə Hacıyevanın qeyri-konstitusion fəaliyyət yolu seçmələri ilə bağlıdır".
Maraqlı məqam ondan ibarətdir ki, E.Namazovun konstruktiv fikir ortaya qoyması radikallar arasında çaxnaşma yaradıb. Yəni əqidə yoldaşlarının onları ifşa etməsi "Azadlıq" blokunda faciəli halın baş verməsinə səbəb olub. Müsavat başqanı İ.Qəmbərovun "Səs"in müxbiri ilə söhbətində dediyinə görə, E.Namazov Amerika səfərindən qayıtdıqdan sonra məsləkinə və əqidəsinə yad olan mövqe nümayiş etdirib: "Təşviqat qruplarının bir neçə dəfə toplantılarının keçirilməsinə baxmayaraq, E.Namazov toplantılara qatılmaqdan imtina edib. Hesab edirəm ki, onun davranışlarında satqınlıq və zəiflik əlamətləri var. Bu tipli insanlarla uğur qazana biləcəyimizə şübhəm var".
"Səs"ə daxil olan məlumata görə, dünən "Azadlıq" blokunun Sədrlər Şurasının iclası keçirilib və E.Namazovun açıqamaları müzakirə predmeti olub. "VİP" sədri Əli Əliyev E.Namazovun qurumdan çıxarılmasının vacibliyini söyləyib. "Milli Birlik Hərəkatı"nın sədri L.Hacıyeva isə E.Namazovla söhbətlərin aparılmasının əhəmiyyətli olduğunu və məhz bundan sonra qərar qəbul edilməsinin əsaslı ola biləcəyini qeyd edib. Məlumata görə, AXCP (i) sədri Ə.Kərimov da ümumi fikirlərlə razılaşaraq, E.Namazovun taleyi ilə bağlı qərarın qurumun növbəti iclaslarından çıxarılmasının ədalətli olacağını dilə gətirib.