Müxalifətin növbəti eyforiyası da puç oldu
O qədər gülmüşəm ki, lap müxalifətə "təşəkkür" düşür. Ayə, bunlar o qədər yalan-palan danışırlar ki, adamı əsəb qarışıq gülmək tutur. Gülməsən də mümkün deyil ki. Elə bil, bunlar yalan-palan danışmaqda birinci dərəcəli mükafat sahiblərdirlər.
Bunlarınkı lap ayıblıqdan da keçib. Özlərini elə günə qoyublar ki gəl görəsən. Elə bil ki, martın 18-də keçiriləcək referendum, bunlar üçün özlərini yenidən gözə soxmaq və yenidən beynəlxalq təşkilatlara "sırımaq" üçün əməllicə fürsətə çevrilib. Elə hay-küyə düşüblər ki, gəl görəsən. Bir yalana baxın, sonra siz də gülün. Bazar günü "Təbriz" kinoteatrına toplaşan beş-üç nəfər radikal düşərgə təmsilçisi olsa da, müxalifət qəzetləri min nəfərdən dəm vururlar. Adama qayıdıb deyərlər ki, ay zatı filan-filan olan, kinoteatr cəmi yüzəlli, iki yüz nəfər adam tutar, ya tutmaz. Sən bu min nəfəri haradan çıxardın? Hətta "Yeni Müsavat" yazır ki, Müsavat başqanı İsa Qəmbərov dəhşətli bir "nitq" yapıb və müxalifəti əməllicə "inqilab" əhval- ruhiyyəsinə aparıb. Bir anlığa başqan özünü əməllicə bolşeviklərin lideri rəhmətlik Vladimir İliç Leninin keçmiş "Zim" maşının üstündə nitq söyləməsinə bənzədib və "bütün radikallar, birləşin" şüarını səsləndirib. Amma vəziyyət tamam başqadır və başqanın dörd-beş saniyəlik xəyalı elə xəyal olaraq qalıb. Vəziyyət isə belədir ki, bizim də iştirak etdiyimiz həmin görüşdə, Arif Hacıyev çıxış edərək sanki buranın bir Müsavat məclisi olduğunu nümayiş etdirirdi. Hətta onun zaldakı AXCP (i) və "Ümid" funksionerlərinin sözlərini tez-tez kəsməsi, onları gözlətməyə məcbur etməsi situasiyanı əməllicə gərginləşdirdi. Hətta vəziyyət o yerə çatdı ki, A.Hacıyev tez-tələsik bşqana söz verərək, sonrakı prosesləri sığortalamağa çalışdı.
Amma yenə də alınmadı. Müxalifət rəhbərlərinin "Təbriz" kinoteatrında özlərini "xilaskar obrazında" təqdim etsələr də, məlum oldu ki, bunlar yenə də bir-birlərini qırıb çatmaq adətindən əl çəkməyiblər. "Yurd" funksionerləri açıq şəkildə Müsavatın mərkəzi icra aparatının rəhbərinə etiraz və təpki göstərərək, bu görüşün Müsavatın məclisi olmadığını xatırlatmağa çalışırdılar. Hətta yerdən reprikalar atılaraq "görüşü meydanda keçirərlər, kinoteatrda yox" deyirdilər. Sözsüz ki, bu atmacalar hər şeydən əvvəl özünü müxalifətin lideri kimi aparamağa çalışan Müsavat başqanı İ.Qəmbərova yönəlmişdi. Doğrudan da, A.Hacıyev özünü sanki müxalifətin vahid lideri olan İ.Qəmbərovun vəkili kimi aparırdı və bununla da onun yanında əyləşən "Yurd" lideri Ə.Kərimova acıq verirdi. Bundan isə "Yurd" funksionerləri qəzəbləndilər və başladılar başqanın çıxışını ələ salmağa. Hətta qabaq sırada oturan Ə.Kərimovun müavini Nurəddin Məmmədlinin arxaya çönüb göz ağartmasının da xeyri olmadı. Başqanın çıxış etdiyi vaxtda isə "Yurd"çularla müsavatçılar arasında əməllicə gərginlik yaşandı. Hətta vəziyyət o yerə çatdı ki, zaldakı gərginlik başqanın bir neçə dəfə sözlərini yarıda dayandırmasına səbəb oldu. Eyni situasiya Ə.Kərimovun çıxışı zamanı da yaşandı. Müsvatçılar da "Yurd"çulara eyni cavabları qaytardılar. Elə bu zaman Lalə Hacıyevanın hər iki tərəfə sərt şəkildə təpki verməsi, bu gedişlə müxalifətin heç vaxt bir araya gələ bilməyəcəyini deməsi, Ə.Kərimov, İ.Qəmbərov içi qarışıq bütün radikaları pis duruma saldı. Çünki bir neçə dəqiqə əvvəl Müsavat başqanı çıxışında deyirdi ki, bəs müxalifət artıq yumruq kimi birləşib və öz gücünü göstərəcək. Təbii ki, kinoteatrda! Məlum oldu ki, bunların birləşmələri ancaq və ancaq qəbirdə mümkündür. Bu arada isə Əvəz Temirxanla A.Hacıyev arasında ciddi bir qarşıdurma yarandı. Məlum oldu ki, ALP-nin icra şefi, A.Hacıyevin bu tədbiri özününküləşdirməsini və müsavatçılardan ibarət dəstəyə söz verməsini "həzm" edə bilmir. Ona görə də A.Hacıyevə sərt şəkildə etiraz etdi. Biz baş verənləri olduğu kimi sizə çatdırdıq. Radikalların əsil siması budur.