Müxalifət aranı qarışdıracaq
Martın 18-də keçiriləcək Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum ərəfəsi müxalifət düşərgəsində, qismən də olsa, fəallıq yarandığı müşahidə edilir. Bu fəallıq nisbi olsa da, nəzər-diqqəti cəlb etməkdədir.
Xüsusilə də, mətbuat müstəvisində hay-küy, radikal müxalifətin referendumqabağı diqqət mərkəzinə çevrilməyə ümid etdiyindən xəbər verir. Amma ümid ediləsi bir şey qalıb ki? Hətta siyasi boşboğazlar dərnəyinin üzvləri adları gülüş doğuran təşəbbüs qrupları yaratmaqdan da əl çəkmirlər. Demək olar ki, müxalifət düşərgəsində 10-a yaxın referenduma hazırlıqla bağlı təşəbbüs qrupları yaradılıb. Bütün bunlar onu deməyə əsas verir ki, müxalifət partiyalarına xarici maraqlı qüvvələr tərəfindən xeyli miqdarda maliyyə vəsaitləri ödənilib.
Maddi və mənəvi dəstəkdən ruhlanan radikal müxalifət ictimai rəyin diqqətini özünə cəlb etmək üçün bütün mümkün vasitə və üsullardan istifadə etməkdən çəkinmir. Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlunun dediyinə görə, müxalifət Bakı şəhərində ictimai-siyasi sabitliyə təhlükə belə yaratmaqdan çəkinməyəcək. AXCP (i) sədri Əli Kərimov isə küçə yürüşləri - mitinqlər vasitəsilə qarşılarına qoyduqları vəzifələri həyata keçirməyə çalışacaqlarını bildirib. Belə demək mümkünsə, "Yurd" şefi artıq özünü indidən sığortalamağa və qarşıdakı proseslər üçün əl yeri qoymağa çalışır. Bir sözlə, radikal müxalifət bütün taleyüklü məsələlər ərəfəsi olduğu kimi, referendumqabağı da ölkədə qarışıqlıq yaratmağı, pozuculuq aktları həyata keçirməyi qarşılarına əsas vəzifə kimi qoyub.
Amma bir məsələ var ki, yenə də xalq qrup maraqlarından çıxış edən radikallara qətiyyətlə yox deyir. Bu isə, radikal müxalifətin çirkin məqsədlərinin həyata keçirməsinin qeyri-mümkün olacağını söyləməyə əsas verir. Qeyd etmək yerinə düşər ki, konstruktiv meyilli müxaliflər arasında radikalların pozuculuq planlarına qarşı ciddi təpkilər mövcuddur. "Demokratiya Uğrunda İttifaq"ın təsisçilərindən olan "KAXCP" sədri Mirmahmud Fəttayev istənilən halda iğtişaşların törədilməsinin əleyhinə olduğunu söyləyib. Onu da qeyd edib ki, "DUİ" müxalifətin icazəsiz aksiyalarına qoşulmayacaq: "İndiki halda, aksiyaların keçirilməsinə və ya qeyri-ənənəvi mübarizə metodlarından istifadə edilməsi yolverilməzdir. "DUİ" yalnız sivil metodlardan istifadə etməklə qəbul etdikləri proqramın təbliğinə səy göstərəcək".
Çünki bu vaxta qədər aparılan siyasət artıq neçə il bundan əvvəl iflasa uğrayıb. Kim deyə bilər ki, sahab yarana biləcək hər hansı bir birlik daha biyabırçılıqla başa çatmayacaq. Açıq danışaq, indi heç bir müxalifət partiyasının üzvü düşərgənin perspektivinə inanmır. Çünki artıq danışılası yalan qalmayıb və bunu edənlər indi də həmin addımlarını davam etdirmək istəyirlər. Mitinq keçirmək və piketlərə başlamaq adı altında spekulyasiya etmək heç kimə şərəf gətirməyəcək".