2009-cu il müxalifət üçün ən başıbəlalı dövrdür. Referendumda biabırçı uğusuzluqla üzləşən radikallar artıq bir-birinə qarşı çıxaraq olub-keçənlərə nöqtə qoyur. Bu günlərdə "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu referendumdan əvvəl şələ-küləsini götürüb Müsavatı tərk etmək istədi.
Ancaq Müsavat başqanı İsa Qəmbərovun yalvarışından sonra, "nəhlət sənə, kor şeytan" deyib qaldı. Ancaq martın 18-də uğurla keçirilən referendumda xalqın daha çox nifrəti ilə üzləşdiklərini görən qəzetin baş yazarı Müsavatın qərargahına tüpürərək birdəfəlik çıxdı. Bu isə, o deməkdir ki, artıq "Yeni Müsavat" partiyasının yaranması üçün olduqca gözəl şərait var. Ancaq bu, o demək deyil ki, R.Arifoğlu elə bircə qəzetini və pencəyini götürüb Müsavatdan gedib. Sözsüz ki, bir sıra müsavatçılar da onun qərargahına "köç" edəcəklər. Elə hər şey də bundan sonra başlanılacaq. Onu da demək lazımdır ki, Müsavatda yaranmış bu durum radikal düşərgənin bütün partiyalarında da cərəyan edir. Bunların nə etdikləri bir yana, bundan sonra başlarının çarələrinə qalmaları da sual altındadır. AŞPA-nın yaz sessiyası da artıq arxada qaldı. İndi kimə nə sözünüz? Qrant da əldən çıxdı, "ip də, it də".
Əslində, kimdir bu "siyasi meyitlərə" bir-iki qəpik qrant-filan verən? Heç kim. Hətta gör radikal düşərgənin siyasi iflası nə qədər açıq və sürətli bir şəkildə gedir ki, AŞPA-nın yaz sessiyasından sonra, qurumun estoniyalı həmməruzəçisi Andres Herkel ölkədə keçirilən referendumun çox şəffaf və demokratik keçdiyini, artıq radikal müxalifətin fəaliyyətinin əhəmiyyət daşımadığını və bu düşərgənin siyasi proseslərə təsirinin mənasız olduğunu bildirmişdir. Göründüyü kimi, müxalifətin "yaz ümidləri" də boşa çıxdı.
AMİP isə daha kritik şəkil alıb. Çünki partiyanın keçmiş funksioneri Nazim İmanovun yenidən AMİP-ə qayıtmaq niyyəti var və bu məsələ partiyanın kuluarlarında qızğın müzakirəyə çevrilib. Bir çoxları N.İmanovun qayıdışı ilə partiyanın fəlakətli böhrandan çıxacağını düşünsələr də, digər bir qismi AMİP funksioneri buna qarşı çıxır. Xüsusilə, AMİP lideri Etibar Məmmədovun ətrafı N.İmanovun AMİP rəhbərliyinə qayıdışına qarşı kəskin mövqe sərgiləyir, rayon təşkilat sədrləri ilə gizli görüşlər keçirirlər. Amma AMİP-in qərargahına gəlməsə də N.İmanovun müəyyən qüvvələr vasitəsilə AMİP-dəki keçmiş dostlarını bir araya gətirdiyi və onlarla ciddi müzakirələrə başladığı haqqında partiyadakı mənbələr xəbər verir.
AMİP-dəki mənbə bildirir ki, E.Məmmədov özünü elə göstərməsə də, N.İmanovdan ehtiyatlı olmaları ilə bağlı ətrafına ciddi tapşırıq verib. Hələlik, N.İmanovun kimin dəstəyi ilə AMİP-ə qayıtmaq istədiyi məlum olmasa da, AMİP liderinin bu məsələnin araşdırılması üçün baş sındırdığı xəbəri verilir. Çünki öz aramızdır, N.İmanov kimi təcrübəli fiqurun AMİP-ə qayıdışı, E.Məmmədov üçün təhlükəli proseslərə yol açacaq. Hər halda N.İmanov Ayaz Rüstəmov deyil ki, onu üzünü bozartmaqla sədrlikdən salasan.