Azərbaycanda keçirilən referendum hazırda dünyanın diqqət mərkəzindədir. Məlum olduğu kimi, ölkənin bir neçə siyasi partiyası referendumu boykot etmək çağırışı etmişdi. Buna baxmayaraq, müxalifəti təmsil edən əksər partiyalar və QHT-lər ümumxalq səsverməsində fəal iştirak etdilər və öz müşahidələrinin nəticələri elan etdilər. Konstutusiyaya dəyişikliklərin xalq tərəfindən dəstəklənməsi, kampaniyada iştirakdan müxtəlif bəhanələrlə yayınan siyasi partiyaların artıq parçalanma mərhələsinə qədəm qoymasına səbəb oldu.
Hələ referendumun vaxtı elan olunmamış bəzi siyasi "moşenniklər" ortalığa hoppandılar ki, bəs bu, demokratiyaya ziddir. Bu kimi sərsəmləmələrin cəmiyyət tərəfindən unudulmuş adamların, ancaq özlərini yenidən gündəmə qaytarmaq cəhdindən başqa bir şey olmadığını hamı yaxşı anlayırdı. Liderlərin bu qərarı ilə razılaşmayan yüzlərlə partiya funksioneri və sıravi üzvlər etiraz əlaməti olaraq partiyaları tərk edirlər. Nəticədə boykot yolu tutan radikal düşərgədə qarşıdurmalar son həddə çatıb.
Ötən prezident və parlament seçkilərində tam məğlubiyyətə uğrayan və cəmiyyətdə öz nüfuzunu itirən radikal müxalifət partiyaları, növbəti dəfə də eyni aqibəti yaşayacaqlarını öncədən dərk edirdilər. Buna görə də, onlar yeganə çıxış yolu kimi boykot taktikasını seçdilər.
Boykot taktikasının həm cəmiyyət, həm də beynəlxalq təşkilatlar tərəfindən qınağa məruz qalması da liderləri fikrindən döndərə bilmədi. Partiya rəhbərləri bu qərarların məsuliyyətini öz üzərindən atmaq məqsədilə günahı partiyaların ali qurumlarının və rayon təşkilatlarının üzərinə atırlar. Guya onlar partiyanın qərarına tabe olublar. Əslində isə, hamı yaxşı bilir ki, Azərbaycandakı siyasi partiyalar avtoritar üsulla idarə olunur. Bütün qərarları liderlər özləri müəyyənləşdirirlər, partiya orqanları isə, sadəcə, "demokratik pərdə" funksiyası daşıyır.
Referendumun nəticələri elan olunduqda bu siyasətbazlar yenidən ortalığa atıldılar ki, bəs filan şey düzgün deyil, filan yedə qanunsuzluq olub və s. Bir neçə kiçik nöqsanı əldə bayraq edərək referendumun qanuni olmadığını deyən müxalifət liderləri, elə bildilər ki, onların bu səs-küyü Qərbdəki ağalara xoş gələcək və onları dəstəkləyəcəklər. Lakin az keçməmiş beynəlxalq təşkilatlar və xarici müşahidəçilər öz rəylərini bildirəndə artıq səslərini kəsdilər. Həmişə beynəlxalq təşkilatların obyektiv və doğru qərarlar verdiyini deyən funksionerlər bu dəfə də bunu etiraf etmək istəmədilər.
Bir məqama da toxunmaq istəyirəm. Neçə vaxtdır ki, bəzi müxalifət funksionerləri camaatın baş-beynini aparıblar ki, bəs biz iqtidarla dialoq istəyirik. Amma neçə dəfə onlara dioloq təklif olunub, bunlar razılıq verməyiblər. Kimə acıq edirlər və ya kimdən küsürlər, bilmək olmur. Adama deyərlər ki, ayə, sənin xalqın qarşısında nüfuzdan düşməyinə mənmi səbəb olmuşam?
Dialoqda (özü də qrant almaqda ümidli olduqları beynəlxalq təşkilatların qabağında) biabır olacaqlarını bildiklərindən belə təşəbbüsləri baykot edirlərsə, onda hansı məntiqlə "quyruqları qapı arasında qalan kimi" dialoq istəyirlər, anlamaq olmur. Özü də bu dialoqda kiçik saydıqları partiyaların iştirakını istəmirlər. Başqa vaxt bar-bar bağırırlar ki, bəs vətəndaş birliyi belə getdi, siyasi anlaşma elə getdi.
Göründüyü kimi, vətəndaş birliyinin əleyhinə çıxan, sivil mübarizədən qorxan ancaq radikallardır, yəni, ənənəvi müxalifət partiyalarıdır. Siyasi səhnədən tamam silinməkdə olan partiyaların bu inadı ölümqabağı son çırpınışa bənzəyir. Bu qüvvələr, zatən, mənəvi cəhətdən çoxdan ölmüşdülər, indi isə fiziki, siyasi və hüquqi cəhətdən məhv olurlar.
Onlar özləri özlərini buna məhkum ediblər, ona görə də, kimdən və nədənsə inciməyə haqları yoxdur. Şübhə yoxdur ki, 2009-cu il Azərbaycanın ən yeni siyasi tarixinə siyasi radikalizmin tam iflası ili kimi həkk olunacaq. Buna artıq nə radikallar, nə başqaları şübhə etmirlər. Çünki bu tarixi ədalətin tələbidir. Azərbaycanın ən yeni siyasi tarixi yeni bir cəmiyyət quruculuğuna hamilədir. Konstruktiv müxalifətə, vicdanlı siyasətçilərə, azad və demokratik dəyərlərə malik olan bir vətəndaş cəmiyyətinə. Bunun baş verməsi üçün lap az qalıb. Zatən, hər şeyin bir zamana ehtiyacı vardı.