Müxalifət düşərgəsində hər kəsin gözündən və nəzərindən uzaq bir yerdə yeni birliklərin yaranması məsələləri ortaya atılır. Eyni zamanda, belə bir addım atmaq istəyində olan qüvvələr Müsavat partiyasına, AXCP (i), ADP və "İctimai Palata"da olan qüvvələrə təkliflər göndərmişdilər. Onların bu təklifinə isə həmişə olduğu kimi, birmənalı şəkildə cavab verildi.
Çünki adlarını sadaladığımız müxalifət təmsilçiləri bu təklifin ALP "lideri" Lalə Hacıyevadan gəldiyini yəqin edərək belə bir anda onunla heç bir halda razılığa gələ bilməyəcəklərini ifadə etmişdilər. Başqa bir tərəfdən isə müxalifət təmsilçilərinin bəziləri tərəfindən şou kimi gündəmə gətirilən "İctimai Palata"ya L.Hacıyevanın və onun ətrafında olan qüvvələrin, yəni ALP və "VİP"-in qəbul olunmaması münasibətlərdəki gərginliyi bir qədərə də alovlandırmışdı. Bundan əlavə düşərgədə özlərini "ana müxalifət" qüvvələri kimi təqdim etməyə çalışanlar alternativ olaraq yarana biləcək ikinci bir birliyin lüzumsuz olduğu qənaətində idilər. Onların iddialarına görə yarana biləcək ikinci bir müxalifət birliyi ancaq "İP"-ə alternativ ola bilər. Bu baxımdan da, məsələ elə həmin müddət düyünə düşmüş proses kimi qalmışdı. Bir neçə gün öncə isə özlərinin heç də digər müxalifət qüvvələrindən zəif olmadığını göstərməyə çalışan ALP və "VİP" rəhbərliyi hərəkətə keçmək üçün münbit şəraitin olduğu qənaətinə gəlmişdilər. Elə bu iddia ilə də onların addım atmaq istəyi növbəti maneə ilə üzləşib. Bu dəfə isə tamam fərqli bir rakursdan olan şəxs müxalifətin "cırtdan" partiyalarından ibarət birliyinin yaranmasının mümkünsüzlüyü ilə çıxış edib. "Vətəndaş Hərəkatı Forumu"nun nümayəndəsi Qurban Məmmədov ALP və "VİP" "8-lərin zirvə toplantısı"nda iştirak məsələsi ilə bağlı özünün əks mövqeyini ortaya qoyub. Bu isə tərəflər arasında tamam fərqli bir mənzərədə münaqişənin baş verməsinə səbəb olub.
Qurban Məmmədov aktiv proseslərə qatılmaq üçün qalmaqal yaradır
Qeyd edək ki, "VİP" sədri Ə.Əliyev bildirib ki, Q.Məmmədov artıq bu məsələdə tərəf kimi çıxış etməyə başlayıb. "Hamını bir araya gətirmək istəyən tərəf proseslərə öz münasibətini ifadə etməməlidir. Təəssüf ki, Q.Məmmədov "Vətəndaş Hərəkatı Forumu"nun təmsilçisi kimi son günlər mətbuatda siyasi baxışlarını nümayiş etdirməyə başlayıb. Bu, artıq tərəf kimi görünməyə şərait yaradır və əlavə söz-söhbətə səbəb ola bilər" deyən Ə.Əliyev Q.Məmmədova bir qədər düşündükdən sonra qərar verməyi tövsiyə edib.
Əli Əliyev: "İstəmirik ki, müxalifətin birlik formatının alınmamasının günahkarı biz olaq və məsuliyyət bizim üzərimizdə qalsın"
Ə.Əliyev onu da qeyd edib ki, Q.Məmmədov bizimlə danışıqlarından fərqli açıqlamalar verir. "VİP" sədri bunun həmin təşəbbüsə yenidən baxmamaları ilə nəticələnəcəyi gümanını da ifadə edib. "Üç partiya liderləri bir araya gəlib situasiyanı dəyərləndirəcəyik. Məsələyə yenidən baxmaq zərurəti yaranıb. Amma buna baxmayaraq, müxalifətin birliyinin qarşısını ala biləcək addım atmaq niyyətində deyilik. İstəmirik ki, müxalifətin birlik formatının alınmamasının günahkarı biz olaq, məsuliyyət bizim üzərimizdə qalsın. İstənilən halda müxalifətin bir araya gəlməsinin tərəfdarıyıq. Ancaq mənzərədə dəyişiklik var" deyə əlavə edən Ə.Əliyev proseslərin bu cür davam edəcəyi təqdirdə, heç bir müxalifət birliyinin baş tutmayacağını da dilə gətirib.