“İctimai Palata”da maraqlar və fəlsəfə davası başladı
Bir neçə gündür ki, siyasi müstəvidə özlərinin mövcudluqlarını göstərməyə cəhd edən tərəflər arasında kəskin qarşıdurma gedir. Müxalifətin yeni münaqişə mexanizatoru rolunda yaxşı nümunə olan "İctimai Palata" daxilində olanlar da bunu təsdiqləyir. Çünki buraya qoşulanlar ilk günün yarısından sonra maraq davasına çıxırlar.
Bu da ki, birmənalı olaraq, köhnələrlə-təzələr arasında baş verir. "İP"-in təsisçilərindən olan AXP "lideri" Pənah Hüseynov, həmişə olduğu kimi, bu dəfə də baş roldadır. O, burada öz qarşısına çıxacaq ikinci bir qüvvəni görmək istəmədiyindən, hər hansı bir məsələ ortaya çıxanda da, ona qarşı çox sərt olur. Demək olar ki, "İP"-də hazırda P.Hüseynovun kurasiyasındayımış kimi görüntü müşahidə olunur. Digər bir yandan isə burada öz maraq və prinsiplərini gerçəkləşdirmək istəyən qüvvələr də mövcuddur. Onlar da, öz növbəsində, P.Hüseynovu gözümçıxdıya salmağa çalışırlar. Bir neçə gün öncə belə bir addım AXCP (i) tərəfindən atılsa da, Əli Kərimov indiki şəraitdə P.Hüseynovla üz-üzə gəlməyi özü üçün məqbul hesab etmədiyindən məsələ hələlik, yatırdıldı. Müsavat partiyası isə "İP"-də maraq davasına qalmağa cürət etmir. Hazırda qurum daxilində yaşanan gərginlik müsavatçıların başqanlığa yeni kadr gətirmək istəkləri partiyanın kənar məsələlərdə bir qədər zəif çıxış etməsinə imkan yaradıb. Belə olan halda isə, P.Hüseynov faktiki olaraq, "İP"-də at oynatmaq qərarına gəlir və öz adında qondarma kabinet düzənləmək iddiasına düşür. Digər məsələlərdə də, P.Hüseynov kimsə ilə məsləhətləşmədən qərarlar çıxarır.
"İctimai Palata"nın üzvlərindən olan "hüquq müdafiəçisi" Mehriban Vəzir baş verənləri kənardan izləmək qərarından imtina edərək, P.Hüseynova dur deməyi bacarır. M.Vəzir P.Hüseynovun hərəkətlərində şəxsi təşəbbüskarlığın olduğunu əsas gətirərək, burada verilən qərarların ümumi rəy əsasında müəyyənləşməsinə diqqət çəkir. Onun iddiasına görə, "dərə xəlvət, tülkü bəy" məsəlinə uyğun olaraq P.Hüseynovun bu hərəkətləri heç bir mənəvi-psixoloji cəhətlərə malik deyil. Bu isə birmənalı şəkildə həmişə öz çılğınlığı ilə seçilən P.Hüseynovun özündən çıxmasına səbəb olub. O da, öz növbəsində, M.Vəzirə bildiyi məsələlərlə, ona aid olan işlərlə məşğul olmağı tövsiyə edib.
Qeyd edək ki, P.Hüseynov bildirib ki, "İP" çərçivəsində "kölgə kabineti" yaradılması ilə bağlı müzakirələrin başlanması faydalıdır. Onun düşüncəsinə görə, ideya müzakirə edilməlidir, konseptual baxımdan bu məsələ barədə mövqelər müəyyənləşməlidir. P.Hüseynov məhz bundan sonra şəxslərin kimliyi məsələlərinin öz həllini tapacağına ümidini ifadə edib. "İP"-in Koordinasiya Şurasının üzvü M.Vəzir isə P.Hüseynovun bu barədə söylədiklərinin gündəlikdə olmayan məsələlərdən olduğunu bildirib. Qeyd edib ki, bu P.Hüseynovun təşəbbüsüdür. "Nə sessiyada, nə də gündəlikdə belə bir mövzunun müzakirəsi nəzərdə tutulmayıb. Düşünürəm ki, sadəcə, fərdi təşəbbüsdür. Ancaq çıxış üçün o qədər də uğurlu vaxt seçilməyib" deyən M.Vəzir P.Hüseynovun gündəmə gətirdiyi məsələnin "İP"-in fəlsəfəsinə zidd olduğunu və bunun Koordinasiya Şurasında müzakirə olunmasına ehtiyacın olmadığın vurğulayıb.