Məlum olduğu kimi, yaxın bir-iki aya Müsavat partiyasının keçirəcəyi qurultayla bağlı hazırlıq işləri görülməsi və təşkilat komitəsinin yaradılması barədə "Yeni Müsavat" qəzetində məlumat verilmişdi. Lakin onun səhərisi günü elə "Yeni Müsavat"da heç bir hazırlıq işlərinin getmədiyini və bu prosesin tamam əksinə, yəni "başqanlıq" uğrunda yeni iddialıların ortaya çıxdığı ilə bağlı məlumat verildi. Bu da təbii haldır. Çünki Müsavatda hər kəs özünü "lider" hesab edir. İkinci bir əsas səbəb isə, qurumun qurultayının keçirilməsinə dair yaradılan təşkilat komitəsinə hazırkı başqan İsa Qəmbərovun rəhbərlik etməsidir. Ancaq maraqlı məqam ondadır ki, artıq keçirilən yığıncaqdan sonra İ.Qəmbərovu "gördüm" deyən olmayıb. Bu isə, Müsavatdaxili gərginliyi, eyni zamanda, bu prosesin baş tutmamasında maraqlı iç qüvvələrin açıq şəkildə hərəkətə keçməsi ilə nəticələnib. Müsavat partiyasının bölgə təşkilatlarında qurultaya hazırlıq adı altında keçirilən görüşlərdə partiyanın başqan müavini Tofiq Yaqublu da İ.Qəmbərovun yoxluğundan istifadə edərək, özünü qarşıdakı qurultayda "mütləq başqan" kimi təqdim edir. Elə bu günlərdə Müsavatın Salyan rayon təşkilatının qərargahında keçirilən görüşdə T.Yaqublu Müsavatın yeni başqanı kimi təqdim edilib. Bəziləri bunu təəccüblə qarşılasalar da, məsələdən xəbərdar olduqdan sonra hər şeyi anlayıblar.
Tofiq Yaqublu Arzu Səmədbəyliyə "xəbərdarlıq" edib
Arzu Səmədbəylinin Müsavat partiyasının məclis sədri seçilməsi ona qarşı yaranan gərginliyi daha da kəskinləşdirib. Çünki hazırkı mərhələdə qurum daxilində tutulmuş mövqeyə etiraz edənlər, nə olur-olsun, maraqlarının təminatı üçün səylər göstərirlər. Hətta onlar köhnə məclis sədrinin, yəni Sülhəddin Əkbərin yenidən Müsavata qaytarılması üçün təkliflər də irəli sürüblər. Elə bu yanaşmalardan və baş verənlərdən də aydın görünür ki, A.Səmədbəyli Müsavat partiyasına Məclis sədri seçilməsi heç də uğurlu bir seçim deyilmiş. Eyni zamanda, onu bu postda görmək istəməyən və hazırkı şəraitdə ona "get" deməyə belə açıq şəkildə hazır olan başqan müavini T.Yaqublu bu istiqamtədə artıq fəaliyyətini də dayandırmayıb. Məhz bu səbəbdən də, T.Yaqublu A.Səmədbəyliyə "hər şeyə burun uzatma" xəbərdarlığını da edib. Onun bu mesajından sonra isə qurumdakı daxili ab-hava daha da gərginləşib.
İsa Qəmbərova da Müsavatdan "get" mesajı verildi
Uzun müddətdir ki, tutduğu postda heç bir uğura imza ata bilməyən Müsavat başqanı İsa Qəmbərov üçün, görünür, sonuncu dönəm artıq başlayıb. Onun bir müddət öncə başqanlıqdan gedəcəyi barəsində səslənən fikirlər və dolaşan söz-söhbətlər səngisə də, qurultay məsələsi ortaya çıxandan bəri İ.Qəmbərovun başqanlıqdan getməsi yenidən gündəmə gətirilib. Çünki İ.Qəmbərov yuxarıda qeyd etdiyimiz kimi qurumun qarşıdakı müddətdə keçiriləcək qurultayına məsul şəxs təyin edilib. Amma hələ də, bu məsələ ilə bağlı konkret bir qərar verilməyib. Eyni zamanda, İ.Qəmbərova belə bir məsələ tapşırılanda da ona etiraz edənlər "bu 20 ildə bizə nə etdi ki, bundan sonrakı 20 gündə nə etsin" fikrini də səsləndirmişlər. Müsavat partiyasından qəzetimizə verilən məlumata görə, qurumdaxili ümumi rəy əsasında artıq İ.Qəmbərova "get" mesajı verilib və onun yenidən geri qayıtmaq şansı da yoxdur.