Uzun müddətdir ki, Londonda məskunlaşmış Etibar Məmmədov, görünür, yenidən Azərbaycana geri dönmək planlarını birdəfəlik təxirə salıb. Xatırladaq ki, 2010-cu ilin oktyabrında radikal müxalifət düşərgəsində növbəti ölkəni tərketmə addımı da məhz AMİP "lideri" Etibar Məmmədov tərəfindən atılmışdır. Belə ki, baş verən həm düşərgədaxili, həm də, partiyadaxili sədr-lider qarşıdurmaları nəticəsində AMİP-in "lideri" başını götürüb İngiltərəyə qaçmışdı. Əslində, bu kimi "qaçış" xəbərlərinin radikal müxalifət düşərgəsi çərçivəsində yayılması gözlənilən hal kimi qəbul edilir. Çünki belə vəziyyətlər daha öncələr də baş vermişdi.
Lakin AMİP-də baş verənlərin bilavasitə E. Məmmədov adı ilə əlaqələnməsi ətrafında maraqlı məqamlar və nüanslar mövcuddur. Yəni burada onun biznes fəaliyyəti daha çox qabardılsa da hadisələr ətrafında başqa əlamətlər da mövcuddur ki, bu da E.Məmmədovun AMİP sədri Yusif Bağırzadə və funksioner Əli Orucovla bağlı yaşanan problemləridir. Hansı ki, Y.Bağırzadə dəfələrlə mətbuata çıxıb deyilənlərin "yalan" olduğunu bar-bar bağırsa da...
Bütün mənalarda şəriklik ambisiyaları
Məsələ ondadır ki, sonuncu iki şəxs-Y.Bağırzadə və Ə.Orucov E.Məmmədovun ölkədəki şəxsi biznes fəaliyyətinə şərik kimi qoşulmağı ondan tələb etmişdilər. Lakin E.Məmmədov müəyyən vasitələrlə, müəyyən üsullarla onlarla yalnız siyasi müstəvidə əməkdaşlıq edəcəyini vurğulamışdı. Bu cavab isə nə Y.Bağırzadəni nə də Ə.Orucovu heç cür qane etməmişdi. Nəticədə hər iki AMİP səlahiyyətlisi müxtəlif vasitələrlə E.Məmmədovun gördüyü ölkədaxili ticari işlərini onlara işləyən müxalifət qəzetlərində yaymağa başladılar. Eləcə də, AMİP "liderinin" "ACP" sədri Rəsul Quliyevlə olan gizli "alış-veriş" məqamları, yəni xarici biznes maraqları da bir sıra AMİP-meyilli qəzetlərdə üzə çıxarılmışdı. Bu olaylar baş verdikdən sonra, məhz E.Məmmədovdan məsləhət almadan "İctimai Palata"ya üzv olan AMİP -də daxili vəziyyət getdikcə daha da qəlizləşdi. Bildiyimiz kimi, E.Məmmədovun həm Müsavat başqanı İsa Qəmbərovla, həm AXCP (i) sədri Əli Kərimovla, həm də orada cəmləşən digər partiya və ictimai birlik sədrləri ilə düşmənçilik mövqeləri mövcuddur. Bunu nəzərə alan Y.Bağırzadə öz tərəfdarları ilə gizli surətdə məsləhətləşərək, E.Məmmədovdan məhz bu yolla qisas almağı düzgün yol kimi qəbul etdi. Buna baxmayaraq, E.Məmmədov mətbuata verdiyi açıqlamalarında AMİP-in "İctimai Palata"ya üzv olmasını öz təbirincə, neqativ hal kimi dəyərləndirmədi. Daha dəqiq desək, növbəti gizli əməllərinin, biznes fəaliyyətlərinin üzə çıxmaq qorxusu onun susaraq, guya buna razı olduğunu sərgilədi. Hansı ki, o, bu tipli ifadələrini məcburiyyət qarşısında səsləndirirdi. Lakin AMİP "liderinin" məcburi susqunluğu da heç nəyi həll etmədi. Yəni Y.Bağırzadə ilə Ə. Orucov E. Məmmədova qarşı başlatdıqları "səlib yürüşü"nü daha şiddətli şəkildə davam etdirməyə başladılar. Bir sözlə, E.Məmmədov sıxışdırılaraq, get-gedə kənara doğru sürüklənməyə başladı. Maraqlıdır, əgər o, bütün hallarda özünü "güclü lider" hesab edirdisə, onda nəyə görə həm şəxsi maliyyə mənbəsindən, həm də digər mümkün üsullardan istifadə etmədi? Axı istənilən vəziyyətdə nə Y. Bağırzadə nə də Ə.Orucov E. Məmmədov üçün elə də güclü partiyadaxili struktur deyildi. Və ən azı E. Məmmədov onların əlindən İngiltərəyə qaçmaya, yaxud da getməyə da bilərdi...
İngiltərəyə qaçışın görünən və görünməyən tərəfləri
E.Məmmədovla bağlı baş verən hadisələrə diqqət yetirdikdə, yenidən istər-istəməz keçən əsrin 90-cı illərinə nəzər salmalı olacağıq. Belə ki, hələ 1998-ci ilin prezident seçkiləri öncəsi özünü müxalifətin "ən optimal namizədi" hesab edən "Etibar Məmmədov amili" öz kürəyini Qərbin müxtəlif donor fondlarına "söykəmişdi". Hələ o zamanlar (ondan sonra da) mərkəzi ofislərindən biri məhz İngiltərədə yerləşən "West Mistr" təşkilatı ilə gizli əlaqələrdə olan AMİP "lideri" dəfələrlə bu təşkilatdan maddi vəsaitlər alaraq, müəyyən işlərinə xərcləmişdi. Bu vəsaitlərin bir hissəsinin hara və necə xərclənməsi istiqamətini də adıçəkilən xarici təşkilat müəyyənləşdirirdi. O zamanlarda baş verən siyasi-ictimai hadisələri az-çox xatırlayanlar AMİP-in nə dərəcədə dağıdıcı, radikal mövqe nümayiş etdirməsini unutmaya bilməzlər. Lakin hər zaman olduğu kimi, adıçəkilən xarici təşkilat bu partiyanın qarşısında "vəzifə öhdəçiliyi" qoymuşdu ki, bu da AMİP-in sonda nəyə "qadir" olduğunu tam çılpaqlığı ilə ortaya qoydu. Lakin burada əsas məqamlardan digəri də odur ki, E. Məmmədovun gizli danışıqları sonradan onun müavini tərəfindən üzə çıxarıldı. Bu, o zamankı müavin İlqar Məmmədov idi. Məhz İ.Məmmədov Etibar "bəyin" gördüyü bütün örtülü məqamları ortaya çıxarıb onu dağıdıcılıqda, anarxiyaya meyillikdə suçladı. Xüsusilə, vurğulamaq yerinə düşərdi ki, E. Məmmədovun o zamankı müavini də onun o zamanlar hələ təzə-təzə qurduğu biznesinə şərik qoşulmaq istəyində olmuşdu. Və onda da AMİP-in o zamankı sədri biznes fəaliyyətində təkbaşına işlədiyini, şəriklə iş birliyi qurmağının kompleksinə aidiyyətı olmadığını bəhanə edərək, müavininə dolayısı ilə rədd cavabı vermişdi. Sonda da, yuxarıda qeyd etdiyimiz kimi, E.Məmmədovun "sandığı açıldı, pambığı töküldü". Lap indikilərdə olduğu kimi. Artıq AMİP "lideri" öncə yaşananların təkrarlanmaması üçün, öz müavinləri tərəfindən növbəti dəfə "vurulmamaq" üçün qabaqdangəlmişlik edərək, xilasını İngiltərədə tapmağa getdi. Getməyinə getdi, amma vay o getməyin halına ki, yerində bir yığın partiyadaxili çaxnaşmalar və biabırçılıqlar qoydu. Üstəlik, İngiltərədən, Londondan geri gəlmədiyi kimi...
RÖVŞƏN