PDF Oxu

Müxalifət

  • 14

“AXC-nin parçalanması ilə bağlı 250 səhifəlik “Yurd həqiqətləri” kitabı ortadadır”

“AXC-nin parçalanması ilə bağlı 250 səhifəlik “Yurd həqiqətləri” kitabı ortadadır”

AXC-ni parçalayaraq bir neçə qütbə bölmüş qüvvələr arasında yenidən münasibətlər gərginləşib. Artıq bir neçə gündür ki, tərəflər bir-birinin ünvanına ən sərt ifadələr işlədir, tənqid və təhqirlərə yol verirlər. AXC lideri Əbülfəz Elçibəyin vəfatından sonra onun yaratmış olduğu partiyanı bir neçə qola parçalayan və bir-birini açıq şəkildə xəyanətdə günahlandıranlar münasibətlərini normal qaydaya salmaqdasa, yenidən üz-üzə dayanıblar.
Bu dəfə də, AXC-nin "islahatçılar" qanadı ilə "klassiklər" qanadı, 2000-ci ilin əvvələrində olduğu kimi, açıq qarşıdurmaya başlayıblar. AXCP (i) sədri Əli Kərimov AXC lideri Ə.Elçibəyə məhz "KAXCP" sədri Mirmahmud Fəttayevin xəyanət etdiyini bildirib. Onun iddiasına görə, M.Fəttayev Elçibəyə ideyaları ilə yanaşı, ümumi müxalifət anlayışına da xəyanət edərək satqınçılıqla məşğul olub.

"Əgər bu uşaqlar özlərini yığışdırmasalar, onda bütün faktları açmalı olacağam"

Ötən həftə belə bir açıqlama ilə M.Fəttayevin bütün dayaqlarını alt-üst etməyə çalışan Ə.Kərimov bir müddətdən sonra kimin-kim olacağının ortaya çıxacağını da qeyd edib. "KAXCP" sədri M.Fəttayev də, öz növbəsində, Ə.Kərimovun yalan və riyakarlığından bəhs edib. Bildirib ki, onun imtina etdiyi mandatdan Əli Kərimov istifadə edib. "Əgər vaxtında Əli də mənim kimi mandatdan imtina edə bilsəydi, bu gün onun yazdırdığı köşə yazılarında bəzi şeylər başqa cür ortalığa çıxmazdı" deyən M.Fəttayev siyasi vəsiyyət və digər məsələlərlə bağlı da əlində ilginc faktların olduğunu qeyd edib. Vurğulayıb ki, Ə.Kərimov və onun ətrafındakılar əgər çox narahatdırlarsa, onda 2000-ci il yazışmalarını da ortaya qoyacağıq. "Yəqin o vaxt Əli uşaq olub, ona görə də çox şeyi yadından çıxarıb. Kimin kimlə ittifaqda, kimin harda olmasının fərqində olmalıydı. Bəzi şeyləri ola bilər kimsə diktə edir, imla yazdırır. Amma bunun fərqində olması məsləhətdir. Onlara bir daha deyirəm ki, açsınlar qulaqlarını, eşitsinlər. Mən bu xəbərdarlığı bir daha edirəm. Əgər o uşaqlar özlərini yığışdırmasalar, onda bütün faktları açmalı olacağam. Məgər bu, o deməkdir ki, bu tərcümeyi-halı biz yazmışıq? Bu tərcümeyi-halı Əli Kərimovun özü yazıb. Biz bu tərcümeyi-hal haqqında bir söz demişik? Onlar uşaq ağılları və ya uşaq başçılarının göstərişləri ilə hərəkət edirlərsə, min təəssüf! Deməli, onlar daha böyüyə bilmədilər. Mənim imtina etdiyim mandatdan Əli Kərimov istifadə edib" deyən M.Fəttayev Ə.Kərimov da onun kimi mandatdan imtina edəcəyi təqdirdə, bu gün onun yazdırdığı köşə yazılarında bəzi şeylərin başqa cür ortalığa çıxacağına əminliyini ifadə edib.

"Ona etibar edib vəzifə veriblər, əvəzində isə nankorluq, vəfasızlıq, arxadan badalaq görüblər"
M.Fəttayev Ə.Elçibəyin ondan daha çox Əli Kərimova etimad göstərirmiş kimi yayılan xəbərlərə də sərt reaksiya verib. M.Fəttayev bildirib ki, əgər onlar bu fikri səsləndiriblərsə, başlarından böyük qələt ediblər. "Birincisi, 28-29 yaşında etimad göstərilən bir adam heç bir etibarı və etimadı qazanmayaraq nəinki Elçibəyə, demokratiyaya, insanlığa, millətə, milli hökumətə, dövlətə və dövlətçiliyə xəyanət edib. Ona etibar edib vəzifə veriblər, əvəzində isə nankorluq, vəfasızlıq, arxadan badalaq görüblər. Bizim hara təyin edilib-edilməməyimiz isə tamam ayrı məsələdir. O cür yüksək etimad göstərilən adamlar neylədilər? Elçibəyin hakimiyyətinin devrilməsinin iştirakçısı oldular. Bu, onların birbaşa siyasətləri və bu istiqamətdəki fəaliyyətləri ilə baş verdi" deyən "KAXCP" sədri AXC-nin parçalanması ilə bağlı 250 səhifəlik "Yurd həqiqətləri" kitabı ortalıqda olduğunu da diqqətə çatdırıb.

"Siyasi vəsiyyət və digər məsələlərlə bağlı Əli Kərimov çox narahatdırsa, onda 2000-ci il yazışmalarını da ortaya qoyacağıq"
O, qeyd edib ki, Ə.Kərimov çox narahatdırsa, mən həmin kitabı və onun davamı olan bütün sənədlərin hamısını internet saytında yerləşdirəcəm. Bununla da bütün dünya tanış olacaq deyən M.Fəttayev siyasi vəsiyyət və digər məsələlərlə bağlı çox narahatdırlarsa, onda 2000-ci il yazışmalarını da ortaya qoyacağını söyləyib. "Bundan başqa, 2000-ci il parlament seçkilərinə gedən siyahıdan niyə imtina edildiyini, o siyahıda kimlərin olduğunu açıqlayacağıq. O sifarişçilər "Azadlıq" qəzetinin 2000-ci ilin avqust ayında, Elçibəyin ömrünün son günlərində yazdıqlarını və redaktə olunanları ortaya qoysunlar. Bilirəm ki, "Yurd"çular mənim açıqlamalarıma gülürlər. Onlar "Bizim əlimizdə olan faktlar Mirmahmud Fəttayevdə olsaydı, görəsən, daha necə danışardı" deyə fikirləşirlər. Yəni bilirəm ki, onlarda daha tutarlı faktlar var. Onlar Ə.Kərimovu məndən qat-qat yaxşı tanıyırlar. O, iclaslarda bir cür, başqa yerdə isə ayrı cür olurdu. Onun cəsarəti varsa, buyursun gəlsin, harda, hansı formada istəyir, danışaq. Hər kəs də görsün ki, kim kimdir. Əgər cəsarəti yoxdursa, onda uşaqların imzasının arxasında gizlənməsin. Uşaqları da özü kimi bədbəxt etməsin" deyə M.Fəttayev əlavə edib.
"KAXCP" sədri onu da əlavə edib ki, bütün bu böhtanlardan, şantajlardansa Ə.Kərimov Ə.Elçibəyə, insanlığa, millətimizə, dövlət və dövlətçiliyə xəyanət etdiyini etiraf etsin. "Bununla da məsələ qurtarsın və biz də davanı bitmiş hesab edək. Təzə mirzələr tapıb, qondarma və ya həqiqi adlarla ortalığa gətirmək lazım deyil. Mən efirdə təkbaşına danışdığım kimi, kim istəyirsə, efirdə danışaq. Başqa qəzetlərin yazarlarını ortaya atmaq lazım deyil. Onların da nə qədər sədaqətli və hansı yazının neçəyə olduğunu da bilirəm".
Tapdıq Qurbanlı

Digər xəbərlər