Son dövrlər Azərbaycan xalqı çox böyük, hətta nəhəng dəyişikliklərin, yeniliklərin şahidi olsa da, aqressiv müxalifətin zorakı davranışlara meyil etmələri onlar üçün qətiyyən yenilik sayılmır. Ölkə daxilində bütün siyasi və sosial dayaqlarını itirərək, antiazərbaycançı şəbəkənin himayəsinə sığınan, cılız və primitiv mübarizə üsulları ilə xalqın gözündən tamamilə düşən, xalqı bezdirən hansısa "yeni ideya" və "proqramlarla" ictimaiyyətin diqqətini cəlb edə bilməyən bu dırnaqarası qüvvələr ənənəvi ampluadadır...
Satılmış buyruq qulları
Ölkə daxilində baş verən siyasi prosesləri az-çox izləyən, maraqlanan ictimaiyyət, yəqin ki, bu gerçəkliyi qəbul edirlər: Azərbaycan cəmiyyətində ictimai etimad, inam və etibar qazana bilməyən radikal müxalifət partiyaları istənilən hər bir ölkə əhəmiyyətli hadisələrdən, seçkilər və referendumlardan sonra qarşılaşdıqları ağır məğlubiyyətlərdən, üzləşdikləri biabırçılıqlardan diqqətlərini yayındırmaq məqsədi ilə qarşıdurma və iğtişaşlar ilə nəticələnə biləcək dağıdıcı aksiyalara meyillənirlər. Bu tip köhnə, naftalin qoxusu verən antisivil yollarla sadəlövhcəsinə ölkədəki siyasi proseslərə təsir imkanı qazanacaqlarını, məhdud saylı tərəfdarlarını, ölgün sosial-bazalarını qoruyub saxlayacaqlarını düşünən radikal ünsürlər son nəticədə daha rüsvayçı durumla üzləşirlər. Heç də uzağa getməyərək, 2011-ci ilin 18-19 mart, 2 və 16 aprel olaylarını 1998-ci ilin avqust, 2003-cü ilin oktyabr, 2005-ci ilin noyabr hadisələri ilə uzlaşdıraq. Fərqli illər və fərqli zamanlar kəsimlərinə baxmayaraq, bütün hallarda müvafiq hakimiyyət qurumları ilə razılaşdırmadan keçirməyə cəhd göstərdikləri icazəsiz, dağıdıcı, aqressiv xarakterli, haylı-şüvənli kütləvi aksiyalar sözügedən qüvvələrin qeyri-sağlam və zorakı mübarizə metodlarından, anarxiyaya meyilli instinktindən əl çəkə bilmədiklərini, hələ də meydan eyforiyası ilə yaşadıqlarını sərgiləyir. Əvvəlcədən verdikləri gurultulu, pafoslu, palaz-palaz populist bəyanatlar müqabilində icazəsiz aksiyaya şirnikləndirici vasitələrlə vur-tut cəmi 200-300 nəfəri zorla çıxaran bir neçə radikal müxalifət partiyasının cəmiyyətdə ciddi sosial dayaqlarının olmadığı hər zaman öz təsdiqini tapmaqdadır. O da bəllidir ki, həmin dırnaqarası qüvvələrin xüsusi hazırlıqlı, təlim keçmiş boğazıyırtıq "dəstələri" qeyri-qanuni, heç bir çərçivəyə sığışmayan aksiyalar zamanı insanlar, vətəndaşlar arasında təşviş yaratmaq, vəziyyəti süni şəkildə gərginləşdirmək məqsədi ilə zorakı hərəkətlərə yol versələr də, qanun mühafizəçilərinin, asayiş keşikçilərinin sayıqlığı nəticəsində öz məkrli məqsədlərinə nail ola bilməyiblər.
Və əslində, Azərbaycandakı inkişaf və tərəqqiyə qarşı yönələn, xarici antiazərbaycançı şəbəkənin diktəsi ilə ölkədəki ictimai-siyasi sabitliyi pozmağa yönələn bu tipli aksiyaların bu rüsvayçı, biabırçı sonluqla nəticələnəcəyi əvvəlcədən də bəlli olur. Lakin radikal müxalifətin zaman-zaman törətməyə cəhd göstərdiyi iğtişaşlar deməyə əsas verir ki, "biz hakimiyyətə gəlirik" kimi istehza, gülüş doğuran şüarlarla məhdud saylı tərəfdarlarını 20 ilə yaxın müddətdə aldadan, eləcə də, alçaldan hər seçkidə məğlubiyyət acısını yaşasa da, bunu etiraf etməyə siyasi mədəniyyəti çatmayanlar təbii olaraq ictimai dəstəkdən də tamamilə məhrum olublar. Bu qüvvələrin təkcə apreldə üzləşdikləri rüsvayçı vəziyyət onların ölkədə hansısa sosial bazaya, habelə, siyasi proseslərə təsir imkanlarına malik olmadıqlarını bir daha nümayiş etdirdi. Üstəlik, həmin zorakı aksiyalardan sonra məlum partiyalardan kütləvi istefaların baş qaldırması da yuxarıda qeyd olunanları təsdiqləmiş olur. Səbəb kifayət qədər sadədir: müdrik xalqımız kimin kim olduğunu bilir, ağı-qaradan, yaxşını-pisdən, doğrunu-yalandan seçməyi bacarır. Məhz buna görə də xalq inkarçılıq psixologiyasından qurtula bilməyən nihilist qüvvələrə ötən ilin parlament seçkilərində də növbəti dəfə "yox" dedi. Amma bütün bu "yox"lara rəğmən, radikallar indi də iyunun 19-dan dəm vururlar. Allahdan bu ünsürlərə ağıl diləməkdən başqa isə heç bir əlacımız qalmır...
Əbədi məğlubların
cığallıq "siyasəti"
Əbədi məğlublar və onların xaricdəki ağaları reallığı etiraf etməyə özlərində cürət tapmırlar. Cığal xislətindən uzaqlaşa bilməyən bu qüvvələr, həmişə olduğu kimi, reallığa, fakta- sübuta yox, cılız iddialara əsaslanaraq, absurd fikirlər səsləndirirlər. İqtidarı dəstəkləyən milyonlarla vətəndaşı daim aşağılamağa çalışan, hətta nifrətini açıq şəkildə izhar edən, xalqa qənim kəsilən bu antimilli qüvvələrin gülünc "arqumenti" isə belə olub ki, guya onların uğur qazanmadığı bütün seçkilər demokratik ola bilməz. Əlbəttə, bu mülahizələrin reallıqdan tamamilə uzaq olduğunu ölkə vətəndaşları da çox yaxşı bilirlər. Fəqət, nə etməli, radikal müxalifət məğlubiyyətini və həm də acizliyini asanlıqla etiraf etmək mədəniyyətində, gücündə deyil. Əksinə, ağır psixoloji durumda olan bu qüvvələr antiazərbaycançı şəbəkənin bütün sifarişlərini "cani-dildən" icra edərək, ölkəmizin nüfuzuna xələl gətirmək üçün dəridən-qabıqdan çıxırlar. Bəli, bölgədə müstəqil, suveren dövlət kimi mövcudluğumuzdan əndişələnən müəyyən daxili və xarici qüvvələr seçkidən sonra yenə bir araya gəliblər. Hədəfdə isə yenə də Azərbaycan dövlətinin, xalqın milli maraqlarıdır. "Xalqa nə qədər pisdirsə, bizə bir o qədər yaxşıdır" prinsipindən çıxış edən aqressiv müxalifət hələ də sadəlövhcəsinə Azərbaycan hakimiyyətinə xarici təsirləri gücləndirə biləcəyinə ümidlidir. Görünür, onları şirnikləndirən həm də budur ki, xaricdəki antiazərbaycançı şəbəkə Azərbaycan hakimiyyətinin müstəqil siyasət yeritməsini və bütün məsələlərdə yalnız milli maraqlarını əsas tutmasını heç cür "həzm" edə bilmir. Regionun bir çox dövlətlərini asanlıqla təsiri altına salan, onlara öz maraqlarını kobud şəkildə diktə edən fövqəlgüclər Azərbaycana təzyiq rıçaqlarının olmaması ilə qətiyyən barışmaq istəmirlər. Məhz bu səbəbdən də Azərbaycana qənim kəsilən, onun bölgədə müstəqil, suveren dövlət kimi mövcudluğundan əndişələnən məlum daxili və xarici qüvvələr yenə fəallıq imitasiyası yaratmağa çalışırlar. Azərbaycanın əldə etdiyi davamlı uğurları həzm edə bilməyən bu bədnam qüvvələrin hədəfi dəyişməz olaraq qalır: nəyin bahasına olursa-olsun, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, vəziyyəti gərginləşdirmək, həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq. Bütün bunların nə ilə nəticələnəcəyini isə Azərbaycan xalqı yaxşı bilir. Bu, ümumilikdə, radikal müxalifət anlamının yox olma gerçəkliyidir. Necə deyərlər, vaya qalmış radikal ünsürlərin yenidən haya gəlməsi qətiyyən inandırıcı görünmür.
R.RƏSULOV