20 ilə yaxındır ki, müxalifətçiliklə məşğul olub, saç ağardıb, diş tökən AXCP "lider"i Pənah Hüseynov indi daha böyük iddialarla çıxış etməyə başlayıb. Son günlərdə qədər müxalifət düşərgəsində qarşısına çıxan hər kəsə qara yaxan P.Hüseynov havaların istiləşməsi ilə əlaqədar olaraq kölgəyə çəkilib. Onun kölgəyə çəkilməsi ilə müxalifət düşərgəsində yaratmış olduğu gərgin mühit heç də sona çatmayıb.
Bir müddət öncə, "Azadlıq" partiyasının sədri Əhməd Orucu hədəfə alıb ona qarşı ən sərt formada ifadələr, təhqirlər və böhtanlar səsləndirən P.Hüseynov onu duelə də çağırmışdı. AXP "lideri" bu addımını nə ilə əsaslandırdığını deyə bilməsək də, digər məqamlardan tam xəbərdarıq. "İP"-i öz "ata malı" kimi görən P.Hüseynov burada ikinci bir şəxsi belə görmək istəmirdi. O, bir müddət "Demokratiya Uğrunda İttifaqda" birlikdə təmsil olunduğu "KAXCP" sədri Mirmahmud Fəttayevi öz yanına çəkməklə, bu qurumun da fəaliyyətini dondurmasını tələb etmişdi. Lakin P.Hüseynovun özünü hegemon kimi göstərərək, düşərgədə hər şey sahib çıxmaq istəyi bu məsələ də, münasibətlərin gərginləşməsinə imkan yaratdı. "DUİ"-nin dağılması ilə hər şeyin bitdiyini düşünən P.Hüseynov əks addımı gözləmədiyindən birdən-birə Ə.Orucun ona qarşı çıxması sillə kimi oldu. Ona görə də, P.Hüseynov bir ay müddətdə hər gün davamlı olaraq Ə.Orucu hədəfində saxladı. Hətta onun mobil telefonuna hədə dolu mesajlar da göndərdi. Bu məsələdə isə, həmişə olduğu kimi, Pənahı qızışdırıb kənardan tamaşa edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ona "mənəvi" dəstək olurdu. Eyni zamanda, Müsavat başqanı İsa Qəmbərov da, P.Hüseynova "müxalifətin ələmdarı" deyərək ona "səndən yoxdur" prinsipi ilə yanaşır və daha qızışdırıcı aura yaratmağa çalışırdı. Bütün bunlar isə Pənaha daha alovlu və çılğın formada hərəkət etməyə stimul verirdi. Ə.Orucu dişindən çıxarandan sonra isə o, AXC-Müsavat dönəmindəki havaları yaşamaq eşqinə düşərək "İctimai Palata" daxilində "kölgə kabineti" təklifi ilə çıxış etməyə başladı. Onun bu təklifinə isə "İP"-in digər üzvü Mehriban Vəzirin etirazı ilə qarşılandı. Amma heç bir halda kriteriyalara əhəmiyyət belə verməyən P.Hüseynov qarşısında qadın siyasətçi olmasını da unudaraq ona qarşı necə lazımdı cavab verməyi özünə "borc" bildi. Çünki o, belə bir hərəkət etməsəydi, çayxanada İ.Qəmbərova nə cavab verəcəkdi. Orasını bizdən yaxşı P.Hüseynovun özü daha yaxşı bilər.
Tapdıq Qurbanlı