"KAXCP"-nin qurultayı adıçəkilən siyasi təşkilatın sədri Mirmahmud Fəttayevin nəzərdə tutduğu kimi təmtəraqla keçmədi. Belə ki, öncədən nəzərdə tutulan qonaqların, müxtəlif siyasi qurumların, birlik və blokların, eləcə də, "İctimai Palata" üzvlərinin sözügedən tədbirə qatılmaması arxasında isə bir çox məqamların dayanması sirr deyil. Onu da qeyd edək ki, M.Fəttayev hələ bir neçə ay öncədən, rəhbərlik etdiyi partiyada bu istiqamətdə müxtəlif tapşırıqlar vermişdi və verilən tapşırıqların, demək olar ki, heç biri yerinə yetirilməmiş qalıb.
Bu isə onun rəhbərlik etdiyi siyasi qurumda nüfuzunun olmamasından irəli gələn amil kimi dəyərləndirilə bilər. Təbii olaraq qəbul edilən bu cür durum isə "KXCP"-nin bir partiya olaraq, yararsız siyasi təşkilat olduğunu ortaya qoyur. Lakin məsələ təkcə bununla bitmir. Belə ki, partiya daxilində yaranmış qruplaşma rəqabətlərinin xalis düşmənçilik mövqeyinə keçməsi, digər müxalifət partiyaları tərəfindən "KAXCP"-nin sıxışdırılması, oraya öz adamlarını yerləşdirmək planları ümumilikdə həm M.Fəttayevin, həm də partiyanın mövqelərini alt-üst edib. Məhz qurultayın sönük, yarıboş zalda keçirilməsi də deyilənləri təsdiq edir.
Hələ qurultaya bir neçə gün qalmış Müsavat partiyasının başqanı İsa Qəmbərov oraya qatılmayacağını bəyan etmişdi. Onun bu tipli açıqlamasından sonra, AXCP (i) sədri Əli Kərimov da eynən buna bənzər açıqlama ilə çıxış etdi. Hər kəsə bəllidir ki, əslində, belə bir açıqlamanın arxasında köhnə düşmənçilik məsələləri dayanıb. Belə ki, AXCP (i) ilə "KAXCP" arasında baş verənləri sadalamağa ehtiyac belə yoxdur. Ona görə ki, bu iki partiyanın arasında kimin həqiqi "cəbhə" olması hələ də anlaşılmayıb. Müsavatla məsələyə gəldikdə isə İsa Qəmbərovun Mirmahmud Fəttayevi yarı yolda qoyması, ona bir növ "atış" gəlməsi ictimaiyyət tərəfindən dəfələrlə müşahidə olunub. Bu səbəbdən də Qəmbərov-Kərimov cütlüyünün qurultaya qatılmayacaqları öncədən proqnozlaşdırılmışdı. Ə.Kərimovun "qurultaya qatılmağımız rəhbərlik etdiyim partiyanın adına xələl gətirər", İ.Qəmbərovun isə "bu qurultay boşboğzlar yığıncağı təsirini bağışlayır" kimi açıqlamalar ilə çıxış etmələri yuxarıda qeyd edilənlərin isbatıdır.
"İctimai Palata"ya gəldikdə isə, həmin qurumdan qurultaya bir-iki nəfər qatıldı və onlar da sona qədər oturmayaraq, tədbiri yarıdan tərk ediblər. Qeyd edək ki, hələ bir həftə öncə, "İctimai Palata"nın Koordinasiya Şurası toplanan zaman, "KAXCP"-nin qurultayı da müzakirə obyektinə çevrilmişdi. Nəticədə qərara alınmışdı ki, bu partiyanın onlara heç bir xeyiri yoxdur, ona görə də boykot qərarı qəbul edildi. Həmçinin, bu qərarın "palata" üzvlərinin hər birinə çatdırılması tapşırığı verildi. Əlbəttə ki, bütün bunlar ümumi olaraq, radikal müxalifət düşərgəsində baş verən inamsızlıq və paxıllıq, eləcə də, xəyanətkar siyasətin məntiqi nəticəsidir. Bu cür siyasətlə, nəinki "qabağa getmək", ümumiyyətlə, mövcud olmaq belə qətiyyən inandırıcı görünmür...
RÖVŞƏN