PDF Oxu

Müxalifət

  • 36

Pənah Hüseynov Sərdar Cəlaloğlunun ittihamlarına cavab verdi

Pənah Hüseynov Sərdar Cəlaloğlunun ittihamlarına cavab verdi

AXP-nin keçmiş sədri Pənah Hüseynovun "İctimai Palata"dan və qondarma qurumun koordinasiya şurasından istefasından sonra, ADP sədri Sərdar Cəlaloğlunun onu öz tərəfinə çəkmək cəhdi boşa çıxıb. Belə ki, əldə etdiyimiz məlumata görə, onların arasında baş tutan gizli sövdələşmədə nəzərə alınmışdı ki, ADP sədrinin yaradacağı "Xalq Parlamenti"ndə qondarma "spiker" rolunu P.Hüseynov tutacaq. Məhz bundan sonra, o, "İctimai Palata"dan istefa verdi və dolayısı ilə radikal müxalifətin S.Cəlaloğlu cinahına keçdi. Lakin sonradan məlum oldu ki, ADP sədri müəyyən məqamlarda P.Hüseynova "gəliş gəlib". Yəni yaradacağı qurumun-"Xalq Parlamenti"nin "İctimai Palata"dan da "üstün" və "güclü" olduğunu sübuta yetirməyə çalışıb. Hətta bir sıra internet xəbər portallarına açıqlama verib ki, "xalq" ilə "ictimaiyyət" arasında fərqlər mövcuddur. Yəni "xalq" kütlədir, "ictimaiyyət" isə həmin "kütlənin" bir hissəsi. Ona görə də "Xalq Parlamenti" "İctimai Palata"dan daha "böyükdür". Məhz P.Hüseynovu oradan qopartmasını da bununla izah edən Sərdar Cəlaloğlu sonunda öz istəyinə çatdığını da gizlətməyib. Onun dediyinə görə, Pənah "bəy" müxalifətin lazımsız əşyasıdır və artıq heç nəyə yaramır.

Qeyd edək ki, "ofsaytda" qaldığını anladıqdan sonra, P.Hüseynov yenidən "İctimai Palata"ya üz tutsa da, onu həmin qurumda xoş qarşılamayıblar. Belə ki, "palata"nın koordinasiya şurasının sədri Mehriban Vəzir onun xəyanətinə qarşı sərt addımlar atılacağını bildirib. Eyni zamanda, Müsavat partiyasının başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov da bundan sonra P.Hüseynova etimad göstərməyəcəklərini bəyan ediblər.

Xatırladaq ki, S.Cəlaloğlu "Xalq Parlamenti"ndə "İctimai Palata" cəmləşən ADP-çilərin də təmsil olunacağını deyib. O bildirib ki, yaradılacaq siyasi quruma qayıtmasalar, onların ADP-dən istefa məsələsi gündəmə çıxarılacaq. Qeyd edək ki, hazırda ADP sədrinin birinci müavini Həsrət Rüstəmov da "İctimai Palata"da təmsil olunur və "Xalq Parlamenti"nə qatılmayacağını açıqlayıb. Baş verən bu olaylar isə nəinki ADP-də, eləcə də, radikal müxalifətdə yeni ikitirəliyin başlanğıcına olan işarə kimi qəbul edilə bilər.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər