Azərbaycan Milli İstiqlal Partiyasında keçirilən sonuncu toplantıda növbəti dəfə partiyanın "fəxri lideri" Etibar Məmmədovun məsələsi müzakirə obyektinə çevrilib.
Partiyanın siyasi şurası adından çıxış edən AMİP funksionerləri, demək olar ki, vahid şəkildə, onun adıçəkilən siyasi təşkilatdan istefası məsələsini gündəmdə saxlayıblar. Önə sürülən əsas ittiham isə, E.Məmmədovun hələ də Londondan Bakıya dönməməsi, ümumiyyətlə, siyasi təşkilatın işinə nə mənəvi, nə də ki, maddi cəhətdən yardım etməməsi olub. Partiya sədri Yusif Bağırzadənin bu istiqamətdə daha çox fəallıq nümayiş etdirməsi isə heç kimdə təəccüb hissi doğurmayıb.
"ACP"-AMİP "siyasi birliyi" formalaşacaqmı?
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, hazırda E.Məmmədov Londonda "ACP" sədri Rəsul Quliyevlə yaxın iltimaslarda olub və onların arasında gizli danışıqlar prosesi baş tutub. Əldə edilən son məlumatlara əsasən, R.Quliyev müəyyən miqdarda maddi yardım vasitəsilə E.Məmmədovu yenidən AMİP-ə sədr postuna yiyələndirəcək və planın növbəti icrasında "ACP"-AMİP siyasi birliyi formalaşacaq. Həmin planın üçüncü mərhələsində isə, R.Quliyevin Bakıya "möhtəşəm dönüşü" istiqamətində işlər aparılacaq.
Qeyd edək ki, hələ bir müddət bundan öncə, İngiltərəyə şəxsi işləri çərçivəsində getdiyini açıqlayan Etibar "bəy" sonradan bəyan etmişdi ki, onun London səfərində heç bir siyasi motiv güdülməyib. Lakin sonrakı gedişat bütün bunların tam əksini göstərdi. Həmçinin, o, hələ Bakıda olarkən, AMİP sədrinə söz vermişdi ki, xaricdə olarkən, partiyaya müəyyən miqdarda pul yollayacaq, təşkilatın maddi resurslarını möhkəmləndirmək istiqamətində tədbirlər planı həyata keçirəcək. Amma sonradan bütün bunların bir yalan olduğu ortaya çıxdı. Artıq bu gün, E.Məmmədovun yeni siyasi ambisiyalarla gündəmə gəlməsi, təbii olaraq, həm sədr Y.Bağırzadəni, həm də funksionerləri əməlli-başlı təlaşa salıb. Partiyanın əsas qorxusu "ACP"-AMİP "siyasi birliyi"nin E.Məmmədov-R.Quliyev timsalında formalaşmasıdır ki, bu da reallaşa biləcək amil kimi dəyərləndirilə bilər.
Ya mən, ya da heç kim!
Məhz bu ərəfədə AMİP-in ardıcıl olaraq, toplantılar keçirməsi arxasında E.Məmmədovun əlində olan "fəxri lider" statusunun əlindən alınması, sonradan isə, ümumiyyətlə, siyasi təşkilatdan istefası məsələsi dayanıb. Əgər bu da alınmasa, AMİP-in buraxılması məsələsi də gündəmə çıxarıla bilər. Belə olan təqdirdə, adıçəkilən siyasi təşkilatın timsalında yeni partiyanın yaradılması gerçəkləşə bilər. Bu isə hazırda Əli Əliyevin sədrlik etdiyi "Vətəndaş və İnkişaf Partiyası" kimi AMİP-in stereotipi sayılan başqa təşkilat kimi formalaşa bilər.
İstənilən vəziyyətdə fürsəti əldən verməyi qətiyyən düşünməyən sədr Y.Bağırzadə AMİP-də olan-qalan bütün elektoratı öz tərəfinə çəkməklə özünüsığorta planı üzərində işləyir. Bu, həm də "ya mən, ya da heç kim" iddiasını ortaya çıxarır ki, belə iddiaların aqibəti hər zaman siyasi ictimaiyyətə bəlli olub. Ən azından, buna misal olaraq, vaxtilə bütöv fəaliyyət göstərən, hazırda bir neçə yerə parçalanan AXCP-ləri göstərmək mümkündür. Görünür, Y.Bağırzadə başda olmaqla, həm E.Məmmədov, həm də, bütövlükdə, AMİP bu siyasi sindromdan əziyyət çəkməli olacaq.
R.Rəsulov