Radikal müxalifət kuluarlarında "Jirinovski" ayaması ilə tanınan AXCP (i) Rəyasət Heyətinin üzvü Xaliq Bahadırın mart ayından başlatdığı anti-Müsavat kampaniyası getdikcə daha kəskin xarakter almaqdadır. Belə ki, adıçəkilən "cəbhəçi"nin Müsavat rəhbərliyinə və funksionerlərinə qarşı yönəltdiyi ittihamları çərçivəsində qarşı tərəfin sifarişlər əsasında fəaliyyət göstərdiyi önə sürülür. Eyni zamanda, onun da üzvü olduğu "İctimai Palata"da, Müsavatın diktatura rejiminin hökm sürdüyü iddia edilir. O, qeyd edib ki, əgər bu cür üsuli-idarə yenə də davam etsə, "İctimai Palata"dan istefa verəcək və oranın bütün pərdəarxası məqamlarını ictimailəşdirəcək: "Orada diktatura rejimi davam etsə, mən hökmən istefa verəcəyəm və oradakıların daha hansı əməllərdən çıxdıqlarını xalqa çatdıracam. Qoy məni "İctimai Palata"dan çıxarsınlar, mən onların diktaturasına düşmən olacağam".
AXCP (i) Rəyasət Heyətinin üzvü Müsavat partiyasının funksionerlərinin onunla bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib. Belə ki, dolayısı ilə müsavatçı hesab edilən "AXP" sədri Pənah Hüseynovu ağılsız adlandıran X.Bahadır digər tərəfdən də vurğulayıb ki, hazırda həbsdə olan Müsavat başqanının müavini Arif Hacıyev müxalifətə yararsız adamdır və onun sonradan ya "İctimai Palata"ya, ya da təmsil olunduğu siyasi təşkilata geri dönməsi qəbuledilməzdir. P.Hüseynova ağılsız xitabına gəlincə isə "köhnə cəbhəçi" deyib ki, lazım gələrsə, yenə həmin xitabı söyləyə bilər: "Mən heç bir qanunu, heç bir demokratik norma və prinsipi pozan çıxış etməmişəm. Eşitmişəm, Pənah Hüseynov da haradasa deyib ki, Arif Hacıyevin adını çəkmək ağılsızlıqdır. Birincisi, Pənah Hüseynovun özü ağılsızdır. Çünki kiminsə adını çəkməyi ağılsızlıq saymağın özü ağılsızlıqdır. İkincisi, mən Arif Hacıyevin adını harada çəkmişəm, onu desinlər. Mən demişəm ki, radioda onunla debatımız olub. Yəni bunu demək cinayətdir? Bunlar hansı düşüncənin sahibidirlər? Mən Arif Hacıyevi söyməmişəm, döyməmişəm, təhqir eləməmişəm. Nə bilirlər, eləsinlər. Nə eləsələr üçqat, beşqat paylarını alacaqlar". Onu da xatırladaq ki, "İctimai Palata"nın və Müsavat partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli mətbuata açıqlamasında deyib ki, təmsil olunduğu partiyanın rayon təşkilatlarının Sədrlər Şurası Xaliq Bahadırın "palatadan" çıxarılması məsələsini qaldırıb.
AXCP (i)-dən isə bildirilib ki, əgər "İctimai Palata"da bu məsələ müzakirəyə çıxarılsa, "cəbhəçilər" Müsavat partiyasının istənilən funksionerinə qarşı adekvat cavab verəcəklər. Bir sözlə, havanın hərarəti artdıqca, radikal müxalifətdə də bulanıq sular qaynamağa başlayıb.
RÖVŞƏN