Daxili münaqişələr və intriqalar məngənəsində tamamilə iflic olmuş "İctimai Palata"da sular durulmur ki, durulmur. Bu təşkilat yarandığı gündən hər kəs burada öz maraqlarını təmin etməyə çalışdığı üçün mövqe toqquşmalarının olması da təbii sayılır. Eyni zamanda, radikal müxalifət düşərgəsində yaranan və qısa bir dövrü əhatə edən müxalifət birliklərinin ənənəvi formada parçalanma prosesi artıq "İctimai Palata"dan da yan keçmədi.
Qurumun yaranması ilə iflas olması arasındakı bu qalmaqallı dövrdə isə baş verən ilginc olaylar müxalifətin fəaliyyət tərzini bir daha açıb göstərmiş oldu. Bir daha cəmiyyətimiz gördü ki, bu gün özlərini radikal müxalifət kimi gözə soxmağa çalışan qüvvələr 20 il bundan öncə necə idilərsə, indi də elədirlər. Onların dəyişməsi üçün isə bundan sonra bir əsr müddət də kifayət etməz. Çünki ən azından onlar dəyişmək istəmirlər. Digər bir yandan isə dəyişmələri belə mümkün olsa, onların normal şəkildə cəmiyyət həyatına inteqrasiya edərək fəaliyyət yolu tutmaları mümkünsüzdür. Məhz bu səbəbdən də, cəmiyyət radikal müxalifətin bütün bu çatışmazlıqlarını, onların ancaq şəxsi maraqlardan uzağa hesablanmayan iddialarını açıq şəkildə hiss etdiyindən birmənalı münasibəti də ortadadır. Lakin bütün bunlar və mövcud münasibətlər müxalifəti, deyəsən, heç maraqlandırmır da. Çünki onlar xarici havadarlarının sifariş və göstərişləri ilə həyata keçirmək istədikləri bütün işlərin arxasında ancaq öz maddi maraqları dayanır.
Xarici donorların müxalifətə ayırdığı pullar havaya sovruldu
"İctimai Palata"ya "Soros" fondunun ayırmış olduğu 10 milyon dollar vəsait Müsavat başqanı İsa Qəmbərovla AXCP (i) sədri Əli Kərimov arasında bölüşdürüldükdən sonra bu işdən narazı qalan və bölgünün düzgün olmadığını iddia edən AXP lideri Pənah Hüseynov böyük narazılıq yaratmışdı. Amma sonradan P.Hüseynovu bu və ya digər şəkildə razı salmağı bacaran adıçəkilən cütlüklər başqalarına çatacaq vəsaiti da öz aralarında "ata" malı kimi bölüşdürmüşdülər. Lap sonralar isə ümumiyyətlə, bu təşkilatı, yəni "İctimai Palata"nı öz adlarına çıxan İ.Qəmbərov və Ə.Kərimov cütlüyü əsl oyunun tərəflərini göstərmiş oldular. "İP"-də öz maraq dairələrini genişləndirmək üçün var-gəl edənlər imə bu yanaşmanın onların ziddinə işlədiyini gec də olsa yəqin edərək, buradan uzaqlaşmağa qərar veriblər. Elə "Klassik Xalq Cəbhəsi Partiyası"nın sədr müavini Fikrət Cəfərov da "İctimai Palata"dan istefa səbəbinin məhz bu kimi məsələlərlə bağlı olduğunu açıqlayıb.
"KXCP"-nin sədr müavini bildirib ki, onun istefası birdən-birə meydana çıxmayıb. O, bunun səbəblərinə aydınlıq gətirib: "İctimai Palata" yarananda biz bu qurumun vətəndaş hərəkatına çevriləcəyini gözləsək də, hazırda orada mərkəzdənqaçma, mitinqlərin sönükləşməsi prosesi gedir" deyə F.Cəfərov əlavə edib.
İP-da hər hansı perspektiv və vətəndaş hərəkatına çevrilmə perspektivi görmədiyini deyən sədr müavini onu da qeyd edib ki, "İP"-da qazancının müxalifətin nümayəndələrinin özlərini növbəti dəfə biabır etmələri olduğunu söyləyib. "Son dövrlər mətbuatda gedən "İctimai Palata"nın daxili intriqaları, Pənah Hüseynovun müsahibəsi, "dostlarımızdan" birinin xarici telekanallara verdiyi müsahibəsində bu "AXCP-Müsavat"ın blokudur ifadəsini işlətməsi buna gətirib çıxardı ki, bu qurumda qalmaq mümkünsüz oldu. Onlara bu birlikdə uğurlar arzulayıram" deyə o, əlavə edib.
Tapdıq Qurbanlı