"İctimai Palata"nın iyunun 19-da keçirdiyi qanunsuz aksiyasından sonra müxalifət mətbuatında açıqlama verən "Ümid" partiyasının sədri İqbal Ağazadə yenə də "müxalifət liderləri arasında məndən ağıllısı yoxdur" fikirini bildirib. Görünür, ictimaiyyət arasında "ağılverici" hesab olunduğuna əmin olan "Ümid" partiyasının sədri İqbal Ağazadə növbəti dəfə də "başı bütün şeylərdən çıxan" olduğunu sübuta yetirməyə səy göstərmək istəyir. Ancaq bu dəfə də İ.Ağazadənin irəli sürdüyü təklif partiyadaşları tərəfindən heç də müsbət qarşılanmayıb. Çünki bu təklifi də şəxsi maraq üzərində qurulub.
"Ümid" sədri bacarığından böyük iddialara düşüb
Radikal müxalifət düşərgəsindəki dağınıqlıqdan və bazıpozuqluqdan istifadə etməyə çalışan bəzi "cırtdan" partiyalar cəmiyyətin nifrətindən uzaqlaşmaq üçün çıxış yolu axtarışına çıxıblar. Daha dəqiq desək, "yağışdan sonra görünən göbələklər" kimi indi də düşərgədəki süstlüyü öz "bacarıq"ları hesabına pozmağa çalışanlar hərəkətə keçiblər. Bir də, onların əsas rolda çıxış edən müxalifət partiyalarına qarşı aqressiv münasibətini də başa düşmək olar. Çünki bu günə qədər həmin qurumlar tərəfindən sıxışdırılan "cırtdan" partiyalar indi əllərinə fürsət düşmüş kimi onlara qarşı müxtəlif cinahlardan hücumlar təşkil edirlər. Elə bu səbəbdən də, müxalifət düşərgəsində özünü daha qabarıq formada göstərməkdə israrlı olan "Ümid" partiyasının sədri İ.Ağazadə, "kor tutduğunu buraxmadığı kimi", yenə də partiyanın dairə-seçki komissiyalarında təmsil olunmaq üçün namizədlikləri irəli sürülən şəxslərlə imtahan keçirmək istəyini irəli sürüb. Partiya funksioneri Razi Abasbəylinin də verdiyi məlumata görə "əvvəlki aylarda buna nail ola bilmədik. Ancaq bu dəfə məsələ iyunun 30-da baş tutacaq. Çünki qanunvericiliklə bizə düşən dairələr üzrə namizədlikləri irəli sürülən şəxslərlə imtahanın keçirilməsi vacibdir. Bu işi də İ.Ağazadə aparacaq".
Lakin partiyadan aldığımız məlumata görə, "Ümid" partiyası sədrinin bu təklifi partiya daxilində ziddiyyətlərin kəskinləşməsinə səbəb olub. Partiyadan bizə onu da bildirdilər ki, İ.Ağazadənin boş və mənasız təkliflər verməsinin dəfələrlə şahidi olublar: "Millət vəkili seçildikdən sonra, dəfələrlə bu tipli oyunlardan çıxan "Ümid" sədri, görünür, Milli Məclisin sessiyasının başa çatdığından narahatlılıq çəkir. Çünki cəmiyyətdə onu nə eşidən, nə də elə bir şəxsin varlığını təsdiqləyən var. Bir də neyləsin? Nə iləsə yadda qalmalıdır, ya yox. Görünür, "İctimai Palata"da təmsil olunanlara "ağıl vermək" istəyir. Ancaq o, yanılır. Çünki partiya funksionerləri İ.Ağazadənin nəinki mənasız təkliflərinə qulaq asmaq istəyir, onu da AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov kimi partiya sədri hesab edirlər".
Partiyadan verilən məlumata görə, artıq partiya daxilində bir qrup "ümidçi"lər öz etirazlarını bildirmək üçün istefa ərizəsi yazıblar. Göründüyü kimi, partiyada yaranmış son durum, bir daha onu göstərir ki, İ.Ağazadənin siyasət arenasında öz "şələ-şüləsini" yığmasının zamanıdır. Çünki belə etməsə, bütün mənalarda partiya sədrinin vəziyyəti daha da kəskinləşəcək. Daha dəqiq desək, bu əsnada "su boğazına çıxanda, meymun öz balasını ayağının altına qoyduğu" kimi partiyada az da olsa, görünmək istəyən, vaxt udmaq həvəsində olan İ.Ağazadə Milli Məclisdə olan ömrünə də son qoymalı olacaq. Çünki İ.Ağazadə, nəinki partiyadaşları, bütünlüklə, müxalifət düşərgə sakinlərini də boğaza yığıb.
Beləliklə, partiya daxilində yaranmış vəziyyət və istefaların çoxalması, "Ümid" partiyasının sədrinin əvvəlki "ümidləri" kimi, bu "arzularını" da puç edəcək.
Rəfiqə Hüseynova