Zaman-zaman Azərbaycan müxalifəti iqtidarla dialoq barəsində müxtəlif tipli bəyanatlar və açıqlamalarla çıxışlar edir. Əsasən də, bu barədə müxalifətin radikal qanadından olan partiya sədrləri və funksionerləri çıxış edirlər. Belə ki, konstruktiv müxalifət nümayəndələri radikallardan fərqli olaraq, müxtəlif ictimai-siyasi tədbirlərdə iqtidar nümayəndələri ilə bir araya gəlirlər, müəyyən müzakirələr aparırlar.
Eyni zamanda, bunu Milli Məclisin iclaslarında, digər əhəmiyyətli tədbirlərdə də müşahidə etmək mümkündür. Lakin Müsavat, AXCP (i), ADP, "Ümid", AMİP, "VİP", ALP, "KAXCP" kimi loyallıqdan kənar olan siyasi təşkilatlar müxtəlif bəhanələrlə dialoqun olmamasından yersiz narazılıqlarını bildirirlər. Maraqlıdır, onlar belə narazılıqlarda nə qədər "haqlıdırlar" ?
Qeyd etmək vacibdir ki, bu gün Azərbaycan xalqının etimadını qazanan müxalifət partiyaları ilə iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) arasında hər zaman dialoq olub, bu gün də var və hər zaman da olacağına şübhə yoxdur. Lakin müxalifətin radikallaşan qanadı müxtəlif bəhanələrlə müxtəlif zamanlarda iqtidarla dialoqdan yayınıblar. Bu, bir faktdır və danılmazlığı dəfələrlə öz sübutunu tapıb. Həmçinin, həmin radikallar dialoq tələb etsələr də, iş orasındadır ki, onlar konkret olaraq hansı məsələ ətrafında dialoqa getmək barədə qəti fikrə malik deyillər. Yəni dialoq iddiası radikal müxalifətin fəaliyyətində ancaq bəhanədir və onlar bu bəhanəni bir atribut kimi əllərində "bayraq" ediblər. Əlbəttə, onlar müxtəlif üsullar və formalarla özlərinə müəyyən nüfuz qazanmağa çalışırlar. Ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların diqqətlərini özlərinə çəkmək üçün hər şeyə əl atmağa hazırdırlar. Onlar tükənmiş müxalifətdirlər və onların iqtidara qarşı istənilən ittihamının heç bir əsası yoxdur. Buna onların dəfələrlə uğursuz nəticələnən küçə aksiyaları da əsas verir. Eləcə də, aksiyalar uğursuz nəticələnsə də, onlar bunu davam etdirmək niyyətindədirlər...
İstefaya getmək ən real təklifdir
"İctimai Palata", "DUİ", "Kölgə Parlamenti", "MBH" adlanan qondarma siyasi qurumlarda birləşən bu insanlar özlərini siyasətdən kənarda görmək istəmirlər. Nə yolla olur-olsun, siyasi gündəmə gəlmək istəyi radikal müxalifəti məkrli yollardan belə çəkindirmir. Məsələn, əgər siyasətçi öz fəaliyyətində qarşıya qoyduğu məqsədə çata bilmirsə, o tükənirsə, onun rəhbərlik etdiyi partiyadan qopmalar varsa və sair bu kimi hallar baş verirsə, o zaman həmin siyasətçi özündə güc tapıb siyasətdən getməlidir, başqa sahədə özünü sınamalıdır. Bir siyasətçi ya prezident, ya da parlament seçkilərində dalbadal məğlubiyyətə uğrayırsa və bunun səbəbini öz fəaliyyətində axtarmaq əvəzinə, özünə haqq qazandırmağa çalışırsa, həmin şəxs heç zaman cəmiyyətdə qəbul olunmayacaq. Amma təəssüf ki, indiki radikalların önündə gedənlər bunu etmirlər və artıq ictimaiyyət arasında ironiyaya çevriliblər. İstər Müsavat partiyası, istərsə də AXCP (i) və digərləri özləri üçün nəticə çıxarmaq əvəzinə, öz siyasi karyeralarını məhv edirlər.
Siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi müasir zamanın siyasi tələbidir
Onu da qeyd etmək mümkündür ki, hazırda ölkədə "Siyasi partiyalar haqqında" Qanunun yenilənməsi ətrafında ciddi müzakirələr aparılır. Çünki bu, həm də müasir zamanın siyasi tələbidir. 1992-ci ildə qəbul edilmiş bu qanun indiki reallıqlara cavab vermir. Ona görə də bu məsələ həm parlament səviyyəsində, həm də Prezident Administrasiyası səviyyəsində önə çəkilib. Parlamentdə təmsil olunan müxalif partiyalar da daxil olmaqla YAP-dan olan deputatlar bu yeniliyin tərəfdarı oldular. Ölkə Prezidenti də buna həssaslıqla yanaşıb və hazırda layihə baxılmaq üçün Azərbaycan tərəfdən Venesiya Komissiyasına göndərilib. Artıq müsbət rəylər də verilməkdədir. Bu qanunun qəbulu ilə siyasi partiyaların formalaşmasında və inkişafında yeni bir mərhələ başlayacaq.
R.RƏSULOV