1990-cı illərin əvvələrində özlərinin yarıtmaz hakimiyyəti illərində radikal müxalifət yetkililəri necə "hərəkət"lər edirdilərsə, bu gün onların qalıqları da o ab-hava ilə yaşayır. Çünki həmin dövrlərdə kimin-kimdən xoşu gəlmir onu öz dəstəsi ilə birlikdə döyür, təhqir edir hətta efir məkanında belə nalayiq ifadələrlə alçaldıcı vəziyyətə salırdı.
Çox təəccüblüdür ki, bu gün də, həmin nomenklaturanın qalıqları öz başlarının havları ilə yaşayırlar. Yəni onlar hələ də, müasir və modern bir cəmiyyətdə yaşadıqların anlamaq istəmirlər. Dəfələrlə müxalifət düşərgəsində cəngəllik təfəkkürünün "prinsip və qaydaları"nın olmasını sadalamışıq və qeyd etmişik. Bildirmişik ki, onlar şəxsi maraqlarına toxunan hər bir məsələdə çox aqressiv olurlar. Bu mənada, AXP "lider"i Pənah Hüseynovun radikal müxalifət düşərgəsində hələ də, öz xəyalları ilə yaşamasını, proseslərə ancaq təfəkkürünün imkan verdiyi formada yanaşdığını açıq görmək mümkündür.
Müxalifət düşərgəsində "razborka" söhbətləri bitib tükənmir
Siyasi ad altında müəyyən oyun və qaydalar kontekstindən çıxış edən müxalifət yetkililəri bütün amal və vəzifələrini də bu dona geyindirməyə çalışırlar. Ona görə də, istənilən halda bir müxalifət yetkilisinin sözü digərinin boğazından keçmədiyi halda, ortada böyük bir qalmaqal yaranır. Sadəcə olaraq, həmişə kriminal aləmə çox meyil göstərən və istək və arzularını da bu kontekstdə quran düşərgə təmsilçiləri öz aralarındakı münasibətləri də belə formada aydınlaşdırmağa çalışırlar.
Məhz "KAXCP"-nin sədr müavini Fikrət Cəfərovun P.Hüseynovun ünvanına sərt ittihamlar səsləndirərək, onun "İctimai Palata"da özünü hegemon kimi göstərmək cəhdlərinə öz iradını bildirməsi analoji vəziyyətin yaranmasını qaçılmaz etmişdir. Çünki "İP"-in iclaslarının birində P.Hüseynov F.Cəfərova "sən sus, hələ danışmaq üçün sənə söz verilməyib" deməsi qarşı tərəfi özündən çıxarmışdı. Bunun ardınca isə tərəflər arasında bir qədər gərgin söz davası olmuş və münasibətlər elə gərgin formada da qalmışdı. Lakin sonradan F.Cəfərovun P.Hüseynovun ünvanına "kloun" ifadəsi işlətməsi əsəbləri daha da qızışdırımış yekunda P.Hüseynovun daha sərt addım atmasına imkan yaratmışdı.
Qeyd edək ki, ötən gün P.Hüseynov "Klassik Xalq Cəbhəsi Partiyası"nın qərargahına hücum edərək, orada böyük hay-küy salıb. Bu faktı qurumun təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu da təsdiqləyib. O bildirib ki, P.Hüseynov ötən gün bir qrup idmançı gənclə "KAXCP"-nin qərargahına basqın edərək, böyük səs-küy yaradıb.
"KAXCP" qərargahına "hücumda" İqbal Ağazadənin cangüdəni də iştirak edib
Dünən qədər dost-qardaş deyərək dodaq-dodağa öpüşdüyü şəxsin partiyasına, yəni Mirmahmud Fəttayevin sədrlik etdiyi quruma hücuma keçən P.Hüseynov heç nəyə məhəl qoymayıb. Hətta ona qurumda bildiriblər ki, Mirmahmud "bəy" otağındadır. O, buna da məhəl qoymayaraq F.Cəfərovu axtarmağa başlayıb. Qurum daxilindəki mənbəmizin verdiyi bilgiyə görə X.Teyyublu P.Hüseynovu nə qədər dilə tutsa da, onu ram etmək çox çətin olub və insident yumruq davası ilə sakitləşib. Mənbə, həmçinin, "KAXCP" qərargahına P.Hüseynovla birlikdə "Ümid" partiyasının İqbal Ağazadənin sürücüsü və mühafizəçisi də olduğunu bildirib.
Vurğulayaq ki, X.Teyyublu da P.Hüseynovu və onun qoçu dəstəsini başa salmağa çalışdıqlarını təsdiqləyib.
Hadisə haqqında qısaca informasiya verən P.Hüseynov da bildirib ki, "mən getmişəm ora, çünki həmişə getdiyim partiyadır. Məsələni də müzakirə etmişik. Dedilər ki, söz bu mənada deyilməyib" deyə o, qeyd edib.
"Ümid" partiyasının sədri İqbal Ağazadə də, mühafizəçisi və sürücüsünün P.Hüseynovla birgə "KAXCP"-yə hücum etməsini təsdiqləyib. Amma o, bir qədər fərqli danışaraq, qeyd edib ki, "sadəcə olaraq, mənim sürücüm və mühafizəçim P.Hüseynovu "KXCP"-nin qərargahında maşından düşürüblər. Az sonra isə qərargaha daxil olaraq, ondan soruşublar ki, "sizi gözləyək, yoxsa gedək" deyə İ.Ağazadə vurğulayıb.
Tapdıq Qurbanlı