PDF Oxu

Müxalifət

  • 26

Müsavat Sülhəddin Əkbərin təşkilat yaratmasından niyə narahatdır?

Müsavat Sülhəddin Əkbərin təşkilat yaratmasından niyə narahatdır?

Bir müddət öncə Müsavat partiyasının yürütdüyü siyasi xəttə etiraz əlaməti olaraq bu qurumdan istefa vermiş şəxslərin sonrakı fəaliyyətləri bir çoxlarının narahatçılıqlarını bir qədər də artırıb. Bunların sırasında Müsavat partiyasının başqanı İsa Qəmbərovu xüsusi ilə qeyd etmək daha düzgün olardı. Çünki İ.Qəmbərov Müsavat partiyasında yüksək postlar tutmuş şəxslərin sonradan qurumdan imtina edərək kənarda özlərinə siyasi və ictimai təşkilat yaratmasına böyük qısqanclıqla, özünə qarşı növbəti mane kimi qiymətləndirir.

Addımlayarkən öz kölgəsindən qorxuya düşüb, ürkək qalan İ.Qəmbərov üçün sabiq tərəfdaşlarının təşkilatlanması arzuolunmaz bir yuxu kimi görünür. Ona görə də, başqan tərəfdarlarına və əlaltılarına tapşırıb ki, sabiq müsavatçılardan kim nə işlə məşğul olsa ona dərhal məlumat verilsin. Məhz bu səbəbdən də, üç gün öncə İ.Qəmbərova Müsavat məclisinin keçmiş sədri Sülhəddin Əkbərin təşkilat yaratması ilə bağlı şok xəbər verilib. Dərhal sonra isə S.Əkbərin təşkilatının konturları və istiqamət xətti ilə bağlı İ.Qəmbərov məlumatlandırılıb. Eyni zamanda, S.Əkbərin təşkilat yaratması və ictimai-siyasi proseslərə təsir imkanları əldə etməsi digər müsavatçıların da diqqətini cəlb edib. Ona görə də, Müsavat rəhbərliyi əks tədbirlər haqqında düşüncəyə dalıb. Çünki Müsavatın yuxarı dairələrində düşünürlər ki, sabiq müsavatçıların özləri üçün ictimai-siyasi cəhətdən təşkilatlanması digər şəxslərin qurumdan uzaqlaşmasına imkan yarada bilər.

Müsavat Məclisinin sədri Arzu Səmədbəyli məsələyə münasibətini bildirərkən bildirib ki, bu ya siyasi bir təşkilat, ya da Müsavat partiyasına alternativ bir qurum deyil: "Sülhəddin Əkbər neçə illərdir "Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyası"nı yaradıb və hazırda onun prezidentidir. Yeni təşkilatda təmsil olunan şəxslər məramlarını da açıqlayıblar. Məqsədləri Azərbaycanın Avroatlantik məkana iteqrasiyasını təmin etməkdir. Azərbaycanın inkişafı üçün çalışan istənilən təşkilatın fəaliyyətini təqdir edirik. Köməyimizi də əsirgəmirik. Bu təşkilatda təmsil olunan digər təşkilatların da mövqelərinə bələdik. Bu məqsədə xidmət edən quruma uğurlar arzu edirəm" deyən A.Səmədbəylinin fikrincə, S.Əkbərin Müsavat sıralarından istefa verəndən sonra yeni təşkilat yaratması partiyadan parçalanmalara səbəb ola bilməz.

Əlavə edək ki, S.Əkbər və İ.İbrahimli Müsavat sıralarından istefa verəndən bir müddət sonra yeni siyasi təşkilat yaradacaqlarına dair məlumatlar yayılmışdı. İndi isə bu təşkilatın sonradan siyasi quruma çevriləcəyinə dair fikirlər səslənməyə başlayıb.


Tapdıq Qurbanlı

Digər xəbərlər