PDF Oxu

Müxalifət

  • 24

AXCP (i) və Müsavatsız “zirvə toplantısı” imitasiyası alınmadı

AXCP (i) və Müsavatsız “zirvə toplantısı” imitasiyası alınmadı

Müxalifət partiyaları arasındakı hazırkı münasibətlərdən bəhs edərkən ayrı-ayrı siyasətçilərin və düşərgədə olan partiyaların daha çox parçalanma meyilləri, mövcud güclü strukturları zəiflətmək siyasəti yürütdüklərini hər kəs görmüş olur. Amma bütün bunlara baxmayaraq, radikal düşərgə təmsilçiləri hələ də imitasiyadan ələ çəkə bilmirlər. Onlar münasibətlərdəki səmimilikdən bəhs etsələr də, ortaya real mövqe qoya bilmirlər. Bunun da səbəbini onunla izah etməyə çalışırlar ki, "biz səmimi olduq başqaları olmadı.


Ona görə də, birlik iddialarımız alınmadı"- deyə özlərini sudan quru çıxarmağı düşünürlər. Eyni zamanda, müxalifətdə olan bəzi insanlarla və partiyalarla bağlı "İctimai Palata" üzvləri arasında birmənalı fikirlər yoxdur. Çünki düşərgə daxilində siyasətçilərə və partiyalara qarşı ciddi subyektiv yanaşma müşahidə olunur. Buna səbəb isə, onlara qarşı inamın olmamasıdır. Müxalifətin böyük əksəriyyəti "İctimai Palata"nın intriqa, boşboğazlıq, şəxsi ədavət və şəxsi zəmində istifadə olunduğu bir məkana çevrilməsində maraqlıdır.


"6-lar"-ın toplantısını İsa Qəmbərov və Əli Kərimov cütlüyü niyə boykot etdi?

Müxalifətin "zirvə toplantısı" ilə bağlı məsələyə gəldikdə isə, düşərgədə belə bir fikir formalaşıb ki, AXCP (i) və Müsavat partiyaları olmadan zirvə toplantısı alınan deyil. Çünki hər iki quruma rəhbərlik edən İsa Qəmbərov və Əli Kərimov cütlüyü öz iradələrindən kənarda istənilən bir təşkilatın formalaşmasında maraqlı deyillər. Belə ki, onlar daha açıq formada mövqe ortaya qoymasalar da, maraqlarından bir addım kənarda istənilən məsləyə "yox" deməyə hazırdırlar. Məhz bu səbəbdən də, müxalifət düşərgəsində daha çox "zirvə" toplantısı kimi qələmə verilən, əslində isə, "6-lar"ın yığıncağı adlanan birlik oyununa Müsavat-AXCP (i) cütlüyündən güzəştə getmək kimi bir addım gözlənilmirdi. Elə gözlənilmədiyi kimi də oldu və özlərini düşərgədə "ana müxalifət" kimi qələmə verənlər hər vəchlə bu birliyə "dur" deməyi bacardılar. Yeni yaradılması iddia olunan birliyin toplantısında iştirak edən "dostlar"ının belə xahişləri onları maraqları çərçivəsindən kənara çıxara bilmədi.

Qeyd etdiyimiz kimi, bir müddət öncə keçirilən və müxalifətin yeni birlik imitasiyası kimi qələmə verilən "zirvə" toplantısı düşərgədə özlərini hegemon göstərməkdə maraqlı olan qüvvələrin hiddətinə səbəb oldu. Beləlikə, Müsavat başqanı İ.Qəmbərov və AXCP (i) sədri Ə.Kərimov müxalifətin yeni birlik ideyasına açıq şəkildə qarşı olduqlarını bildirdilər.


Düşərgədə yeni parçalanma və qarşıdurma prosesləri daha da güclənir


Daxili münaqişələr məngənəsində sıxılan və heç bir fəaliyyət müstəvisində rolu görünməyən müxalifət partiyaları indi daha böyük problemlə üz-üzə dayanıblar. Yeni yaranan və daha çox düşərgədaxili intriqalara xidmət edən birlik modelləri müxalifətin günü-gündən geri salmış olur. Bu mənada, Ə.Kərimov və İ.Qəmbərov cütlüyünün ortaya qoyduqları parçalanma və yoxolma prinsipləri artıq özünü bütün çılpaqlıqları ilə göstərməkdədir. Çünki bir neçə gün öncə qeyd etdiyimiz kimi, düşərgədə daha çox "6-lar"ın yeni birliyi kimi qələmə verilən yeni qondara qurum yaratmaq cəhdləri məhz bu cür detallar üzündən yaranmamışdan dağıldı. Nəticədə isə müxalifət düşərgəsində parçalanma və qarşıdurma meyillərinin növbəti raunduna start verildi. Ona görə də, hazırda müxalifət düşərgəsində alovlanan münaqişə ocağı daha güclənməkdədir.


Rəfiqə Hüseynova

Digər xəbərlər