AMİP "lideri" Etibar Məmmədovun London səfəri barədə yeni məlumatlar əldə edilməkdədir. Belə ki, partiya "lideri"nin bir neçə gün öncə Bakıya dönməsi xəbəri də reallığa uymayıb. Məhz buna görə də mətbuatda çaşqınlıq yaratmaq istəyində olan AMİP-ə yaxın qəzetlər uydurma şəklində qeyd ediblər ki, guya E.Məmmədov artıq Bakıdadır və siyasi fəaliyyətində yeniliklər etməyə hazırlaşır. Ancaq əslində, həmin xəbərlərlə AMİP-çilərin başını aldadan, hap-gopa "basan" AMİP-ə yaxın qəzetlər partiya "lideri"nin hələ də Dumanlı Albionda olduğunu çox gözəl bilirdilər. Bir sözlə, E.Məmmədovun R.Quliyevlə macərası hələ də davam etməkdədir.
Onu da xatırladaq ki, bu günlərdə AXCP (i) sədri Əli Kərimov da "ACP" sədrinə telefon açaraq, ondan böyük miqdarda maddi yardım istəmişdi. Lakin bütün cəhdlərinə baxmayaraq, o, R.Quliyevdən pul qoparmağa nail ola bilməmişdi. Hansı ki, AMİP "lideri" artıq neçənci aydır ki, "ACP" sədrinin "borc daşı" üzərində oturub və ondan nəinki bir dollar, heç bir sent də qoparda bilməyib. Lakin verilən sözlərə və vədlərə nəzər salsaq, Ə.Kərimovdan daha çox, E.Məmmədovun dediklərini hardasa, gerçəkliyə bənzətmək mümkündür. Qeyd edək ki, AMİP "lideri" "ACP" sədrini inandırmağa çalışır ki, əgər onun əlində yetərli qədər pul olsaydı, müxalifət daxilində kəmiyyətcə və keyfiyyətcə "güclü birlik" yarada bilərdi. Həmin birlikdə isə R.Quliyevin özü ilə bərabər "liderliyi"ni təmin etmək gücündə olardı. Ancaq bütün bunlardan bezən "ACP" sədri cavab olaraq bildirib ki, E.Məmmədovun öz şəxsi biznesi mövcuddur və həmin biznesdən qazandıqlarını ilkin olaraq xərcləsin. Əgər bir nəticəsi olarsa, o da müəyyən miqdarda pul xərcləməyə hazırdır. Təbii ki, AMİP sədri də hazırlıqsız-filansız "ura!" qışqıraraq, irəli getmək, risk etmək iqtidarında deyil. Əgər onun fikri, planı baş tutmasa, əlində qalan pulu-parası, yerdə qalan az-çox nüfuzu da heçə sərf ediləcək. Bununla da həm siyasi cəhətdən, həm də mənəvi cəhətdən bitəcək. Ona görə də məcbur olaraq, yapışıb qalıb Rəsul "qağası"nın yaxasından ki, bəs amandı, qoyma...
RÖVŞƏN