Hazırda radikal müxalifət düşərgəsində bir-birinə "doğma" olanlar əməlli-başlı düşmənçilik etməyə başlayıblar. AXCP (i) rəyasət heyətinin üzvlüyündən od püskürərək istefa verən Mirzə Sakit qurumun sədri Əli Kərimovla yanaşı, öz "doğma" qardaşı, yəni "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovu da ən riyakar insan obrazında təqdim etmişdir. O, bu addımını AXCP (i) sədrinin tutmuş olduğu yanlış yola və qardaşının ona çalışdığı iş yerindən, yəni adıçəkilən qəzetdən arayış verməməyə, sonradan isə işə bərpa etməməyə görə əsaslandırıb.
Amma istefa verməsindən bir müddət keçdikdən sonra M.Sakit Ə.Kərimov və Q.Zahidov barəsində bu günə qədər heç kəsin eşitmədiyi yeni məlumatları cəmiyyətə təqdim etdi. M.Sakit belə bir addımı ilə özlərini hər şeydə doğru göstərmək iddiasında olanların, əslində, kimliyini cəmiyyətdə çatdırmaq məqsədi güddüyünü də açıqlamışdı. Bir qədər müxalifətin dünəninə boylansaq, düşərgədə "qardaşın-qardaşa" qənim kəsildiyi məqamlara çox rast gəlmək olar. Məsələn, indiki ASDP-nin həmsədri Araz Əlizadə də, qardaşı Zərdüşt Əlizadə ilə bir zamanlar açıq şəkildə mübarizə və münaqişəyə qalxmışdılar. Onların öz aralarında hansı məsələyə görə belə bir düşmənçiliyə başlamaları bu gün də mətbuatın diqqətindən düşmür. Eyni zamanda, Müsavat icra aparatının rəhbəri Arif Hacıyev də, qardaşı Mustafa Hacılı ilə bir müddət öncə böyük qalmaqal yaşamışdı. Bu cür ikrah dolu məsələ ilə əlaqədar olaraq apardığımız xırda bir araşdırma nəticəsində gəldiyimiz qənaət, onu deməyə əsas verir ki, ya müxalifət düşərgəsində milli köklərimizi unutduran mexanizm mövcuddur, ya da buraya daxil olanlar mənəvi-tərbiyəvi cəhətdən aşınmaya məruz qalırlar.
Bu gün hər kəsin gözü qarşısında yenidən bir-birinə qarşı dayanmış iki qardaşın timsalında müxalifətin ümumi mənzərəsi necə də qabarıq görünür. ADP sədri Sərdar Cəlaloğlunun "öz qardaşı" "Vətəndaş Hərəkatı Forumu"nun nümayəndəsi Qurban Məmmədovla aralarındakı münasibətlərə yenidən aydınlıq gətirmək cəhdləri açıq münaqişəyə səbəb olub. S.Cəlaloğlu Q.Məmmədovun onun ünvanına səsləndirdiyi fikirlərin tamamilə əsassız olduğu iddiasındadır. ADP sədri kimsə özünü elan etmək istəyirsə, ona başqa cür köməklik göstərməyə hazır olduğunu da dilə gətirib. O, qeyd edib ki, son vaxtlar Q.Məmmədovun onun haqqında səsləndirdiyi fikirlərdə sadalanan halların heç biri ona aid deyil: "Mənimlə danışıqlar aparmaq istəyən Qurban Məmmədovu nə görmüşəm, nə də onunla danışmışam" deyən S.Cəlaloğlu qardaşı Q.Məmmədovun müxalifət partiya "lider"lərini bir araya gətirmək təşəbbüsünə münasibət bildirib. Vurğulayıb ki, ayrı-ayrı adamların 10-15 partiyanı idarə etmək təşəbbüsü siyasi etika baxımdan düzgün deyil".
R.Hüseynova