PDF Oxu

Müxalifət

  • 21

“ACP”-ADP arasında növbəti ziddiyyətlər

“ACP”-ADP arasında növbəti ziddiyyətlər

Ötən həftə Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 22-ci ildönümünə həsr olunmuş tədbirdə ADP sədri Sərdar Cəlaloğlu çıxış edərək AXP sədri Pənah Hüseynovla əvvəlki "intriqalarına" aydınlıq gətirməyin məqamı olduğunu görərək, ürəyində qalan sözlərin hamısını deyib. S.Cəlaloğlu məsələ ilə bağlı açıqlamasında bildirib ki, həmin tədbirdə P.Hüseynovun "hansı yuvanın quşu olduğunu" açıqladım və bildirdim ki, 5 il parlamentdə ancaq hay-küy salmaqla başını girləyib: "P.Hüseynov nə cəmiyyətə, nə də müxalifətə lazımlıdır, o, atılmış bir əşyi kimi ortada qalıb. Çünki bu adam heç vaxt yerini bilməyib, həmişə də yalan danışıb. AXC-nin yaranması ilə bağlı söylədiklərinin hamısı başdan-ayağa yalandır. Pənah "bəy səmimi adamdırsa, mənim Canbaxış Umudovun evində qeyd etdiyim toplantıdakı çıxışımda nələri təklif etdiyimi desin. Həmin toplantının protokolları da əgər Pənah bəydədirsə, ortaya çıxarsın".

S.Cəlaloğlu onu da bildirdi ki, P.Hüseynovun "İctimai Palata"dan və qondarma qurumun koordinasiya şurasından istefasından sonra, bizim yaradacağımız "Xalq Parlamenti"ndə "spiker" yerini tutacağına əmin idi. Ancaq P.Hüseynov "ağzına sahib çıxa" bilmədiyi üçün artıq-əskik sözlər danışıb: "Bir çox yerlərdə bildirib ki, həmin "vəzifəyə" keçdikdən sonra, guya ADP sədrini dolayısı yolla oradan uzaqlaşdıracaq. Müxalifətin atılmışı olan P.Hüseynov, görəsən, nəyə arxayındır ki, bu iddiaya düşüb? Ancaq Pənah bəy bilməlidir ki, o, müxalifətin lazımsız əşyasıdır və artıq heç nəyə yaramır". S.Cəlaloğlu onu da bildirdi ki, yaxşı olar ki, P.Hüseynov üstündə gəzdirdiyi çantasında yalanlar üzərində qurulan həyat tarixçəsini özü ilə gəzdirsin. Çünki P.Hüseynova müxalifət düşərgəsində etimad göstərən bir kimsə yoxdur. Xatırladaq ki, S.Cəlaloğlu "Xalq Parlamenti"ndə "İctimai Palata"da cəmləşən ADP-çilərin də təmsil olunacağını deyib. O bildirib ki, yaradılacaq siyasi quruma qayıtmasalar, onların ADP-dən istefa məsələsi gündəmə çıxarılacaq. Qeyd edək ki, hazırda ADP sədrinin birinci müavini Həsrət Rüstəmov da "İctimai Palata"da təmsil olunur və "Xalq Parlamenti"nə qatılmayacağını açıqlayıb. Baş verən bu olaylar isə, nəinki ADP-də, eləcə də, radikal müxalifətdə yeni ikitirəliyin başlanğıcına olan işarə kimi qəbul edilə bilər.

Rəfiqə Hüseynova

Digər xəbərlər