Parlament seçkiləri ərəfəsində Müsavat başqanı İsa Qəmbərovun özünə siyasi dividend qazanmaq amacıyla AXCP (i) ilə "birləşmə" oyunu oynaması arxasında hələ də qarşılıqlı ittihamlar səsləndirilməkdədir. Gah bir, gah da digər tərəfin yalanlarını açan hər iki siyasi təşkilatın nümayəndələri bu gün də sözügedən şakərlərindən geri qalmayaraq, müxtəlif iddialarla gündəmə çıxırlar. Belə ki, Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu informasiya agentliklərinə açıqlama verərək, deyib ki, o, yenidən "birləşmə" məsələsinə qayıtmaq düşüncəsində deyil, eyni zamanda, bunun AXCP (i) tərəfindən gündəmə gətirilməsinin qəti əleyhinədir. Daha dəqiq desək, yaxın günlərdə AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlı "birləşmə" ilə qərar verilməsində növbənin Müsavat partiyasında olduğunu deyib.
T.Yaqublu isə, öz düşərgədaşına cavab olaraq, bildirib ki, Müsavatla AXCP (i)-nin "birləşməsi" məsələsi müxalifətin daha sıx inteqrasiyası düşüncəsi ilə ortaya atılmış bir proses olub. Lakin sonradan bəlli olub ki, T.Yaqublunun dediyi "inteqrasiya" heç bir səmərə verməyib. Bunu onun özü də etiraf edib: "Bu məsələnin ətrafında xeyli müzakirələr getdi və məlum oldu ki, AXCP (i) ilə Müsavatın mexaniki birləşməsi alınmır. Bu, gücləri artırmayacaq, əlavə problemlər yaradacaq."
Bundan əlavə, Müsavatın başqan müavini digər nüansa da toxunaraq deyib ki, əslində, Əli Kərimov müavini Fuad Qəhrəmanlıya qəşəng cavab verib. Yəni Ə.Kərimov "birləşmə" barəsində danışarkən, F.Qəhrəmanlıya irad tutub ki, Müsavatla AXCP (i) "İctimai Palata"da "birləşib" (?!)
AXCP (i) sədrinin müavini F.Qəhrəmanlı isə T.Yaqubluya deyib ki, Müsavat və AXCP (i) partiyalarının birləşməsi ilə bağlı guya hər hansısa qərar mövcuddur: "Partiyamızın qurultayında bununla bağlı qərar qəbul olunub və həmin qərarda heç bir ilkin şərt irəli sürülmədən Müsavatla birləşmə məsələsi ön plana çəkilib. Xatırladım ki, birləşmə ilə bağlı təşəbbüs ilk dəfə Müsavat başqanı İsa Qəmbərov tərəfindən irəli sürülmüşdü. Ondan sonrakı müzakirələrdə isə Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslər tərəfindən məsələyə çox soyuq münasibət göstərildi, birmənalı qarşılanmadı. Nəticədə Müsavat ali idarəetmə strukturundakı bir qrup şəxs də partiya rəhbərliyinin mövqeyinə etiraz edərək Müsavatı tərk etdilər. İndiki mərhələdə isə birləşmə ilə bağlı müzakirələr və polemikaların artıq arxada qaldığını düşünürük".
AXCP (i) sədrinin müavini daha sonra onu da bildirib ki, Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslərin mövqeyi cəmiyyətə bəllidir və onlar, əslində, yeni heç nə demirlər: "Ona görə də, hesab edirəm ki, məsələnin yekun həlli üçün Müsavat Partiyasının qurultayını gözləmək lazım gəldiyini düşünürəm. Müsavat Partiyasının hansısa funksionerinin mövqeyi məni maraqlandırmır. Birləşmə ilə bağlı AXCP qurultayının qərarı var və bu qərar da Müsavatın ayrı-ayrı funksionerlərinin münasibəti ilə cavablandırılmır".
Bu tipli ittiham xarakterli açıqlamalardan da yetərincə bəlli olur ki, əgər qondarma "birləşmə" məsələsi ətrafında inkaredici situasiyalar sərgilənirsə, adıçəkilən partiyalar birləşsələr belə, bunun heç bir müsbət nəticələri olmayacaq. Necə ki, indi də həmin vəziyyət özünü kifayət qədər təsdiqləyib.
RÖVŞƏN