Artıq hər sahədə tamamilə iflic vəziyyətinə düşən və bütün dayaqlarını itirən radikal müxalifət düşərgəsində indi də gündəmdə qalmaq üçün fərqli bir yol seçilməyə başlayıb. Ona görə də, hazırda müxalifət düşərgəsində bir-birinə "doğma" olanlar əməlli-başlı düşmənçilik etməyə başlayıblar. Doğrudur, iki qardaş arasında ilk qarşıdurmanın bünövrəsini ASDP həmsədrləri olan qardaşlar - Zərdüşt və Araz Əlizadələr qoydu.
ASDP-nin həmsədri Araz Əlizadə də, qardaşı Zərdüşt Əlizadə ilə bir zamanlar açıq şəkildə mübarizə və münaqişəyə qalxmışdılar. Onların öz aralarında hansı məsələyə görə belə bir düşmənçiliyə başlamaları bu gün də, mətbuatın diqqətindən düşmür. Eyni zamanda, Müsavat icra aparatının rəhbəri Arif Hacıyev də qardaşı Mustafa Hacılı ilə bir neçə müddət öncə böyük qalmaqal yaşamışdılar. Bundan əlavə, onun digər qardaşları da, A.Hacıyevin, əksinə olaraq, ayrı-ayrılıqda partiya təsis etmişdilər. Başqa bir rakursdan isə müxalifət düşərgəsində kim birinci olaraq "öz qardaşına" qarşı çıxıb məsələsi, deyəsən, əsil rəqabət prinsipinə çevrilibmiş. Onun ardınca isə bu proses AXCP (i) rəyasət heyətinin üzvlüyündən istefa verən Mirzə Sakit "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid arasında baş verdi. Lakin Mirzə Sakit qurumun rəhbəri AXCP (i) sədri Əli Kərimovu hiyləgər və ən riyakar adlandırmaqla yanaşı, onu cinayətkar da adlandırmışdır. Həmçinin, öz "doğma" qardaşı Q.Zahidi də ən riyakar insan obrazında təlqin etmişdir. O, bu addımını AXCP (i) sədrinin tutmuş olduğu yanlış yola və qardaşının ona çalışdığı iş yerindən, yəni adıçəkilən qəzetdən arayış verməməkdə, sonradan isə işə bərpa etməməklə əsaslandırmışdı. Ancaq bu istefanın baş tutması bir çox açılmayan məsələlərin üzə çıxmasına səbəb oldu. Belə ki, M.Sakit Ə.Kərimov və Q.Zahid barəsində bu günə qədər heç kəsin eşitmədiyi məlumatları cəmiyyətə təqdim etməklə yanaşı, həmçinin, bu adamların kimliyini də cəmiyyətə çatdırdı.
Elə bu ikrah dolu məsələ ilə əlaqədar olaraq apardığımız xırda bir araşdırma nəticəsində gəldiyimiz qənaət onu deməyə əsas verir ki, ya müxalifət düşərgəsində milli köklərimizi unutduran mexanizm mövcuddur, ya da buraya daxil olanlar mənəvi-tərbiyəvi cəhətdən aşınmaya məruz qalırlar.
Radikal müxalifət düşərgəsində qardaş qarşıdurmasının davamçıları "lider"lərin kimliyini bir daha qabarıq halda nümayiş etdirir. ADP sədri Sərdar Cəlaloğlunun qardaşı "Vətəndəş Hərəkatı Forumu"nun nümayəndəsi Qurban Məmmədovla aralarındakı münasibətlərə yenidən aydınlıq gətirmək cəhdləri artıq açıq şəkildə münaqişəyə səbəb olub. Belə ki, S.Cəlaloğlu Q.Məmmədovun onun ünvanına səsləndirdiyi fikirlərin tamamilə əsassız olduğu iddiasındadır. Eyni zamanda, ADP sədri kimsə özünü elan etmək istəyirsə, ona başqa cür köməklik göstərməyə hazır olduğunu da dilə gətirib. O, qeyd edib ki, son vaxtlar Q.Məmmədovun onun haqqında səsləndirdiyi fikirlərdə sadalanan halların heç biri ona məxsus deyil: "Mənimlə danışıqlar aparmaq istəyən Qurban Məmmədovu nə görmüşəm, nə də onunla danışmışam. Q.Məmmədovun müxalifət partiya "lider"lərini bir araya gətirmək təşəbbüsünə münasibət bildirmişəm. Onu başa salmışam ki, kimlərinsə 10-15 partiyanı idarə etmək təşəbbüsü siyasi etika baxımdan düzgün deyil. Bu təşəbbüs çox gülməli, qeyri-ciddi, siyasi baxımdan qeyri-etikdir"
Qurban Məmmədovun sözü ilə "birləşənlər elə onun ağlında olanlardır"
S.Cəlaloğlu partiyalarda kifayət qədər intellektual və optimal qərar qəbul etməyə qadir şəxslərin mövcudluğunu və Q.Məmmədovun təşəbbüsünün çox gülməli, qeyri-ciddi, siyasi baxımdan qeyri-etik hərəkət olduğunu söyləyib: "Beynəlxalq təşkilatların da bu istiqamətdə təklifləri olub. Yəni beynəlxalq təşkilatların təşəbbüsü ilə birləşməyən, hansısa Q.Məmmədovun sözü ilə birləşənlər elə onun ağlında olanlardır". Lalə Hacıyevanın, Sərdar Cəlaloğlunun və digər partiya "lider"lərinin ideya və təşəbbüsü ilə müxalifətin birliyi alınmadısa, necə düşünürsünüz, Q.Məmmədovun təklifi ilə birlik alınarmı? Ancaq bizim bir reallığımız da odur ki, bu vəziyyəti dəyişdirmək üçün danışmalıyıq. Bu reallığı dəyişdirə bilmiriksə, real ideya verə bilmiriksə, bunun cəmiyyətə bir xeyiri olacağını düşünmürəm".
Öz növbəsində, Q.Məmmədov isə S.Cəlaloğlunun onun "xoşməramlı təşəbbüsünə" münasibət bildirməsini təəccüblə qarşıladığını vurğulayıb: "Başa düşmürəm, burada hansı qeyri-etik, qeyri-ciddi nə isə var? Müxalifət partiyalarının birliyinə çalışmaq qeyri-ciddi, qeyri-etik hərəkətdir? Birləşmək istəmirlər, öz işləridir. Biz təşəbbüslərimizi axıra qədər davam etdirəcəyik. Xalq görməlidir ki, müxalifətin birliyinə mane olan kimlərdir. Biz "İctimai Palata"da olmayan 5 partiyanın rəhbəri ilə görüşmüşük. Son görüşdə "Ümid" partiyasının sədri İqbal Ağazadə ilə görüş zamanı bildirdi ki, S.Cəlaloğlu ilə müttəfiqdir və onunla danışmadan konkret mövqe bildirmək istəmir. ADP sədri ilə görüşə isə qohumluğa görə getmədim. İndi S.Cəlaloğlu mənə özünü "öz qardaşı " kimi göstərməsinə ehtiyac görmürəm. Nə qədər ki, "açılmayan bir çox düyünləri açmamışam, sakit otursun yerində".
Rəfiqə Hüseynova