PDF Oxu

Müxalifət

  • 28

Müxalifətin iç dünyasından yeni etüdlər

Müxalifətin iç dünyasından yeni etüdlər

Qeyd etdiyimiz kimi, yayın qızmar günəşi radikal müxalifət yetkililərinin başlarına nüfuz etdikcə, onlar daha aqressiv və riaykar görünürlər. Eyni zamanda, qızmar yayın təsiri onları yenidən keçmişə, bəzən də əksinə olaraq, 10 il gələcək xülyalara aparır. Bu mənada, AXCP (i) rəyasət heyətinin üzvü, AXC-Müsavatın yarıtmaz iqtidarı dövründə Dövlət Televiziyasında çalışmış Xaliq Bahadırın açıqlamaları daha diqqətçəkəndir.

O, yatıb-yatıb məhz indi olanları etiraf etmək qərarına gəlməklə düşərgədəki dəngələri dəyişmək niyyətini də gizlətməyib. Məhz bu səbəbdən də, X.Bahadır düşərgədə özünə qarşı çıxanları qara siyahıya salaraq, zaman-zaman onların iç dünyalarını geniş ictimaiyyətə çatdırmaqla məşğuldur. Onun bir neçə gün öncə AXC-Müsavatın yarıtmaz iqtidarı dövründə, yəni 1993-cü ilin əvvəllərində çalışdığı Azərbaycan Dövlət Televiziyası ilə bağlı səsləndirmiş olduğu ilginc açıqlamaları müxalifət düşərgəsini yayın bu istisində tər tökməyə vadar edib. Çünki X.Bahadır açıqlamasında bildirib ki, Əbülfəz Elçibəy hakimiyyətə gəldikdən sonra AzTV-yə 3 milyon dollar pul ayırıb: "Çünki həmin vaxt televiziyanın texniki imkanları dağınıq durumda idi, olanlar da köhnə idi. Bundan sonra televiziyaya yeni texnika gəlməyə başladı. Ancaq sonra məlum oldu ki, bu texnika da köhnədir. Aydınlaşdı ki, pulu yeyiblər" deyə X.Bahadır qeyd edib. AzTv-də yeyintilərin olduğunu bildikdən sonra o vaxt Milli Təhlükəsizlik Nazirliyinin televiziyada təlimatçısı vəzifəsində çalışan Ərəstun Oruclu ilə əlaqə saxladığını söyləyən X.Bahadır bu işin üstünün açılması üçün müəyyən səylər göstərdiyini də dilə gətirib. "AXC-Müsavat iqtidarı vaxtı hökumətin başçısı da Pənah Hüseynov idi. Bizim tərəfimizdən edilən səylər nəticəsində aparılan araşdırmaların yekununda bəlli oldu ki, Dövlət Televiziyasına ayrılmış pullarla bağlı böyük yeyinti olub. Amma bu yoxlamalardan xəbərdar olan kimi P.Hüseynov telekanla gələrək müəyyən şəxslərlə saatlarla söhbət aparıb. Bunu mənə səhəri gün Ərəstun Oruclu söylədi. Beləcə, məlum oldu ki, onlar bizə qarşı iş görürlər və çalışırlar ki, istintaqı dayandırsınlar. Onlar bilmirdilər ki, bu araşdırmalarda Ərəstun "bəy"in əli var. Ancaq məndən yapışdılar. Çünki bilirdilər ki, mən təmiz adamam və çalışıram ki, çevrəmdə də təmizlik olsun. Bundan az sonra mənə "torba" tikdilər və dövlətə xəyanət suçlaması ilə işdən çıxardılar. Bundan sonra da mənimsəmə faktı ilə bağlı aparılan araşdırmaya son qoyuldu" deyə X.Bahadır əlavə edib.

X.Bahadır, həmçinin, iddia edir ki, Cəbhə iqtidarı dönəmində televiziyada baş verən yeyintinin başında sonradan P.Hüseynov da olmuşdu. "Ola bilsin, indi bunu təkzib edəcək, lazım gəlsə, Qurana da and içəcək. Bəs hansı səbəbdən mənimsəmə ilə bağlı aparılan araşdırma dayandırıldı? Fakt budur ki, P.Hüseynov bu cinayəti ört-basdır elədi. Bu, o deməkdir ki, o, alıb-almamağından asılı olmayaraq, cinayəti edənlərlə ortaq oldu" deyə o, qeyd edib.

Zaman keçdikcə, müxalifət düşərgəsində hər kəsin bir-birini ifşa etdiyini cəmiyyətimiz görmüşdü. Bu baxımdan da yuxarıda sadalanan faktlar müxalifətin iç dünyasından sonuncu detalın açıqlanması kimi də yaddaqalan olmayacaq. Hələ bundan sonra da düşərgədə olanlar öz qaranlıq keçmişlərini açıqlamaqla nəyə və necə qadir olduqlarını bir daha isbat edəcəklər.


Tapdıq Qurbanlı

Digər xəbərlər