Radikal düşərgədə cərəyan edən proseslərin "inkişafı," daha dəqiq desək, parçalanmağa doğru istiqamətlənən olaylar nəticəsində yaranan birlik və blokların fəaliyyətləri öz səmərəsizliyi ilə gündəmdə qalmaqdadır. "İctimai Palata" və "Kölgə Kabinet" adı altında guya, hər hansı müxalifət "vəhdətini" sərgiləməyə cəhd edən radikallar, əslində, sözügedən düşərgənin daha sürətli parçalanmasına öz "töfhələrini" verirlər.
Belə ki, yenicə yaradılan "Vətəndaş Hərəkatı Forumu" da belə siyasi "birliklərdəndir". Adıçəkilən qurumun müxalifətdə fəaliyyət göstərən 8 partiyanın bir araya gətirilməsi təşəbbüsü də öz nəticəsini vermir. Eyni zamanda, AXCP (i) və Müsavat partiyasının "səkkizlik" formatında məsləhətləşmələrə razılıq verməməsi nəticədə görüşün "Altılıq" formatında keçirilməsinə səbəb oldu. Lakin bütün bunlara rəğmən, təşəbbüskar tərəf AXCP (i) və Müsavatın da növbəti mərhələdə danışıqlar prosesinə qatılmasına səy göstərir. Onu da qeyd edək ki, "səkkizlik" formatında əməkdaşlığın mümkünsüzlüyü radikal müxalifət düşərgəsində də etiraf edilir və partiyaların bir araya gəlmə təşəbbüsünün baş tutmayacağı bildirilir. "Demokratiya Uğrunda İttifaq"ın və "Azadlıq" partiyasının sədri Əhməd Oruc hesab edir ki, sözügedən format çərçivəsində partiyaların birgə əməkdaşlığı mümkün görünmür. Əməkdaşlıq təklif edilən hər bir partiyanın fərqli siyasi dünyagörüşə və platformaya malik olduğunu deyən müxalifətçi partiya sədrinin fikrincə, bütün bunlar yalnız siyasi gündəmdə qalmaq və cəmiyyətin başını aldatmaq məqsədi daşıyır: "Mən müxtəlif partiyaların və şəxslərin müxalif konfiqurasiyalarda əməkdaşlığını normal qarşılasam da, bütövlükdə, milli, demokratik platformanı əhatə edən bir strukturun tərəfdarıyam. Azərbaycanın milli maraqlarına uyğun fəaliyyət göstərən, milli dövlətçiliyin qədrini bilən bütün qüvvələrin fəaliyyətinin koordinasiya olunmasını arzu edərdik. İndiki mərhələdə isə 8 partiyanın bir araya gələcəyi təşəbbüsünün uğur qazanacağına inanmıram. Çünki həmin partiyaların hər birinin öz ambisiyaları var. Şəxsi və partiya ambisiyaları önə çəkilən yerdə isə hansısa əməkdaşlıqdan danışmaq yersizir". "Azadlıq" sədri bildirib ki, adıçəkilən partiyaların birgə əməkdaşlığına Azərbaycan cəmiyyəti də artıq inanmır. Onun sözlərinə görə, buna səbəb isə yaxın keçmişdə buna bənzər proseslərin olmasıdır: "Ötən illərdə bu kimi əməkdaşlıq formaları təklif edilib, partiyalar bir araya gəlib. Lakin nəticədə həmin əməkdaşlıq formaları heç bir uğura imza atmadan dağılıb. Bu da, təbii ki, Azərbaycan cəmiyyətində bir inamsızlıq yaradıb".
Əhməd Oruc "İctimai Palata"nın kütləvi aksiyalara ara verməsinin səbəbini də açıqlayıb. Bildirib ki, xalq "İctimai Palata"nın təşkil etdiyi kütləvi aksiyalara dəstək vermədiyi üçün bu kimi tədbirlər keçirilmir: "Bəziləri bunu mövsümlə əlaqələndirsələr də, əslində, bu əsaslandırma tamamilə yanlışdır. Xalq kütləvi aksiyalara maraqlı olsa, istənilən vəziyyətdə, mövsümdə həmin aksiyalarda iştirak edər. Konkret olaraq, cəmiyyət bu liderlərin arxasınca getmək istəmir". "DUİ" sədri hesab edir ki, kütləvi aksiyaların təxirə salınmasının digər bir səbəbi də bu kimi tədbirlərə beynəlxalq dəstəyin verilməməsidir: "Keçirilən aksiyalara gözlənilən beynəlxalq dəstək olmadı. "İctimai Palata" ümid edirdi ki, Qərb ölkələri, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi bu məsələdə müxalifətin mövqeyini ciddi şəkildə müdafiə edəcək. Ancaq gözlənilənlər baş vermədi. Təbii ki, bu amil də kütləvi aksiyaların bir müddət təxirə salınmasına təsir göstərən başlıca amillərdəndir".
RÖVŞƏN