PDF Oxu

Müxalifət

  • 32

Ümumi müxalifət “İctimai Palata”dan “kölgə kabineti” ilə bağlı müzakirələrin təxirə salınmasını tələb etdi

Ümumi müxalifət “İctimai Palata”dan “kölgə kabineti” ilə bağlı müzakirələrin təxirə salınmasını tələb etdi

Son günlər radikal müxalifət düşərgəsində diqqətçəkən, marağa səbəb olan proseslər baş verməkdədir. Düşərgədə bir qədər fəal olmaq, özünü göstərmək iddiasına düşən, həmişə "mən öndəyəm" devizinə riayət etmək xülyası ilə yaşayan AXP "lideri" Pənah Hüseynov bu dəfə də fərqlənməyə çalışıb . O, təmsil olunduğu "İctimai Palata"nın Koordinasiya Şurasına "kölgə kabineti"nin yaradılması ilə bağlı təklif göndərib. AXC-Müsavat cütlüyünün 1990-cı illərin əvvəlindəki biabırçı hakimiyyəti illərində nazirlər kabinetinin sədri, yəni baş nazir olmuş P.Hüseynov, deyəsən, həmin xatirələrdən qurtula bilmir. Onun öz xəyallarında qurmuş olduğu "kölgə kabineti" də, məhz ona hesablanıb ki, P.Hüseynova bu adla müraciət olunsun. Amma P.Hüseynov unudur ki, indi təqvimdə 2011-ci ildir və insanları aldatmaq onlara nəsə abstrakt şeylərdən bəhs edərək fantaziya qurmaq mümkün deyil. İndi insanlar daha real şeylərə inanır və onu görmək istəyir. Heç P.Hüseynovun təmsil olunduğu düşərgədə də, onun "kölgə kabineti"nə "xeyirli olsun" deyən tapılmadı. Hətta onun bu sərsəm iddialarını özünə saxlamağı da tövsiyə edən müxalifət təmsilçiləri bir daha belə məsələlərdən danışıb özünü gülünc hala salmamağı məsləhət gördülər. Bundan əlavə, P.Hüseynovun təmsil olunduğu "İctimai Palata"nın kordinasiya şurası bu məsələ ilə bağlı toplantı keçirərək, P.Hüseynova son xəbərdarlıqlarını edib. "İP"-in koordinasiya şurasının üzvü Ədalət Yusifov məlum iclasda "kölgə kabineti"nin yaradılması təklifinin müzakirə edildiyi faktını təsdiqləyib. O, iclasda "kölgə kabineti" ilə bağlı müzakirələrin ziyanlı olduğu və "İP"-ə aid olmadığının bəyan edildiyini də qeyd edib. "Həmçinin, sosial şəbəkələrdə yayılan "kölgə kabineti" siyahısının da "İctimai Palata"ya aid olmadığı qeyd olundu. Məsələnin bu şəkildə davam etdirilməsinin ziyanlı olduğu "İP"-in koordinasiya şurasının üzvlərinin hamısının diqqətinə çatdırıldı" deyən Ə.Yusifov "kölgə kabineti" ideyasını vermiş Pənah Hüseynovdan bu istiqamətdə aparılan müzakirələrin dayandırılmasının tələb olunduğunu vurğulayıb. "Pənah "bəy" də "İctimai Palata"nın koordinasiya şurasının qərarına hörmətlə yanaşdığını və bundan sonrakı təkliflərini koordinasiya şurasının üzvü kimi yox, "İP"-in üzvü kimi verəcəyini bildirdi" deyən Ə.Yusifov bu cür qeyri-ciddi addımların cəmiyyətdə ikrah hissi ilə qarşılandığını da diqqətə çatdırdı.

Baş verənlərə öz münasibətini açıqlayan P.Hüseynov onun qarşısına "kölgə kabineti" mövzusunda müzakirələrin davam etdirilməməsi barədə hansısa tələbin qoyulmadığını bildirib: "Söhbət "Facebook"da anonim şəxs və ya şəxslər tərəfindən verilən informasiyalardan gedir. Anonim adamdan nəyi tələb etmək olar? Əgər Ədalət "bəy" belə bir söz deyirsə, onun fikrinə münasibət bildirmək olar. Ancaq mənə heç nə məlum deyil" deyə P.Hüseynov əlavə edib.

R.Rəsulov

Digər xəbərlər