Müxtəlif zamanlarda bir blokdan digərinə, bir birlikdən başqasına transferlər edən "KAXCP" sədri Mirmahmud Fəttayev "siyasi fəaliyyətini" hələ də təkbaşına davam etdirməkdədir. Belə ki, sonuncu dəfə "DUİ" -dən uzaqlaşaraq, "İctimai Palata"ya bel bağlayan partiya sədri orada da gözlədiyi münasibətə tamarzı qaldı. Daha dəqiq desək, "DUİ"-nin parçalanması istiqamətində atılan addımın arxasında hansı məqamların dayandığını dərk edə bilməyən M.Fəttayev növbəti dəfə oyuna gəldi. Yəni "İctimai Palata"ya kifayət qədər problemlər yaşadan "DUİ" dağıldı və "KAXCP" sədri işlənmiş "salfetka" kimi bir kənara atıldı. Partiya sədri sonradan hər şeyi başa düşsə də gec idi. Artıq öncəki tərəfdaşı, "Azadlıq" partiyasının sədri Əhməd Oruc da onu qəbul etməyərək, bir kənara çəkildi.
Bu gün "İctimai Palata"ya adekvat qurum hesab ediləcək "Xalq Parlamenti" və ya "Kölgə Kabineti" ideyası da mövcuddur ki, "KAXCP" sədri özünü həmin qurumlara sırımağa cəhd edir. Əgər hər hansı müxalifət qurumunda təmsil olunmasa, partiyanın çökməsi daha tez labüdləşə bilər. Ona görə də M.Fəttayev "çulunu sudan quru çıxarması" istiqamətində hər bir addımı atmağa çalışır. Lakin həmin addımları müqabilində özünə sual vermir ki, onu digər müxalifət qurumlarında nə dərəcədə qəbul edirlər? Axı bir partiya sədri kimi, M.Fəttayevin ümumiyyətlə, heç bir nüfuzu qalmayıb və onunla əməkdaşlıq etməyə heç bir müxalifət partiyası can atmır. Ona görə də partiya daxilində bu və bu kimi digər problemlər ucbatından narazılıqlar yaşanır, sədrə qarşı edilən çıxışların sayı getdikcə çoxalır. Bu, özünü "KAXCP"-nin qurultayından sonra daha çox büruzə verir. Əgər onu da nəzərə alsaq ki, partiyanın müxtəlif strukturlarında funksionerlik edənlər dağınıq şəkildə həm "İctimai Palata"da, həm də başqa birlik və bloklarda təmsil olunurlar, onda belə çıxır ki, "KAXCP"-də heç bir idarəçilik hökm sürmür. Yəni M.Fəttayevi orada heç kim saya saymır.
"Altılar"a gəldikdə isə, demək mümkündür ki, "KAXCP" olaraq, bu siyasi təşkilatın orada təmsil olunması həmin qurumun fəaliyyətinə heç bir təsir göstərmir. Eləcə də, demək mümkündür ki, "KAXCP" ilə birgə, o biri partiyaların da məqsədləri, məramları, idarəçilik sistemləri, hansı istiqamətdə "siyasət yürütmələri" bəlli deyil. Ona görə yox ki, həmin müxalifət partiyalarının problemləri başlarından aşır, həm də ona görə ki, yaradılan "altılar" yalnız şəxsi mənafelər üzərində qurulan, şəxsi dividendlər, gəlirlər güdən bir təşkilatdır və yaradılmasının əsas məqsədi xarici maliyyə-donor təşkilatlarından bacardıqca çox pul qoparmaqdır. Hər bir partiya da istəyir ki, əlinə düşən fürsətdən maksimum yararlansın. M.Fəttayevin oradakı varlığı isə, təbii ki, əldə edilə biləcək gəlirlərin bölgüsündə artıqlıq edir. Məhz bu səbəbdən də, "KAXCP"-nin "altılar"dan da çölə atılacağına şübhə etmək olmaz. Bir sözlə, Mirmahmud "bəy" indidən özünə yeni siyasi qurum axtarsa, daha yaxşı olar. Ən azından, özünü sığortalayar. Onu da bacara bilsə...
RÖVŞƏN