Qızmar yay günəşi radikal müxalifət düşərgəsində bütün buzları əridib. Bəziləri qaçıb başlarını sərin yerlərdə gizlətməyə macal tapsalar da, bir çoxları düşərgədə öz mövcudluqlarını göstərməyə cəhd edirlər. Elə bu mənada başbilənləri istirahətə yollanan bir sıra müxalifət yetkililəri "İctimai Palata"nın guya bu qızmar yay günündə fəaliyyətini davam etdirdiyi görüntüsü yaratmaq iddiasındadırlar. Ona görə də, bir neçə gündür ki, müxalifət düşərgəsində özlərini aparıcı "sima" kimi təqdim edən şəxslərin yoxluğu müqabilində bəzən heç saya salınmayan yetkililər indi dırnaqarası aktivlik nümayiş etdirmək niyyətinə düşüblər. Bu mənada, "İctimai Palata" üzvü Vidadi Mirkamalın önə çıxaraq AXCP (i)-nin sədr müavini Gözəl Bayramlı ilə yarışa girişməsi deyilənləri təsdiqləyir. Çünki başqa vaxtlarda adıçəkilən şəxslər müxalifətin başbilənlərinin toplantılarında heç iclas otaqlarının qapılarının önünə belə burxılmırlar ki, nəsə eşidə bilərlər. Maraqlısı odur ki, indi nə baş verdi və dəvənin quyruğu haçan yerə dəydi ki, onların da özlərini "lider" kimi göstərmək şansları oldu. Elə ziddiyətli tendensiyanın qaranlıq cəhətləri də bunlardır. Çünki bu günə qədər müxalifət düşərgəsində o qədər eybəcər və insanlarda ikrah hissi yarada biləcək uyğunsuz hallar olub ki, indi belə proseslərin baş verməsi heç də təəccüb doğurmur. Amma hər bir halda bu cür məsələlərin arxasında bir gizlinin dayanması faktdır. İstənilən halda, Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, müxalifətin çılğın nümayəndəsi AXP üzvü Pənah Hüseynov belə bir halın baş verməsini, yəni onların başlarının üstündən iş görülməsini qəbul etməzdilər. Məsələnin də sual doğuran bir tərəfi bununla bağlı olsa da, digər bir yandan Ə.Kərimovun təcrübəsində belə halların olduğunu müşahidə etmək mümkün olub. Bu mənada onun məhz ikinci, üçüncü, hətta sonuncu dərəcəli əlaltıları vasitəsilə müəyyən "manevrlər" etdiyini görmək heç də çətin olmayıb.
Əli Kərimov İsa Qəmbərovla istirahətdə, əlaltıları isə tər tökməkdə
Artıq bir neçə gündür ki, proseslərin gedişində və müxalifət, daxili məsələlərdə nə İ.Qəmbərovu nə də ki, son zamanlar onunla yaman "canbir-qəlbbir" olmuş Ə.Kərimovu müşahidə etmək olur. Düşərgə daxilindəki mənbəmizin verdiyi məlumata görə 5 gün öncə adıçəkilən hər iki partiya sədri istirahətə yollanıblar. Mənbəmizin çox böyük ehtimalla onların istirahət müddətində birlikdə olacağını da yəqin edib. Eyni zamanda, onların ölkə hüdudlarında kənarda deyil, Nabran və Şamaxı rayonu ərazisində olan istirahət guşələrindən birində dincəlmələrinin də ehtimal olunduğunu mənbəmiz qeyd edir. Əldə etdiyimiz son bilgidə isə hər iki şəxsin ötən gün "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin Şamaxı rayonundakı evindən çıxdıqları bildirilir. Güman ki, onlar bu evi özləri üçün məskən seçməklə istirahətlərinə haqq qazandırmağa çalışırlar. Onu da əlavə edək ki, bir müddət öncə, məlum iyrənc qalmaqallı videokadrlar ucbatından, xaricə qaçdığı söylənilən "Azadlıq" qəzetinin baş direktoru Azər Əhmədovun həmin evdə, yəni Q.Zahidin Şamaxıdakı indi İ.Qəmbərovla Ə.Kərimovun dincəldiyi evində gizləndiyi də təsdiqlənmişdir.
Bütün bu sadalananlar və baş verənlərin müqabilində isə prosesin gedişində adları qeyd olunan şəxslərin oyundan kənara çəkilərək müəyyən məsələləri başqalarının adına yazmaq niyyətləri də açıq şəkildə görünməkdədir. Çünki hazırda "İctimai Palata"da yay böhranı yaşanır və çox güman ki, təşkilat istilərə dözməyərək, öz ömrünü buz kimi əridəcək.
Tapdıq Qurbanlı