"İctimai Palata"nın növbəti sessiyası da qondarma şəraitdə keçdi
Radikal düşərgədə partiyalararası düşüncə tərzləri üst-üstə düşməməklə yanaşı, orada "icad" edilən qurumlar da bir-birləri ilə qətiyyən yola getmirlər. Bu azmış kimi, onsuz da fəaliyyət prinsipləri bəlli olmayan qondarma qurumlar daxilindən yeniləri peyda olur və bu proses düşərgədəki daxili vəziyyəti daha da alovlandırır. Belə bir şəraitdə hər hansı bir "liderin" "güclənməkdən", "bir olmaqdan" dolayı xitablar səsləndirmələri isə onların nə dərəcədə gülünc təsir bağışladıqlarını bir daha sərgiləmiş olur. Bu tipli "xitablardan" birini də Müsavat partiyasının başqanı İsa Qəmbərov "İctimai Palata"nın sonuncu toplantısında səsləndirib. Belə ki, onsuz da həm partiyasında, həm də "İctimai Palata"da öz mövqelərini itirən İ.Qəmbərovun belə pafoslu çıxışları, həqiqətən də, onun çıxılmaz durumda qaldığını yetərincə təsdiqləyir. Onu da qeyd etmək lazımdır ki, istər xalq, istərsə də siyasi ictimaiyyət "İctimai Palata" adlı qondarma quruma barmaqarası baxır, həmin qurumun fəaliyyətini qondarmaçılıq prizmasında müşahidə edir. Ümumiyyətlə, bu qurumun nə sağı, nə də solu bilinir. Belə bir vəziyyətdə Qəmbərovun "bu gün Azərbaycanda iki əsas qüvvə - hakimiyyət və "İctimai Palata" arasında mübarizə gedir" kimi ifadəsi heç bir məntiqə və mənaya sığmayan amillərdəndir. Çünki ölkədə formalaşan vahid xalq-dövlət faktoru onun səsləndirdiyi gülünc ifadə ilə nəinki üst-üstə düşür, eləcə də, heç bir əhəmiyyət kəsb etmir.
Lakin bu da bir yana... Müsavat başqanının səmti-yönü bilinməyən "İctimai Palata" barədə "dünyəvi miqyasda" danışması onun nə qədər dayaz düşüncəli adam olduğunu nümayiş etdirir. Məsələn, o deyir ki, "biz "İctimai Palata"nı formalaşdırmaqla, Azərbaycan siyasətinə yeniliklər gətirdik (?!)
Bu "siyasətbaz" anlamaq istəmir, yaxud qəbul etmək iqtidarına malik deyil ki, Azərbaycan siyasətinə gələn yenilik hələ 1993-cü ilin yayında baş tutub və bu yeniliyin ardıcıl olaraq davam etdirilməsi ölkənin inkişafı, xalqın rifahının yaxşılaşdırılması, Azərbaycanın lider dövlətə çevrilməsi ilə nəticələnib. Hansısa qondarma, zay və lüzumsuz siyasi qurumun isə heç bir siyasətə, o cümlədən, "siyasi yeniliyə" aidiyyatı yoxdur və olmayacaq!
2003-cü ildə həbsdən qorxanın 2011-dəki pafosu
Ayda-ildə bir dəfə, ordan-burdan toplanaraq gah toplantı, gah da "sessiya" keçirən, həmin tədbirlərində bu kimi gülünc ifadələr işlədən Qəmbərov və onun kimi dilə-boğaza qoymayanlar, budəfəki iclaslarında deyiblər ki, guya "palata"nın təsis olunması dünyada gedən proseslərin gedişi səbəbindən irəli gəlib. Vaxtilə parlament seçkilərində uğur qazana bilməyənlərin bu gün dünyadan, onun siyasi ab-havasından dəm vurması da eynən, şüursuzluğun tərənnümü kimi dəyərləndirilməlidir.
Müsavat partiyasında müavini Arif Hacıyevlə yola getməyən İ.Qəmbərovun onun azadlığa buraxılması ilə bağlı "mövqe" nümayiş etdirməsi də boğazdan yuxarı deyilmiş sözdən başqa heç nəyə bənzəmir. Çünki o, vaxtilə-2003-cü ilin oktyabr olaylarında, eləcə də, 2005-ci ilin noyabr hadisələrində yoxa çıxmışdı. Ona görə yox ki, bu adam öz seçiciləri qarşısında utanırdı, belə ki, onda utanan üz olsaydı, hələ o vaxtlar istefaya gedərək, siyasət səhnəsindən üzüsulu gedərdi. Məsələ ondadır ki, Müsavat başqanının həmin zamanlar yoxa çıxması həbs olunmaqdan, kameraya düşməkdən, azadlıqdan məhrum olunmaqdan irəli gələn hal idi. Hətta İ.Qəmbərov 2003 və 2005-ci illərdə həbsxanaya düşmək qorxusundan az qala ruhi xəstəliyə mübtəla olacaqdı. Bu gün isə onun belə bir təhlükə yaşamaması dilinə, necə deyərlər, dilotu qatıb. Ona görə də deyir: "Biz azadlıq uğrunda həbsxana kamerasına girməyə hazır olan adamlarıq" (?!)
Adama deyərlər ki, əgər qorxmursansa, hürkmürsənsə, tərkibində olduğun "İctimai Palata" adından, ya da başqanı olduğun Müsavat adından icazəsiz aksiya keçir və həmin aksiyaların önündə get, həbs olun! Sonra da "azadlıq uğrunda" həbsxana kamerasına girdiyini söylə! Amma bəllidir ki, bu gün A.Hacıyevin də həbsi "azadlıq"la filanla deyil, sırf antidövlətçilik və cinayət məsuliyyəti daşıyan addımlarla bağlıdır. Həmçinin, əgər bunlar Azərbaycandakı azadlığı "görmürlərsə", gedib Ermənistandakı qan iyi verən "azadlığı" dadsınlar. Hər halda, bunlar da qardaşları Serjik kimi qana susamış "azadlıqsevərlərdirlər".
RÖVŞƏN