PDF Oxu

Müxalifət

  • 34

“Ümid” partiyasında Ənvər Ağazadə-Nəsimi Məmmədli dartışması

“Ümid” partiyasında Ənvər Ağazadə-Nəsimi Məmmədli dartışması


"Ümid" partiyasında sədr İqbal Ağazadənin nüfuzu itdikcə, təşkilatda funksionerlərarası dartışmalar daha da artmağa başlayıb. Belə ki, hələ bir müddət öncə, "Ümid"də baş verən istefalar nəticəsində, söhbət İqbal Ağazadənin üstünə qədər gedib çıxmışdı. Daha dəqiq desək, onun müavinləri təşkilatın çöküşünün qarşısını almaqdan ötrü, sədr qarşısında tələb qoymuşdular ki, əgər belə davam etsə, o da öz ərizəsi ilə partiyadan istefaya getməyə məhkumdur. Lakin sonradan bəlli oldu ki, bu, İ.Ağazadənin növbəti "siyasi blefi"dir və bunun vasitəsi ilə birtəhər öz çulunu sudan quru çıxara biləcək. Bir sözlə, "Ümid" sədri sadəcə vaxt qazanmağa nail oldu.

Vərəsəlik savaşına verilən kəskin qərar


Lakin vəziyyət heç də onun istədiyi kimi getmədi. Onun müavinləri Ənvər Ağazadə və Nəsimi Məmmədli bütün mənalarda sədri təkləyiblər və artıq onun istefasını qaçılmaz hesab edirlər. Düzdür, əgər onlar bir az da səy göstərsələr, İ.Ağazadənin istefasına haradasa nail ola bilərlər. Çünki müxalifət partiyalarında belə bir "ənənə" mövcuddur ki, əgər hər hansı partiya sədri istefa verərsə, onu həmin partiyanın "lideri" kimi saxlayırlar. Buna misal kimi AMİP-in keçmiş sədri Etibar Məmmədovu, ALP-nin eks sədri Lalə Hacıyevanı göstərmək mümkündür. Qurultayı keçiriləcək Müsavat partiyasında da sözügedən vasitə ilə İsa Qəmbərovu partiyanın "lideri" edib, taxtından aşağı salacaqlar. Məhz bu vasitə ilə İ.Ağazadənin də siyasi taleyinin həll olunacağı ehtimal doğurur.

Ancaq məsələnin digər tərəfi də mövcuddur. Bu mövcudluq, hələlik, bir qrupda cəmləşən sədr müavinləri Ənvər Ağazadə ilə Nəsimi Məmmədli arasında baş qaldıran vərəsəlik davasıdır. Yəni kimin sədr olacağı uğrunda gedən üstüörtülü savaş bundan sonra aşkar savaşa dönəcək. Bunun üçün qruplaşma daxilində qruplaşma məsələsi mövcuddur. Yəni həm Ə.Ağazadənin, həm də N.Məmmədlinin ayrı ayrılıqda casusları mövcuddur ki, onlar da müəyyən vədlər qarşılığında yuxarıda adları çəkilən funksionerlərə xidmət göstərməkdədirlər. Bundan hələ də nəticə çıxarmağı bacara bilməyən sədr İ.Ağazadə maksimum imkanlarından istifadə etmək üçün, düşərgədəki yaxınlarına və müəyyən biznes tərəfdarlarına ağız açmağa məcbur olub. O, düşünür ki, əgər bəzi səbəblər üzündən sədrlik postunu itirməyə doğru hadisələr cərəyan etsə, bu zaman, pul-para ilə öz mənafelərini bərpa edə biləcək.


Görünməyən qüvvələrin tələbi


Fəqət, başqa tərəfdən də məlum olub ki, "Ümid" partiyasında görünməyən daxili qüvvələr də mövcuddur. Həmin qüvvələr partiyadan həm İ.Ağazadənin, həm də müavinlərinin getməsi uğrunda mübarizə aparırlar. Partiyadakı məlumatlı mənbədən sızan xəbərlərə görə, bu qüvvələr İ.Ağazadə qarşısında şərt qoyublar. Şərtlər isə, ondan ibarətdir ki, ya İ.Ağazadə partiyanın siyasi baxışlarında müəyyən dəyişikliklər edərək, loyallığa üstünlük verməlidir, ya da ümumiyyətlə, kənara çəkilərək, heç bir mövqe ortaya qoymadan, sədrlikdən istefa verməlidir. "Ümid" sədri isə həm acizlik, həm də seçim qarşısında qalıb. Bu, həm də onun tükəndiyinə olan işarədir.


RÖVŞƏN

Digər xəbərlər