Radikal müxalifət düşərgəsində təmsil olunan siyasi partiyaların bir-birinin ardınca keçirdiyi qurultayları nəticə etibarı ilə həmin təşkilatların iflasına doğru atılan addım kimi qiymətləndirilir. Nəzərə alsaq ki, öncə "KXCP"-nin, ardınca isə AXCP (i)-nin keçirdiyi qurultaylar ciddi qarşıdurmalar ilə yekunlaşdı, o zaman qeyd edilənlərin həqiqətə nə qədər yaxın olduğunu görərik. Məsələn, "KXCP"- dəki istefalar, AXCP (i)-dəki daxili narazılıqların hər birinin mütləq sonluğu qarşıdurmalarla sonuclanır.
Belə sonluğun Müsavat partiyasında da mövcudluğu artıq indidən özünü bəlli edib. Partiyanın uzun müddətdir ki, keçirmək istədiyi qurultay vaxtının hələ də dəqiq olaraq müəyyənləşdirilməməsi, başqanlıq postu uğrunda mübarizənin tərkib hissəsidir. O cümlədən, demək mümkündür ki, süni olaraq, qurultayı gecikdirən başqan İsa Qəmbərov bunu yalnız öz xeyirinə edir. Yəni partiyanın ali postunda daha çox müddət qalmağı planlaşdırır. Ancaq onun bu tipli oyunbazlıqlarına bəlli olan həm funksionerlər, həm də sıravilər artıq başqana qarşı heç bir bağışlama mövqeyində dayanmırlar. Ona görə də Müsavatın, hələ ki, ilin sonlarına planlaşdırdığı qurultayın baş tutması mümkün ola bilər. Çünki İ.Qəmbərovun başqa qaçış və çıxış yolu qalmayıb. O, ən azından dekabr ayına qədər Müsavat partiyasına rəhbərlik edə biləcək. Digər maraqlı nüans isə odur ki, başqan müavini Arif Hacıyevin həbs müddətinin uzadılması bir tərəfdən İ.Qəmbərova sərf edir, başqa tərəfdən isə sərf etmir. Belə ki, A.Hacıyev ən azından öz başqanına, digərlərindən fərqli olaraq, az-çox sədaqət nümayiş etdirirdi. O, çox gözəl bilirdi ki, başqan getsə, onun yerinə ən real namizəd də məhz A.Hacıyevin özü olacaq. Lakin müavinin həbsi bütün detalları dəyişdi. Artıq İ.Qəmbərovun yanında A.Hacıyev yoxdur. Bundan sonra demək olar ki, təkbaşına qalan Müsavat başqanı yalnız ona qarşı olan partiyadaxili hücumları dəf etməlidir.
Belə bir vəziyyətdə, təbii ki, Müsavat başqanı postu uğrunda mübarizə daha da qızışır, öz normal oxundan çıxaraq, təşkilatda ciddi deformasiyaların yaranmasına daha geniş şərait yaradır. Məhz bu əsnada hələ partiyanın öncəki qurultayında başqan olmaq iddiasını ortaya qoyan Vurğun Əyyubov faktoru ortaya çıxıb və hazırda onun ətrafında kifayət qədər tərəfdar mövcuddur. Xatırladaq ki, hələ bir neçə gün öncə V.Əyyubov bəyan etmişdi ki, Müsavat partiyası müxalifət partiyası olmaqdan çox-çox kənar olan bir siyasi təşkilatdır. Bununla o, işarə edib ki, partiyanın hazırkı vəziyyətdə olmasına ilk baiskar başqan Qəmbərovdur. Bu, həm də bir növ özünütəbliğ kampaniyası kimi də qəbul edilir. Belə ki, V.Əyyubov hələ də Türkiyədə olmasına rəğmən, Bakıdakı tərəfdarları ilə məsləhətləşmələr aparıb və yuxarıda qeyd edilən qərara gəlib. Keçiriləcəyi vaxtından asılı olmayaraq, Müsavat partiyasında başqan olmaq istəyən digər funksionerlər- partiyanın divan üzvü Nəsiman Yaqublu, "Yeni Müsavat" qəzetinin baş yazarı Rauf Arifoğlu, müavinlər Tofiq Yaqublu və Gülağa Aslanlı arasında da ciddi. barışmaz və qətiyyətli mübarizə getməkdədir. Onların hər birinin öz qruplaşması və gizli xəfiyyələri mövcuddur ki, partiya daxilində söz aparıb gətirməklə, bir-birlərinin sirlərini öyrənirlər. Lakin V.Əyyubovun adamları hələ ki, gözləmə mövqeyində dayanıblar. Bu isə Türkiyədə yaşayıb-işləyən Əyyubovun ani hücumu ilə nəticələnəcək.
Hadisələri analiz edərkən belə bir qənaətə də gəlmək mümkündür ki, Müsavat partiyası nəinki qurultayda və ya qurultaydan sonra, hətta qurultaya bir müddət qalmış dağılmaq təhlükəsini yaşaya bilər. Yəni nəyin bahasına olursa-olsun, başqan olmaq istəyən hər bir kəs partiyadan ayrılaraq, ikinci, üçüncü, dördüncü, hətta beşinci Müsavat partiyasını yarada bilərlər. Belə olan təqdirdə, bütün vəziyyətlərdə uduzan yenə də Müsavat partiyasıdır. Çünki bu partiya yalnız uduzmağa məhkum olunub.
RÖVŞƏN