PDF Oxu

Müxalifət

  • 33

Müsavatın qurultayında nələr baş verə bilər?

Müsavatın qurultayında nələr baş verə bilər?

Son vaxtlara qədər Yaxın Şərq ölkələrində baş verənlərin təsiri ilə radikal müxalifətin fəallaşması və "inqilab" eyforiyasına girməsi düşərgə daxilində bir sıra prosesləri əngəllədi. Konkret desək, Müsavat, müvəqqəti olaraq, parçalanmadan və kütləvi şəkildə dağılmaqdan qurtuldu. Ən azı keçici bir dövr üçün. Xatırladaq ki, azsaylı elektoratının ümidlərinə baxmayaraq, AXCP (i)-Müsavat ittifaqı parlament seçkilərindən uğursuz çıxmışdı.

Gözlənilirdi ki, bu iki partiyanın birliyi ən azı 2005-ci ildəki "effekti" verəcək, müxalifət birtəhər toparlanacaq, güc mərkəzinə çevriləcək və alternativ qismində olaraq çıxış edəcək. Amma belə olmadı. AXCP (i) ilə Müsavatın ittifaqı heç bir ciddi nəticəyə çevrilmədi. Yəni siyasi proseslərə təsir rıçaqı yaranmadı. Seçkilərdən sonra isə, ənənəvi olaraq daha radikal partiya o biri müttəfiqinin qəniminə çevriləcəkdi. AXCP (i) isə, qəti halda seçkidən sonra Müsavatı tamamilə sıradan çıxarmağı düşünürdü. Qış aylarında AXCP (i)-nin Müsavatı dağıtmaq planı işə düşmüşdü. Öncə AXCP (i) ilə sıx münasibətlərə malik olan İbrahim İbrahimli Müsavatın Divan üzvlüyündən istefa verdi. Ardınca Adil Qeybulla, Qabil Hüseynli və nəhayət, Məclis sədri Sülhəddin Əkbər Müsavatdan istefa verdilər. Bu istefalar Müsavat Divanında keçirilən müzakirələrdən sonra baş verdi. Xatırladaq ki, hələ seçkilər dönəmində Müsavat və AXCP (i) rəhbərləri iki partiyanın birləşəcəyini bəyan etmişdilər. Birləşmə missiyasına Müsavatdan İbrahim İbrahimli, AXCP(i)-dən isə Fuad Qəhrəmanlı başçılıq edirdi. Lakin seçkidən sonra Müsavat rəhbərliyi qəfildən mövqelərini dəyişdilər. Hətta belə bir rəy vardı ki, onları buna AXCP (i)-nin gizli niyyəti vadar edib. Siyasi kuluarlarda dolaşan xəbərlərə görə, AXCP (i) Müsavatın bəzi funksionerləri ilə separat danışıqlara gedərək razılıq əldə ediblər. Razılığa əsasən, onların birləşmə qurultayında Müsavatın partiya olaraq AXCP (i)-yə "birləşmə"sini təmin etməli, AXCP (i) rəhbərliyii vahid partiyanı ələ keçirməli, İsa Qəmbərov başda olmaqla Müsavat rəhbərliyi kənarda qalmalı idi. Plan vaxtında ifşa edildi və Müsavat Divanı birləşmə məsələsini təxirə saldı. İstefalar məhz bundan sonra reallaşdı. Planları pozulmuş Müsavat funksionerləri partiyadan getmək məcburiyyətində qaldılar. İstefaların ardınca AXCP (i)-nin Müsavatı dağıtmaq planı işə düşməli idi. Cəbhə funksionerləri eynilə 2000-ci ildəki kimi Müsavatın rayon təşkilatlarına müraciət edəcək, İsa Qəmbərov-Arif Hacıyev cütlüyünün "birləşmə" ilə bağlı öhdəliyi pozduqları bildiriləcək, müsavatçıları "birləşmə" qurultayına "hə" deməyə çağıracaqdılar. Lakin araya məlum Misir inqilabı düşdü, radikal müxalifətin başı qarışdı, Sülhəddin Əkbər və müttəfiqlərinin istefası boşuna getdi. AXCP (i) xaricdən gələn sifariş əsasında Müsavatla müttəfiqliyi möhkəmləndirmək məcburiyyətində qaldı. Planın pozulduğunu göstərən faktlardan biri Qabil Hüseynli ilə birgə istefa verən Adil Qeybullanın geri-Müsavata qayıtması oldu. Halbuki bu iki şəxs istefa verəndən sonra Müsavat və İsa Qəmbərov əleyhinə olmazın sözlər işlətmiş, hətta təhqirə yol vermişdilər. Adil Qeybulla İsa Qəmbər haqqında "bu adam çaşır" ifadəsini işlətmiş, Qabil Hüseynli daha ağır ifadə ilə İsa Qəmbəri aşağılamışdı. İki həftə keçməmiş hər şey unuduldu və Adil "həkim" Müsavata qayıtdı. Qabil Hüseynli geri qayıtmasa da, Müsavat haqqında sərt danışmadı.

Son günlər müşahidə edilən müvəqqəti sakitlik isə, Müsavatın bəladan qurtardığını deməyə əsas vermir. AXCP (i) payızda Müsavat üçün tələ hazırlayır. Müsavatın qurultayında birləşmə məsələsi yenidən gündəliyə çıxarılacaq. Və Müsavat rəhbərliyinə təzyiqlər ediləcək. Qurultaya qədər isə AXCP (i) istefa verənlərin əli ilə Müsavatın olan-qalan elektoratını ələ keçirməyə çalışacaq. Payız isə, elə də uzaqda deyil.


Rəfiqə

Digər xəbərlər