Bir müddət öncə Müsavat partiyasının yürütdüyü siyasi xəttə etiraz əlaməti olaraq bu qurumdan imtina etmiş şəxslərin sonrakı fəaliyyətləri bir çoxlarının narahatçılıqlarını bir qədər də artırıb. Bunların sırasında Müsavat partiyasının başqanı İsa Qəmbərovu xüsusi ilə qeyd etməmək diqqətsizlik olardı.
Çünki yoldaş Qəmbərov Müsavat partiyasında yüksək postlar tutmuş şəxslərin sonradan qurumdan imtina edərək, kənarda özlərinə siyasi və ictimai bir təşkilat yaratmasına böyük qısqanclıqla, özünə qarşı növbəti mane səviyyəsində qiymətləndirir. Addımlayarkən öz kölgəsindən qorxuya düşüb, ürkək qalan İ.Qəmbərov üçün sabiq tərəfdaşlarının təşkilatlanması arzuolunmaz bir yuxu kimi görünür. Ona görə də, başqan tərəfdarlarına və əlaltılarına tapşırıb ki, sabiq müsavatçılardan kim nə işlə məşğul olsa ona dərhal məlumat verilsin. Məhz bu səbəbdən də, bir neçə gün öncə İ.Qəmbərova sabiq Müsavat məclis sədri Sülhəddin Əkbərin təşkilat yaratması ilə bağlı şok xəbər verilməsi də onun narahatçılığının pozulması ilə müşahidə olunmuşdu. Elə bununla bağlı dərhal S.Əkbərin təşkilatının konturları və istiqamət xətti ilə bağlı İ.Qəmbərov ətraflı məlumat verilmişdi. Çünki S.Əkbərin təşkilat yaratması və ictimai-siyasi proseslərə təsir imkanları əldə etməsi digər müsavatçıların da diqqətini cəlb edib. Ona görə də, Müsavat rəhbərliyi əks-tədbirlər haqqında düşüncəyə dalıb. Müsavatın yuxarı eşalonlarında düşünürlər ki, sabiq müsavatçıların özləri üçün ictimai-siyasi müstəvidə təşkilatlanması digər şəxslərin də qurumdan uzaqlaşmasına imkan yarada bilər. Məhz bu təhlükəli tendensiyasının qarşısının alınması üçün nə başqan Qəmbərovun, nə də onun quyruq bulayanlarının gecə-gündüzü yoxdur. Onlar harada bir toplantı, tədbir adı eşidən kimi dərhal orada olub, İ.Qəmbərova informasiya ötürürlər. Başqan bu məsələdən təşviş yaşadığı üçün əlaltılarına da, ayıq-sayıqlığı qorumağı, sabiq müsavatçıların hərəkətlərinin hər bir detalı barədə onda kifayət qədər informasiyanın olması tələbini qoyub. Müsavatdan üz döndərənlərin sonradan daha fəal şəkildə cəmiyyət həyatında iştirakından öz narahatçılıqlarını gizlədə bilməyənlər və bu cür halların onların ifşası ilə nəticələnəcəyindən əndişələnənlərdir. Qeyd edək ki, Müsavat Məclisinin sabiq sədri S.Əkbərin yeni təşkilatı "Avroatlantik Şura" adlanacaq. Təşkilatda "Ehtiyatda olan zabitlər" İctimai Birliyi və "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərləri, ehtiyatda olan polkovnik İldırım Məmmədli, sabiq Müsavat funksioneri İbrahim İbrahimli və digər şəxslər də təmsil olunacaq.
Əlavə edək ki, S.Əkbər və İ.İbrahimli Müsavat sıralarından istefa verəndən bir müddət sonra yeni siyasi təşkilat yaradacaqlarına dair məlumatlar yayılmışdı. İndi isə bu təşkilatın sonradan siyasi quruma çevriləcəyinə dair fikirlər səslənməyə başlayıb.
Tapdıq Qurbanlı