PDF Oxu

Müxalifət

  • 36

Sərdar Cəlaloğlu Əli Kərimovu və İsa Qəmbərovu ittiham etdi

Sərdar Cəlaloğlu Əli Kərimovu və İsa Qəmbərovu ittiham etdi

"AXCP (i) və Müsavat partiyaları və onların sədrləri özlərini siyasi məhvə sürükləyirlər". Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, AXCP (i) və Müsavat partiyaları özlərini digər partiyalardan üstün hesab edirlər, ona görə də müxalifətin geniş birliyinə qoşulmaq istəmirlər: "Azərbaycan müxalfətinin geniş birliyinin alınacağına inanmıram. Çünki indiki halda AXCP (i) və Müsavat müxalifətin geniş birliyinin əleyhinədirlər. Müxalifətin monopoliya siyasətini davam etdirirlər. Onlar bu siyasətdən imtina etməyincə, müxalifətin geniş birliyini yaratmaq mümkün olmayacaq".

Müxalifət daxilində baş verən bu tip intriqaların davamlı xarakter alması, ümumiyyətlə, şəxsi müstəvini də əhatə etməkdədir. Belə ki, bu istiqamətdə dəfələrlə partiya sədrləri arasında şəxsi ədavətlər baş vermiş və bu şəxsi ədavətlərin nəticəsi partiyalararası savaşa qədər yüksəlmişdir. Eyni zamanda, burada siyasi təşkilatların "ana müxalifət" olmaq uğrunda apardıqları düşmənçiliyi də göstərmək mümkündür. Xüsusən də, AXCP (i)-Müsavat partiyalarının sözügedən şəraitdə monopolist davranışları digər partiyaların qıcıqlanmasına səbəb olmaqdadır. Xatırladaq ki, Sərdar Cəlaloğludan daha öncə "Azadlıq" partiyasının sədri Əhməd Orucov da adlarıçəkilən siyasi təşkilatları və onların sədrlərini yetərincə ittiham etmişdi. Belə demək mümkündür ki, "Azadlıq" sədri ilə ADP sədrinin mövqeləri bu əsnada üst-üstə düşür.

ADP sədri onu da hesab edir ki, AXCP (i) və Müsavat partiyası uzun illər parlamentdə təmsil olunublar və ona görə özlərini hər zaman digər müxalifət partiyalarından üstün sayırdılar. Lakin bu dəfə parlamentdən kənar qalmaları onların digər variantlardan istifadə etmələrinə şərait yaratdı. Daha dəqiq desək, müxtəlif "birlik" və bloklar yaratmaq istəyi ilə, özlərini "öncül" göstərən Ə.Kərimov və İ.Qəmbərov cütlüyü bundan maksimum istifadə etmək niyyətini güdürlər: "Son parlament seçkilərindən sonra nə Müsavat, nə də AXCP (i) parlamentə buraxıldığına görə, bu iki partiya digər partiyalardan üstün olduqlarını başqa formada göstərmək istəyirlər. Onlar dünənə qədər ona görə üstün idilər ki, hökumət onlara mandat vermişdi. Bu gün isə, onların fikrincə, özləri əsil müxalifət, yerdə qalanlar isə satqın və ya zəif partiyalardır. Halbuki bundan əvvəlki dönəmlərdə zəif adlandırdıqları partiyalar onların ən yaxın dostları idi və onlarla bir blokda fəaliyyət göstərirdi".

Baş verənlər bir daha onu deməyə əsas verir ki, radikal müxalifət düşərgəsinin işi-gücü yalnız şəxsi mənafelərini güdməkdən ibarətdir və belə addımların atılması bilavasitə bütün düşərgəyə sirayət edir. Sonucunu isə indidən proqnozlaşdırmaq elə də çətin məsələ deyil.


RÖVŞƏN

Digər xəbərlər