Bəzən müxalifət düşərgəsində təmsil olunan partiya müavinləri və funksionerləri də öz fəaliyyətsizliklərini etiraf etməyə məcbur olurlar. Bu isə, onu sübut edir ki, istər seçki dövrü, istərsə də qeyri-zamanlar həmin partiyaların vəziyyəti heç də dəyişilmir.
Daha dəqiq desək, müxtəlif bəhanələrlə fəaliyyətsizliklərini ört-basdır etməyə cəhd göstərən radikal düşərgə mənsubları öz günahlarını digər partiyalarda axtarmağa başlayırlar. Belə ki, ADP sədrinin müavini Həsrət Rüstəmov da bu kimi açıqlama verməklə, dolayısı ilə öz fəaliyyət sistemlərində ciddi nasazlıqların olmasını etiraf edir: "Ölkədəki siyasi partiyaların tam əksəriyyəti təki, bizdə də avqust ayında müəyyən fəaliyyət zəifləməsi var. Seçkilər olmayan bütün illərdə olduğu kimi, bu ayda rəhbərliyin əsas hissəsi məzuniyyətdədir".
Bu isə, onu deməyə əsas verir ki, H.Rüstəmov "məzuniyyət" amilini qeyri-ciddiliklə ortaya atır və bununla birtəhər təmsil olunduğu partiyanı sığortalamağa cəhd göstərir. Həmin sığortalanmalardan biri də odur ki, guya partiya rəhbərliyi yay ayından sonra, "ciddi fəaliyyət göstərəcək". Belə ki, onun sözlərinə görə, rəhbər heyət "məzuniyyətdən" qayıdandan sonra, fəaliyyət tam "intensivliklə davam etdiriləcək". Sentyabrda isə ADP Ali Məclisinin iclasının keçirilməsi nəzərdə tutulur. İclasda ölkədəki ictimai-siyasi vəziyyət nəzərdən keçiriləcək.
Lakin bu arada, ADP sədrinin müavini "İctimai Palata"ya da daş atmağı unutmayıb. O bildirib ki, ADP ilə "İctimai Palata" arasında münasibətlərə gəldikdə isə, onlar pozulmuş olaraq qalır. H.Rüstəmov situasiyaya münasibət bildirərkən, qarşı tərəfin mövqelərinin əvvəlki təki qaldığını deyib. Yəni "İctimai Palata"nın ADP-yə qarşı münasibəti dəyişməsə, ADP-nin də həmin quruma qarşı mövqeyi sərt olaraq qalacaq: "İctimai Palata" ilə münasibətlərimizə gəldikdə isə, bu qurumun fəaliyyətində və mövqeyində dəyişikliklər olmayınca, bizim münasibətlərdə də hər hansı dəyişikliklər baş verən deyil. Amma indilikdə ciddi dəyişiklik yoxdur - nə bizim münasibətimizdə, nə də onların fəaliyyətində".
ADP sədrinin müavini bütövlükdə "palata"da avtoritar rejimin hökm sürüldüyünü və bu rejimin baiskarları olaraq, AXCP (i)-Müsavatın dayandığını da aşkar şəkildə ifadə edib: "Nə qədər ki, həmin partiyaların rəhbərliyində dəyişikliklər olmayacaq, o vaxta qədər də müxalifət düşərgəsində birliyin formalaşması xəyal olaraq qalacaq".
RÖVŞƏN