Müxalifətdaxili durumda vəziyyətin heç də normal səviyyədə olmaması nəinki partiya sədrləri arasında, eləcə də, politoloqlar səviyyəsində müzakirə edilir.
Belə ki, vaxtilə Müsavat partiyasında müəyyən nüfuzu olmuş, sonradan isə partiyada gedən avtoritar rejimə etiraz əlaməti olaraq, oradan istefa vermiş politoloq Qabil Hüseynli, ümumilikdə, müxalifət düşərgəsində baş verən qeyri-sabit duruma münasibət bildirərkən deyib ki, ölkədəki müxalifət qüvvələrinin birləşməsi, vahid mərkəzdə bir araya gəlməsi ilə bağlı bir çox təşkilatlar və strukturlar, o cümlədən, "İctimai Palata" çoxsaylı nikbin açıqlamalar verir: "Lakin əfsuslar olsun ki, müxalifətin belə nikbin rəylərini bölüşmək çətindir".
Onun sözlərinə görə, indiyədək atılan addımlar və edilən bütün səylərə rəğmən müxalifət düşərgəsində nisbi də olsa, birlik əldə edilməyib. Hər zaman birləşmək ideyasını ortaya atdıqları zaman isə, əks-təsirlər nəticəsində ayrılmalar baş verir. Bütün bunlar isə, bir-birlərindən "daha ağıllı olmalarını" sübuta yetirmək üçün edilir. Yəni onlar olan-qalan enerjilərini bir-birləri ilə polemikalara və qarşılıqlı ittihamlara sərf etməklə, tükənirlər. Belə ki, digər tərəfdən, müxalifət partiyalarının heç birində səviyyə yox dərəcəsindədir: "Birliklə bağlı açıqlamalar verən təşkilatların potensialı ictimai fəallığı artırmaq gücündə deyil. Eyni zamanda, siyasi partiyalar bir-birləri ilə dil tapmaqda çətinlik çəkirlər. Bəzən də enerjilərinin əksər hissəsini qarşılıqlı ittihamlar və polemikaya sərf edirlər. İctimai-siyasi proseslərə təkan verə biləcək, onları bəlli hədəflərə yönəldəcək nə təşkilatlanma səviyyəsi var, nə də "İctimai Palata"nın ideoloji tezislərini siyasi partiyaların fəaliyyətində və yolunda sezmək mümkün deyil."
Q.Hüseyinli, həmçinin, düşərgə rəhbərlərinin boş-boş vədlərlə özlərini aldatdıqlarını da dilə gətirib. Eyni zamanda, "müxalifətin gənclər siyasəti" də eks-müsavatçı politoloq tərəfindən pislənilib. Belə ki, baş verən icazəsiz aksiyalarda gənclərin iğtişaşlardakı iştirakı pislənilib: "Doğrudur, müəyyən vədlər verilir, amma sonradan həmin vədlər, bir qayda olaraq, gənclərin qatıldığı lokal tədbirlər vasitəsilə ictimai rəyə təqdim edilir. Belə tədbirlər ictimai-siyasi prosesləri onların sözdə arzu etdikləri kimi fəallaşdıra bilməz, nə də cəmiyyəti aktivləşdirməz".
Azərbaycanın müxalifət düşərgəsində təmsil olunan qüvvələrin çox problematik arzularla yaşadığını deyən Q.Hüseyinli, onu da vurğulayıb ki, onların öz arzularını gerçəkləşdirmələri qeyri-mümkün olacaq. Çünki onların, ümumiyyətlə, potensialları yoxdur: "Arzuları gerçəkləşdirmək üçün potensial gərəkdir. O potensial isə bəhs etdiyim bəyanatlarla çıxış edənlərdə azdır".
RƏFİQƏ